Elxan Şahinoğlu: “Qazprom”un məqsədi həqiqətən Azərbaycanı Gürcüstan bazarından sıxışdırmaqdır”
Azərbaycan qazı və gürcü məntiqi...
İlham Şaban: “SOCAR bu ölkədə fəaliyyətini dayandırıb, qoyduğu investisiyaya görə hökuməti məhkəməyə də verə bilər. Çünki 2030-cu ilədək hökumətlə müqaviləsi var”
Elxan Şahinoğlu: “Qazprom”un məqsədi həqiqətən Azərbaycanı Gürcüstan bazarından sıxışdırmaqdır”
Elxan Şahinoğlu: “Qazprom”un məqsədi həqiqətən Azərbaycanı Gürcüstan bazarından sıxışdırmaqdır”
Gürcüstan hökuməti ilə SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş başa çatıb. Görüş barədə mətbuata açıqlama verən Gürcüstanın Energetika naziri Kaxa Kaladze SOCAR-ın bu il Gürcüstanın təbii qaza olan tələbatını ödəyə bilməyəcəyini deyib:
"Azərbaycandan nəql olunan qazın həcminin artırılması üçün müvafiq investisiya qoyuluşu ilə texniki dəstəyin verilməsi vacibdir. Söhbət Gürcüstana nəql olunan qazın həcminin artırılmasından və bu layihədə SOCAR-ın iştirakından gedir. Tərəflər buna hazırdır”. Xatırladaq ki, Tiflis Rusiyadan qaz alışı ilə bağlı "Qazprom”la danışıqlara başlayıb. Gürcüstan mətbuatı və ekspertlər Tiflisin bu addımı vasitəsilə "Qazprom”un Gürcüstanın enerji bazarına daxil olacağını bildiriblər. Gürcüstan müxalifəti isə hökumətin bu addımına qarşı etiraz edib. Mətbuat Tiflisin "Qazprom”la əlaqələri genişləndirdikdən sonra Azərbaycandan qaz alışını da azaldacağının gözlənildiyini yazıb. SOCAR bundan öncə dəfələrlə Gürcüstanı tam qazla təchiz edəcəyini desə də, Tiflis bu açıqlamalara saymazyana yanaşıb. Üstəlik, "Qazprom” və Tiflis arasında baş tutan sonuncu Surix görüşündən sonra Gürcüstanın Azərbaycandan aldığı qazın həcmini 50 faiz azaldacağı ilə bağlı qeyri-rəsmi məlumatlar yayılıb. SOCAR prezidenti Rövnəq Abdullayev isə bildirib ki, Gürcüstan rəhbərliyi önündə götürülən bütün öhdəlikləri yerinə yetirəcəyik: "Qəbula görə Gürcüstan rəhbərliyinə öz təşəkkürümü bildirirəm. "SOCAR Georgia” layihəsi yaxşı işləyir. Biz Gürcüstan hökumətinin qarşısında olan bütün öhdəlikləri yerinə yetiririk. Neft və qaz qiymətləri ilə bağlı çətinliklərə baxmayaraq, biz bütün öhdəlikləri yerinə yetirəcəyik. Danışıqlara gəldikdə isə görüşdə bəzi texniki məsələlər müzakirə olunub. Gürcüstan Energetika Nazirliyi ilə birgə işləməklə biz hər şeyi həll edəcəyik”.
İqtisadçı-ekspert İlham Şaban isə hesab edir ki, Gürcüstanın Rusiyanın "Qazprom”la danışıqlar aparmaqda marağı çox güman ki, 2016-cı ildə kommersiya qazının alınmasına dair alqı-satqı sazişi imzalamaqdır: "Yəni bu həcmlər özlərinin açıqladığı kimi də böyük həcmdə olmayacaq.
Ola bilsin, 300, maksimum 400 milyon kub metr civarında olsun. Təbii ki, bu, böyük həcm deyil. Gürcüstan artıq dördüncü dəfədir "Qazprom” şirkəti ilə danışıqlar aparır. İnandırıcı deyil ki, Gürcüstan Rusiya tərəfi ilə qiymətdə böyük çək-çevir, danışıqlar aparsın. Ona görə ki, kiçik həcmli qaza görə böyük endirimlər olmur və qazın qiymətində 5, 10 dollar qiymət endirimi edilirsə, həcmlərə görə bu təqribən 2-4 milyon dollar arasında edilir. Bu qiymət nə "Qazprom”, nə də Gürcüstan üçün əhəmiyyət kəsb edəcək bir vəsaitdir. Ona görə də bu, Gürcüstanın hazırkı vəziyyətdə enerji layihələri üzərindən Rusiya ilə 2008-ci ildə kəsilmiş əlaqələrin bərpa edilməsi üçün bir addımdır”. Digər tərəfdən, İ.Şaban xatırladıb ki, Azərbaycan Gürcüstanın enerji tələbatını ödəyə biləcəyini bəyan edib: "Bəli, Azərbaycan bu tələbatı ödəyə bilər. Amma cari il üçün açıqlanmış Gürcüstanın enerji balansına görə SOCAR-ın özünün Gürcüstan bazarına verəcəyi qazın həcmi 1,8 faiz azalmalıdır. Bu, böyük həcm deyil. SOCAR 1,3 milyard kub metr qaz verirsə, onun iki faizi təqribən 26 milyon kub metr edir. Gürcüstanın özünün tələbatı artacaq, çünki Qardabanidə Gürcüstan istilik elektrik stansiyası ərsəyə gətirib. Onun ehtiyaclarını ödəmək üçün 300 milyon kub metrə qədər əlavə qaza ehtiyac yaranıb. Buna görə Gürcüstana əlavə qaz lazımdır və onu da Rusiyadan real olaraq almaq niyyətindədir”.
Ekspert deyib ki, mediada energetika naziri Kaxa Kaladzeyə istinadən məlumat gedib ki, Rusiya SOCAR-dan guya 10 dollar aşağı qiymət təklif edib, amma bu, gülüncdür: "Energetika naziri bilməlidir ki, SOCAR Gürcüstanın daxili bazarında, regionlarında qazlaşdırmaya təqribən 50 milyon dollar vəsait qoyub. "Qazprom” 20 dollar da uzuc qaz verə bilər, amma ora vəsait qoymayıb axı. SOCAR ordan qazandığı pulu mənfəət şəklində Gürcüstanın daxili bazarında investisiya edir. Yəni Gürcüstanın qazlaşdırmasına sərf edir. 1-2 dollar uzuc qaz verilməsi nəyisə dəyişmir. Sabah SOCAR bu ölkədə fəaliyyətini dayandırıb, qoyduğu investisiyaya görə hökuməti məhkəməyə də verə bilər. Çünki 2030-cu ilədək hökumətlə müqaviləsi var. Bu, adi məsələ deyil”.
Siyasi şərhçi Elxan Şahinoğlu da hesab edir ki, Gürcüstanın Rusiyanın "Qazprom” şirkəti ilə danışıqlar aparması anlaşılmazdır. Çünki Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər mövcud deyil:
"Rusiya 2008-ci ildə Gürcüstana hücum edib, Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyini” faktiki tanıyıb. Amma buna rəğmən, biz həqiqətən müşahidə edirik ki, Gürcüstanın indiki hakimiyyəti, enerji naziri Kaxa Kaladze Rusiyanın "Qazprom” şirkətinin rəhbəri ilə müxtəlif ölkələrdə danışıqlar aparır və demək ki, Rusiyadan qaz almaq istəyirlər. Arqumentləri də bundan ibarətdir ki, guya, Azərbaycan qazı onlara kifayət etmir, boru xəttinin keçicilik qabiliyyəti azdır, ona görə də məcburdurlar ki, həm Rusiyadan, həm də gələcəkdə İrandan qaz alsınlar. Halbuki, SOCAR dəfələrlə açıqlama verib ki, əgər Gürcüstan daha çox qaz istəyirsə, Azərbaycan həmin həcmdə qaz sata bilər”.
E.Şahinoğlu deyib ki, ikinci bəhanələri bundan ibarətdir ki, guya "Qazprom” SOCAR-dan daha ucuz qiymətə qaz satacaq. Politoloq bunun da inandırıcı görünmədiyi qənaətindədir: "Çünki "Qazprom”un başqa ölkələrə satdığı qazın qiyməti bəllidir. Məsələn, Türkiyəyə Azərbaycan da, Rusiya da qaz satır. Rusiyanın satdığı qazın qiyməti Azərbaycanın satdığı qazın qiymətindən bahadır. Belə olan halda, Rusiya niyə Gürcüstana ucuz qaz satmalıdır?!
Əgər ucuz satırsa, deməli, "Qazprom”un məqsədi həqiqətən Azərbaycanı Gürcüstan bazarından sıxışdırmaqdır. Amma Gürcüstan Rusiya və İrandan qaz almağa qərar verəcəksə, onda düşünürəm ki, SOCAR Gürcüstanla bağlı qiymət siyasətinə yenidən baxmalıdır. Yəni qiymətlər qaldırıla bilər”.
İsmayıl