Azərbaycan da seçimini etməlidir

Balanslaşdırılmış siyasət yürütmək belə bir həssas bölgədə yerləşən dövlət üçün çox çətindir



"Hesab edirəm ki, Azərbaycan əsasən Qərbin siyasi iqtisadi və təhlükəsizlik strukturlarına inteqrasiya yolunu tutmalı idi”.

Bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından 2015-ci ilin yekunlarına və 2016 -cı ildəki perspektivlər mövzusunda keçirdiyi mətbuat konfransında bildirib. Ekspert qeyd edib ki, onsuz da ordumuz NATO strukturuna çox yaxındır: "Çox təəssüf ki, biz Avropa Birliyi ilə Assosiativ anlaşma imzalamadıq. İqtisadi və sosial vəziyyətimiz getdikcə ağırlaşır. Manat devalvasiyaya uğrayır. Düşünürəm ki, indiki zamanda bu danışıqları sürətləndirmək lazımdır və assosiativ sazişin imzalanması bu baxımdan önəmlidir”.

Ekspert diqqətə çatdırıb ki, ölkəmiz 2000-ci ildən başlayaraq balanslaşdırılmış xarici siyasət yürüdür: "Bu siyasəti yürütmək belə bir bölgədə yerləşən dövlət üçün çox çətindir. Baxın, Ermənistan seçimini edib, konkret Rusiya meyilli siyasət yürüdür və Qərbin təzyiqi ilə üzləşmir. Qərbdən heç kəs ona demir ki, Azərbaycan torpaqlarından çıxmaq lazımdır. Gürcüstan da seçimini edib. O isə Qərbə inteqrasiya yolunu tutub. Bircə Azərbaycan balanslı siyasət yürüdür. Amma son zamanlar görürük ki, bu siyasət özünü doğrultmur. Məsələn, Qərblə münasibətlərdə soyuqluqlar yaranıb”.

Ayyət Əhməd