Azərbaycan tolerantlıq nümunəsidir

“Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir”




Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Bununla belə, dövlətimiz din sahəsinə böyük qayğı və dəstək göstərir, tolerantlığı prioritet məsələ hesab edir. Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali Qanunda göstərilir ki, "bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur.

Tolerantlıq nümunəsi hesab edilən Azərbaycan dini dözümlülük səviyyəsinə görə, həm Asiya dövlətlərini, həm də Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Əhalisinin 95 faizi müsəlmanlardan ibarət olan Azərbaycan başqa konfessiyalara və millətlərə mənsub olan insanların dinc və mehriban yaşamasını təmin edir. Bu gün tolerantlığın Azərbaycan modeli müsəlman aləmi üçün nümunə sayılır və beynəlxalq konfransların, forumların çoxunda fəal müzakirə edilir. Ən yüksək səviyyədə ölkə rəhbərliyi də hesab edir ki, bütün insanlar, hansı dinə etiqad etməsindən asılı olmayaraq, başqa mədəniyyətlərə, dinlərə, əxlaqi dəyərlərə hörmətlə yanaşmalı, özləri üçün məqbul olub-olmamasına əhəmiyyət vermədən bütün ənənələrə münasibətdə dözümlü olmalıdırlar. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Bütün dünyada islam həmrəyliyinin gücləndirilməsi, islam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır. Dövlət başçısı dəfələrlə beynəlxalq tədbirlərdə islam həmrəyliyinin gücləndirilməsi məqsədilə çağırışlar edib, təkliflər irəli sürüb. Bununla kifayətlənməyən dövlət başçısı öz çağırışlarını əməli işində də sübut edib. Belə ki, yaxın illərdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili də məhz bu məqsədə xidmət edir. Prezident İlham Əliyevin dini dəyərlərə verdiyi əhəmiyyətin nəticəsidir ki, ölkədə yeni-yeni məscidlər tikilir, əvvəllər mövcud olmuş məscid, kilsə və sinaqoqlar təmir edilir. Təkcə müstəqillik illərində bu istiqamətdə görülən işləri nəzərdən keçirmək kifayətdir ki, ölkəmizdə dinə münasibətin əyani şahidi olasan. Müqayisə üçün deyək ki, müstəqillik illərində Azərbaycanda məscidlərin sayı xeyli dərəcədə artıb. Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mini keçib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb. Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilib. 2013-cü ildə dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi ən yüksək səviyyədə bərpa edilib. Bu məscidlərin təmir-bərpası nəticəsində çoxlu sayda inanclı insanların dini ayinləri sərbəst şəkildə icra etməsinə şərait yaranıb. Məscidlərin ərazisi genişləndirilib, dini ayinlər üçün tələb olunan bütün şərait yaradılıb, ibadət evləri bütün lazımi avadanlıqla təmin edilib. Hətta məscidlərdə dini ayinlərin normal şəkildə həyata keçirilməsi, onların maddi çətinliklə üzləşməməsi üçün dövlət hesabına mavi yanacaqla təmin olunub. Azərbaycanda islam dininə verilən dəyərin miqyasını dövlət başçısının şəxsi nümunəsində də sezmək mümkündür. Prezident İlham Əliyevin öz ailəsi ilə birlikdə Həcc ziyarətinə getməsi dövlət başçısının dini dəyərlərə verdiyi böyük önəmin bariz nümunəsi kimi dəyərləndirilməlidir. Bununla kifayətlənməyən Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının və İSESKO-nun aparıcı üzvü kimi islam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.

Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Avropalı üçün tolerantlıq hüquqi borcdursa, Azərbaycan üçün bu, mənəvi ehtiyacdır. Azərbaycanda etnik azlıq nümayəndələrinin öz adət-ənənələrinə uyğun yaşamaları üçün hər cür şərait yaradılıb. Məhz bu kimi amilləri əsas götürən beynəlxalq təşkilatlar islam dəyərlərinin qorunub saxlanması, islam mədəniyyətinin inkişafı sahəsində Azərbaycanın gördüyü işləri lazımınca qiymətləndirirlər. Təsadüfi deyil ki, 2009-cu ildə Bakı şəhəri İSESCO-nun dəstəyi ilə islam mədəniyyətinin paytaxtı elan edilib. Yaxın zamanlarda Bakıda İSESCO-nun regional mərkəzinin yaradılması nəzərdə tutulub. Bu mərkəz islam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsində, islam həmrəyliyinin gücləndirilməsində fəal yol oynayacaq. Bu, beynəlxalq qurumlar tərəfindən Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir.

Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri, öz ibadət tərzi var. Tolerantlıq bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzidir. Bu da bizim fərqliliyimiz və zənginliyimizin təzahürüdür. Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunədir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Məhz bu kimi amillərin nəticəsi olaraq Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilib. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Xatırladaq ki, Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçiriləcək. 2016-cı ildə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu reallaşdırılacaq. Məhz bu tədbirlər dinlərarası və millətlərarası əlaqələrin inkişafında mühüm rol oynayacaq. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Bunun bariz nümunəsidir ki, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan bütün dünyada islamafobiyaya, islamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldan dövlətdir. Azərbaycan Fələstinin dəstəklənməsinə sadiqliyini nümayiş etdirir, ona siyasi dəstək verir və
birbaşa yardım göstərir. Bütün bunlar Azərbaycan Prezidentinin islam dininə, dini dəyərlərimizə verdiyi böyük əhəmiyyətin təzahürləridir. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Ölkə rəhbəri müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Beləliklə, tarixən Azərbaycanda formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyyələndirən gözəl bir ənənəyə çevrilir.

İsmayıl