“Azərbaycan musiqisi 10 ildir çökür”
Gövhər Həsənzadə: “Bizi bu günə gətirib çıxaran ilk növbədə efirlər oldu"
Elə sənətkarlar var ki, onların yaratdığı əsərlər musiqi xəzinəsini zinətləndirərək, mədəni irsimizin qiymətli inciləri kimi musiqisevərlərin qəlbinə həkk ola bilib. Bu bəstəkarların yaradıcılığı milli musiqimizin inkişafında yeni mərhələ açıb, Azərbaycan musiqisini zənginləşdirib, onun ümumbəşəri mahiyyət kəsb etməsinə və Azərbaycan musiqisinin dünyada tanınmasına rəvac verə bilib. Zaman keçdikcə, belə sənətkarların yaradıcılığı musiqimizin inkişafı yollarında bir mayaka dönür və yeni nəsil üçün onlar klassik nümunəyə, örnəyə çevrilir. Təbii ki, zaman keçdikcə, onların əsərləri, fikirləri nəinki köhnəlir, şövqdən düşür, əksinə, yetişən hər yeni nəsil onları öyrənməyə, araşdırmağa bir ehtiyac duyur.
Son illər isə Azərbaycan musiqisində yad ladlar artmağa başlayıb. Milli musiqimiz kifayət qədər zəngin olduğu halda bu cür yad nəfəslərə ehtiyac hardan yaranır? Nəinki toylarda, hətta konsertlərdə, televiziya verilişlərində də bu, açıqca hiss olunur. İfaçılar bəstəkar, xalq mahnılarına ərəb, fars, hind və s. ladlar əlavə edərək çalıb-oxuyurlar. Mütəxəssislər də bildirirlər ki, insanların musiqi zövqü ardıcıl formalaşdırılmalıdır.
Azərbaycan musiqisi çətin dönəmini yaşayır. Bəs görəsən, peşəkar musiqiçilər bugünkü Azərbaycan musiqisinin bu gününü necə dəyərləndirirlər?
Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə "Şərq”ə açıqlamasında peşəkar musiqiçilərin artıq süni şəkildə musiqidən uzaqlaşdığını və Azərbaycan musiqisinin həqiqətən "öldüyünü” dilə gətirdi: "Səslənməsi ağır olsa da, sanki Azərbaycan musiqisi həqiqətən "rəhmətə gedib”, qırxının da çıxmasına az qalıb. Azərbaycan musiqisi on ildi çökür, biz də buna görə görə susuruq. Kimi gözləyirik? Nəyi gözləyirik? Bu matəmi kim qaldıracaq? Azərbaycan musiqisini bu günə gətirib çıxaran ilk növbədə efirlər oldu. Bu gün peşəkar musiqilər əvəzinə kommersiya musiqiləri ortalığa çıxıb. Televiziya rəhbərləri də birmənalı olaraq bu cür olaylara nəzarət etmir. Buna səbəb dediyim kimi, ön planda kommersiya maraqlarının dayanmasıdır. Azərbaycan musiqisi reytinqin və efirlərin kommersiya maraqlarının qurbanı oldu. Bu gün çox şey reytinq xətrinə edilir. Kimin nə oxuduğu, hansı yaradıcılıqla məşğul olduğu məlum deyil. Onları maraqlandıran yalnız reytinqdir. Musiqi təkcə əyləncə demək deyil. Musiqi bir xalqın mədəniyyətini təqdim edən əsas amillərdən biridir. Efirlər isə bu amili diqqətdən qaçırıblar. Müğənnilər də ucuz, keyfiyyətsiz musiqilərin arxasınca qaçırlar. Azərbaycan musiqisini toy bazarının, şou-biznesinin qurbanına çevirdilər. Bilinmir aranjimançı kimidi, musiqi hansı lada, kökdə yazılıb. Əsas odu ki, efirdə reklam olunsunlar. Təbliğatın böyük rolu var. İnsanların zövqünün formalaşmasında efirlərin rolu danılmazdır. Bayağı, toy bazarı üçün yazılan mahnılar qeyri-peşəkarların düzüb-qoşduğu mahnılar musiqimizi gözdən salır. Müğənnilər bu gün peşəkar bəstəkarlara demək olar üz tutmurlar, elə bil peşəkar musiqi onlara düşmən kəsilib. İnanın, əvvəllər mahnı üçün mənə müracət edənlərin sayı o qədər çox idi, aralarında seçim etməli olurdum. Bu gün demək olar ki, təkcə mənə yox, ümumiyyətlə, peşəkar bəstəkarlara müğənnilər müracəit etmirlər. Deyirik toy bazarı. Əvvəllər də toylar var idi. Amma toylarda bu qədər bayağı musiqilər səslənmirdi. İnsanların zövqü korlanıb.
Bütün televiziya kanallarının musiqi bölmələrində yalnız peşəkar musiqiçilər çalışmalıdır. Bu amil doğru-dürüst yerinə yetirilmədiyindən efirdə istənilən musiqi lazım gəldi-gəlmədi təbliğ edilir, tamaşaçılara təqdim olunur. Beləliklə, olanlara hesabat vermək məsuliyyətindən də kənarda qalırlar”.
Gövhər Həsənzadə bu gün bayağı musiqilərin Azərbaycan musiqisinə zərbəsini dilə gətirərək narahatlığını da gizlətmədi: "Bəstəkar kimi məni narahat edən ən mühüm məsələ odur ki, təbliğ edilən musiqilər tamaşaçıların musiqi zövqünü korlayır. Azərbaycan musiqisində sahibsizlik var. Musiqilərin müəllifi bəlli deyil, anonimlik yaşanır. Efirdə plagiat mahnılar alaq otu kimi çoxalıb. Deyirlər bəstəkar mahnıları bahadı. Bəstəkarlar İttifaqı var. Nə vaxt ora müraciət edilib ki, mahnı istəyirəm. Məgər kimdənsə pul istəyən var? Hamı özünü dahi, zövqlü hesab edir, heç bir təcrübələri də yoxdu. İndi konsert verən də yoxdu. Efirlərə bəstəkar mahnıları ilə çıxan da qalmayıb. Efirlər müəllif mahnılarından ibarət saatlar yaratmalıdırlar. Mən hələ bir neçə il əvvəl deyirdim ki, musiqi məhv olur, çökür. O zaman məni başa düşmədilər. Elə bildilər ki, Gövhər özünü ağıllı göstərməyə çalışır, akademik kimi danışmaq istəyir. Mən bu gününü görürdüm. Mənə elə gəlir ki, bu problemin aradan qaldırılmasında ilk addımı efirlər etməlidir. Bayağı, mənşəyi bəlli olmayan musiqiləri efirə verməsinlər. Televiziyanın yaratdığı ansamblları olmalıdır ki, klassik, bəstəkar mahnılarımızı tamaşaçıya təqdim etsinlər. Müğənnilər də toy deyib, sənətdən bu qədər uzaq qalmasınlar. Ciddi, peşəkar bəstəkar mahnılarına müraciət etsinlər”.
Tahirə