“Azərbaycan əlavə qan tökülməsini istəmir”
“Beynəlxalq təşkilatlar bunu qəbul etməlidirlər ki, hər şeyin bir limiti var”
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub. Müdafiə Nazirliyindən Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Son günlər ermənilərin təmas xəttində atəşkəsi dəfələrlə pozması və bu addımların arxasında hansı planların olmasından danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli bildirib ki, həll prosesinə cavabdeh dairələrin münaqişəyə ikili münasibəti də cəbhə zonasında vəziyyətin gərginləşməsində özünəməxsus rol oynayır: "Nə qədər ki, Minsk Qrupu və digər beynəlxalq təşkilatlar tərəfindən işğalçı ilə işğala məruz qalan tərəfə münasibətdə bərabərlik işarəsi qoyulacaq, işğalçı öz adı ilə çağrılmayacaq, münaqişənin həllilə bağlı hər hansı ciddi addımların atılması şansları da bir o qədər buxovlanacaq. Hesab edirəm həmsədrlər də gözəl dərk edir ki, münaqişənin yaranmasının, onun bu vəziyyətdə saxlanılmasının səbəbkarı və torpaqlarımızı işğal altında saxlayan da Ermənistandır. Buna baxmayaraq, Ermənistana münasibətdə hər hansı hüquq çərçivəsində addımlar atılmır. Bu məsələdə bəzən paralellər aparmaq istəyirəm. Hesab edirəm ki, yerlər dəyişsəydi, yəni Azərbaycan Ermənistan torpaqlarının 20 faizini tutsaydı, onda ölkəmizə qarşı çoxsaylı sanksiyalar, beynəlxalq embarqolar tətbiq olunardı. Lakin torpaqlarımızı işğal edən Ermənistana münasibətdə bunun şahidi olmuruq. Torpaqlarımız işğalda olsa da, heç bir beynəlxalq birlik bununla bağlı qətiyyətli addım atmır. Zənnimcə, burada böyük dövlətlərin geopolitik maraqları xüsusi rol oynayır. Həmsədrlər indi ən çox atəşkəs rejiminin qorunub saxlanılması ilə maraqlanır. Atəşkəs rejiminin pozulması onların regionla bağlı maraqlarına xidmət etmir. Bu səbəbdən də maksimum çalışırlar ki, atəşkəs rejimini saxlasınlar. Amma atəşkəs Ermənistan tərəfindən pozulanda da onu cəzalandırmaq deyil, sadəcə olaraq, bütün güclərini əvvəlki vəziyyətin bərpa olunmasına yönəldirlər. Bundan uzağa gedəcək addımlar ata bilmir və yaxud atmaq istəmirlər. ATƏT-in Minsk Qrupu ancaq onunla öyünür ki, onların müdaxiləsi olmasaydı, atəşkəs rejimi çoxdan aradan qalxmışdı. Müharibənin başlamamasını özlərinin ən böyük nailiyyəti hesab edirlər. Halbuki, əsas nəticədir, torpaqlar işğal altındadır və onun həlli yolları tapılmayıb. Beynəlxalq birliyin məsələyə passiv reaksiyası Rusiyanın istəyinin hər zaman nəzərə alınması ilə bağlıdır. Bir anlıq təsəvvür edək ki, Ermənistan-Azərbaycan münaqişəsində Rusiya faktoru yoxdur. Belə olan təqdirdə hesab edirəm ki, beynəlxalq birliyin özünə ehtiyac qalmazdı. Azərbaycan münaqişəni sürətlə həll edərdi. Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinə görə Rusiya ilə münasibətləri korlamaq istəmir. Ona görə də münaqişə ətrafında hazırda belə bir vəziyyət yaranıb. Rusiya özünün MDB məkanında monopolist mövqeyini əlində saxlamaq istəyir. 2012-ci ildə Moskvanın qəbul etdiyi xarici siyasət konsepsiyasında da aydın şəkildə yazılıb ki, MDB məkanı Rusiyanın xarici siyasətində prioritet məkandır. Bu səbəbdən də münaqişənin həllində heç bir real irəliləyişə nail ola bilmirik”.
Cəbhədəki gərginliyin artması fonunda Dağlıq Qarabağda yenidən savaş başlama ehtimalına gəldikdə isə politoloq deyib ki, Azərbaycan dövləti bu münaqişənin dinc yolla həllinə üstünlük verir və dövlətimizin problemin həlli yolunda antiterror əməliyyatlarına başlamamasının əsas səbəbi hələ ki, danışıqlar yolu ilə münaqişənin həlli limitinin tükənməməsidir. Onun sözlərinə görə, Azərbaycan bu münaqişəni hərbi yolla həll etmək hüququna malikdir: "BMT nizamnaməsinin 51-ci maddəsində yazılıb ki, ərazisi təcavüzə məruz qalan dövlətlərin kollektiv və ya fərdi şəkildə özünümüdafiə hüquqları var. Bu nöqteyi-nəzərdən Azərbaycan həmin maddəyə, həmçinin qəbul edilən 4 qətnaməyə, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı elan etmələri ilə bağlı qəbul etdikləri qərarlara əsaslanaraq münaqişənin hərbi yolla həlli hüququna malikdir. Ancaq Azərbaycan bu problemi dünya birliyinin qəbul etdiyi qanunlar çərçivəsində həll etməyə çalışır. Bu gün dünyanın üzləşdiyi ən böyük problem beynəlxalq terrorizmlə bağlıdır. Son zamanlardakı terror aktları bir daha bunu təsdiqləyir. Belə olan təqdirdə Azərbaycan dövləti antiterror əməliyyatları həyata keçirib öz torpaqlarını geri qaytarmaq hüququna malikdir. Sadəcə, Azərbaycan tərəfi əlavə qanlar tökülməsin deyə beynəlxalq təşkilatların dəstəyi ilə bu məsələni sülh yolu ilə həll etməyə səy göstərir. Ancaq beynəlxalq təşkilatlar bunu qəbul etməlidirlər ki, hər şeyin bir limiti var. Aparılan danışıqlar prosesini Ermənistan tərəfi bundan sonra da yubatmağa çalışsa, Azərbaycan dövləti məsələni müharibə yolu ilə həll etmək üçün siyasi qərarlar qəbul etmək iqtidarındadır. Bu müharibə antiterror əməliyyatları çərçivəsində keçirilə bilər. Bu problemi beynəlxalq təşkilatlar daha ciddi şəkildə dərk etməli və məsələnin dinc yolla həll olunması üçün Ermənistan hökumətinə təzyiqləri artırmalıdır. Əks halda, arzuolunmaz hadisələr baş verəcək və Azərbaycan antiterror əməliyyatlarına başlayacaq”.
Şəymən