Azərbaycan və erməni icmalarının görüşü gözlənilir

Akif Nağı: “Azərbaycan torpaqlarının işğaldan azad olunması qətiyyən bu yolla, dialoqla mümkün deyil”


"Dağlıq Qarabağın azərbaycanlı və erməni icma üzvləri arasında növbəti görüşün baş tutması üçün danışıqlar aparılır”.

Bu barədə "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib. Onun sözlərinə görə, bu görüşün baş tutması üçün müvafiq beynəlxalq təşkilatlarla müzakirələr aparılır və danışıqlar zamanı onlar Dağlıq Qarabağın azərbaycanlı və erməni icma üzvləri arasında növbəti görüşün baş tutuması üçün səylər göstərəcəklərini bildiriblər.

R.Rzayev görüşün xarici ölkələrin birində baş tuta biləcəyini də istisna etməyib.

Məlumat üçün bildirək ki, icmalar arasında Dağlıq Qarabağın erməni icmasının qeyri-konstruktiv mövqeyi nəticəsində uzun müddətdir Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş baş tutmur. Azərbaycanın icma üzvləri yalnız 2007 və 2009-cu illərdə Dağlıq Qarabağda olublar və erməni icma üzvləri ilə görüşlər keçiriblər.

Məsələni dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı söyləyib ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının növbəti görüşünün keçirilməsi üçün beynəlxalq təşkilatlar mütəmadi olaraq səy göstərirlər. Onlar çalışırlar ki, hansısa bir iş görsünlər və yaxud iş görüntüsü yaratsınlar: "Şübhəsiz ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşlərin keçirilməsinə cəhd ediblər. Hətta bununla bağlı Azərbaycana da müəyyən səfərlər də olub. Biz həmişə onun əleyhinə olmuşuq. Çünki bu görüşlərin heç bir mənası yoxdur. Bu səfərlər birmənalı şəkildə Ermənistanın maraqlarına xidmət göstərir. Çox təəssüf ki, Azərbaycanda da bəzi şəxslər, qurumların rəhbərləri bu görüşlərin təşəbbüskarı kimi çıxış edirlər. Ermənistan istəyir ki, vəziyyət olduğu kimi qalsın və görüş, dialoq görüntüsü yaradılsın. Amma Azərbaycan torpaqlarının işğaldan azad olunması qətiyyən bu yolla, dialoqla mümkün deyil. Ona görə də heç kim özünü aldatmasın və öz enerjisini bu cür mənasız işlərə sərf etməsin”.

Ayyət Əhməd