"Azərbaycan manatı bir az da güclənə bilər”

Əkrəm Həsənov: "O bilər ki, Rusiyaya qoyulan sanksiyalar neftin qiymətinin bahalaşmasına gətirib çıxarsın. Bu zaman təbii olaraq, manatın məzənnəsi də yüksələcək"




"Manatın məzənnəsində müxtəlif vaxtlarda azalma, artma müşahidə oluna bilər, amma ciddi dəyişiklik olmayacaq”.

Bunu "Sherg.az”a iqtisadçı -ekspert Əkrəm Həsənov söyləyib. 

O qeyd edib ki, Azərbaycanın valyuta gəlirləri ancaq neftdən əldə olunur:

"Ona görə, manatın məzənnəsinə təsir edən yeganə amil neftin qiyməti olacaq. Rusiya rublu və Türkiyə lirəsinin ucuzlaşması Azərbaycan manatına ciddi təsir göstərə bilməz. Əksinə, ola bilər ki, Rusiyaya qoyulan sanksiyalar neftin qiymətinin bahalaşmasına gətirib çıxarsın. Bu zaman təbii olaraq, manatın məzənnəsi də yüksələcək. Amma vəziyyət indiki kimi davam etsə, manat olduğu kimi qalacaq. Hətta manat bir az da güclənə bilər”.

Qeyd edək ki, son günlər manatın yenidən ucuzlaşacağı ilə bağlı qeyri-dəqiq informasiyalar yayılıb. Heç bir fakta əsaslanmayan bu məlumatlar insanlara arasında çaşqınlıq yaradıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən gün keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirib. Baş bankir nəzərə çatdırıb ki, manatın dəyərdən düşməsi üçün heç bir fundamental amil mövcud deyil.

Aysel Aslan