"Azərbaycan mediası beynəlxalq informasiya mühitində aktiv olmalıdır"





"Azərbaycanda keçirilən prezident seçkiləri barədə beynəlxalq təşkilatların mənfi rəy bildirməsi ölkəmizə qarşı indiyə qədər aparılan informasiya müharibəsinin nəticəsidir”.

Bunu "Sherg.az”a ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatına münasibət bildirərkən millət vəkili Asim Mollazadə söyləyib. 

Onun sözlərinə görə, təbliğat məsələsində xüsusilə bu istiqamətə diqqət yetirmək lazımdır:

"İnformasiya müharibəsində Azərbaycan bu texnologiyalara hazır olmadığına görə, müəyyən qədər itkilər verir. Bu istiqamətdə işləri gücləndirməliyik. Xarici siyasətin hər bölməsi güclü fəaliyyət göstərməlidir. Azərbaycan mediası beynəlxalq informasiya mühitində daha aktiv olmalıdır.

Müharibə təkcə səngərlərdə getmir. Qlobal istiqamətdə, informasiya müharibəsində geniş siyasi texnologiyaların istifadəsi ilə "savaş” aparılır. Bu istiqamətdə işlərimizi düzgün qurmalıyıq”.

Qeyd edək ki, bu il aprel ayının 11-də Azərbaycanda tam demokratik və şəffaf mühitdə prezident seçkiləri keçirilib. Azərbaycan xalqı sərbəst şəkildə səsvermə prosesində iştirak edərək böyük iradə nümayiş etdirib. Nəticədə dövlət başçısı İlham Əliyev 86, 03 faiz səs toplayaraq Prezident seçilib. Lakin ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyası bu seçkilərlə bağlı qərəzli hesabatla çıxış edib və bu hesabat Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub.

Aysel Aslan