"Azərbaycanda elmlə biznesin əməkdaşlığı mümkündürmü ?- Ekspert "yox "dedi

Kamran Əsədov:"Bunun üçün ən ciddi problem ixtisaslı, dünya təhsilindən xəbəri olan kadrların çatışmamasıdır"


"Dünya təcrübəsində elmlə biznesin əməkdaşlığına son illər xüsusi əhəmiyyət verilir. Elmi tədqiqat institutlarının tərkibində və ya yaxınlığında texnoparklar yaradılır. Həmin texnoparklarda elmlə biznesin birgə işi sayəsində məhsul əldə edilir və birbaşa istehlakçıya, beynəlxalq bazara çıxarılır”.

Bu barədə "Sherg.az”a Azərbaycanda elm və biznes arasında əməkdaşlığın inkişafı barədə danışarkən tanınmış təhsil eksperti, tarix elmi üzrə fəlsəfə doktoru Kamran Əsədov bildirib. O vurğulayıb ki, bu gün Azərbaycan elminin inkişafı üçün bütün imkanların yaradılması dövlət siyasətinin müsbət göstəricilərindəndir:

"Məhz buna görə Azərbaycan Milli Elmlər Akademiyası bu gün rəqabətə davamlı innovasiya iqtisadiyyatının formalaşmasında xüsusi çəkiyə malikdir. Müasir yanaşmaların tələblərinə uyğun olaraq, elm-biznes əməkdaşlığının yaradılması və inkişafı da burada özünü qabarıq şəkildə göstərməkdədir.

Azərbaycan Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkı da bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Bu elmlə istehsalatın qovuşduğu sahənin yaradılmasında məqsəd aydındır. Söhbət iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə dövlət dəstəyini daha da artırmaqdan gedir.

Texnopark həmçinin elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına da şərait yaradan bir istehsal sahəsidir.
Amma təəssüf ki, geridə qoyduğumuz müddət ərzində qarşıya qoyulmuş hədəflərə nail olmaq mümkün olmayıb. Bunun üçün ən ciddi problem ixtisaslı, dünya təhsilindən xəbəri olan kadrların çatışmamasıdır".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə də Azərbaycanda elm və biznes arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Aysel Aslan