"Azərbaycan rəhbərliyi Ermənistana çıxış yolunu göstərib" - Millət vəkili





"Nikol Paşinyanın danışıqlarla bağlı fikirləri, Ermənistanın 90-cı illərin əvvəllərindəki tələblərini təkrar etməsi onun təcrübəsiz olduğunu göstərir”.

Bunu "Sherg.az”a millət vəkili Asim Mollazadə söyləyib. O diqqətə çatdırıb ki, "DQR”in danışıqlarda iştirak etməsi strategiyası uğursuz olduğundan Ermənistan rəhbərliyi 90-cı illərdə bundan əl çəkdi:

"Belə əsassız iddialar hər zaman danışıqlar prosesini pozmağa yönəlib. Ermənistan rəhbərliyi danışıqlara, real sülh istiqamətində addımlar atmağa hazır deyil. Paşinyan və onun komandası Ermənistanın müstəqilliyini saxlamaq istəyirlərsə, münaqişənin ancaq sülh yolu ilə həllinə çalışmalıdırlar.

Azərbaycan rəhbərliyi artıq onlara çıxış yolunu göstərib. Rəsmi İrəvan sülh istiqamətində ciddi addımlar atmalı, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir. Ermənistan ancaq bu addımlarla xilas ola bilər.

Ermənistan rəhbərliyinin uydurduğu cəfəngiyat onlar tərəfindən irəli sürülən ilk tələb deyil. Qeyri-konstruktiv mövqe böhranı dərinləşdirəcək və belə iddialar erməniləri məhvə aparır”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan qondarma Dağlıq Qarabağı rəhbərliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda üçüncü tərəf kimi iştirak etməsini təklif edib.

Aysel Aslan