Azərbaycanda maliyyə amnistiyası verilə bilərmi?

Natiq Cəfərli: “İş adamlarına, oliqarxlara qazandıqları pula görə sorğu-sual olunmayacaqlarına dair güvən verilməlidir”



Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ölkədən pulların xaricə çıxarılmasına qadağa qoyulmasını təklif edib. Onun fikrincə, oliqarxların pullarını xaricə daşıması iqtisadiyyata zərər vurur.

Belə halların qarşısını almaq üçün LDPR lideri təklif edib ki, vəsaitlərin xaricə çıxarılmasına ciddi məhdudiyyətlər qoyulsun, ancaq konkret müqavilələrdə göstərilmiş məbləğlərin xərclənməsinə icazə verilsin.

Bu məlumat yenidən azərbaycanlı investorların xaricdəki pullarının ölkəyə gətirilməsi məsələsini gündəmə gətirir. Azərbaycanın maliyyə gəlirlərinin azaldığı, ölkənin iqtisadi böhran yaşadığı bir müddətdə xaricdəki investisiyaların ölkəyə gətirilməsinə ehtiyac var. Lakin iş adamlarının maliyyə gəlirlərinin mənbəyinin bir çox hallarda qeyri-leqal olması onları bu addımı atmaqdan çəkindirir.

Bunun üçün ekspertlər maliyyə amnistiyasının verilməsini vacib sayır. Bu yolla xaricdəki investorlar yatırımlarını ölkəyə gətirər və bu da ölkəyə daxil olan pulların artması, vergi ödəmələrinin çoxalması, əlavə iş yerlərinin açılması ilə nəticələnər.

Qeyd edək ki, maliyyə amnistiyası gizli iqtisadiyyatın leqallaşması üçün atılan addımlardandır. Geniş mənada bu, gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi, ölkə ərazisindən çıxarılaraq xarici banklarda və şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılması və əvvəllər yaranmış vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılmasına yönəlmiş bütün inzibati-hüquqi və sosial-iqtisadi tədbirlərin məcmusu deməkdir.

İqtisadçı-ekspert Natiq Cəfərli maliyyə amnistiyası ilə bağlı 2 il bundan əvvəl öz təkliflərini təqdim etdiklərini bildirib: "Bu məsələ bizim proqram sənədlərimizdə də öz əksini tapıb və atılması vacib olan addımlar sırasındadır. Amma tək maliyyə amnistiyası ilə mövcud problemlər öz həllini tapan deyil. Maliyyə amnistiyası böyük bir iqtisadi islahatlar paketinin tərkibində olmalıdır. Öncə müvafiq qanunverici aktlar qəbul olunmalıdır ki, maliyyə amnistiyasının effektivliyi artsın. Son illər ərzində mülkiyyəti əlindən alınmış, qeyri-leqal fəaliyyətinə görə iqtisadi dividentlərdən məhrum olunmuş insanların hüquqları da bərpa olunmalı və paralel olaraq, sonda maliyyə amnistiyası verilməlidir. Üçü bir arada olmasa, atılan addımların heç bir effekti olmaz. Prezidentin son çıxışlarının birində də qeyd olunub ki, ölkədə mülkiyyətin zorla əl dəyişdirilməsi prosesi olub, buna səbəb olan insanlar məsuliyyət daşımalı, hüquqları pozulan mülkiyyətçilərin isə haqları özünə qaytarılmalıdır”.

İqtisadçının sözlərinə görə, maliyyə amnistiyası olacağı təqdirdə bunun şərtləri müəyyənləşdirilməlidir ki, bu günə qədər hansısa yollarla pul qazanan insanlar məsuliyyətdən azad olunur və onlar öz kapitalının bir hissəsini dövlət büdcəsinə vergi şəklində geri qaytarır: "Ancaq bu yolla Azərbaycan iqtisadiyyatı "kölgə”dən çıxa, Azərbaycanda rəsmi milyonçular, oliqarxlar peyda ola bilər. Ancaq amnistiyadan sonra onların ölkədə biznes fəaliyyəti ilə məşğul olmalarına dair hüquqi zəmanət verilməlidir. Həmçinin də qazandığı pulların mənbəyinə dair sorğu-suala alınmayacaqlar. Bunun üçün də ciddi sistem dəyişikliklərinə ehtiyac yaranacaq. İlk növbədə məhkəmələrin effektiv fəaliyyət göstərməsi üçün zəmin yaradılmalıdır. Bütün bu addımlar kompleks şəkildə həyata keçirilsə, Azərbaycanın iqtisadiyyatı da xeyli dərəcədə yüksələr, ölkədə məmur biznesinə birdəfəlik son qoyular. Sadəcə oliqarxların pullarını xaricə çıxarmasına qadağa qoymaq və ya digər administrativ addımlarla bu məsələdə effektiv bir nəticə əldə etmək mümkün deyil. Düşünmürəm ki, Rusiya da buna getsin. Dünyamız qloballaşıb və bu qadağaları aşmaq üçün kifayət qədər böyük imkanlar var. Bu gün Rusiyanın oliqarxların pullarını xaricə çıxarmasına qadağa qoyması ölkənin onsuz da ağır olan investisiya mühitinə ciddi təsir göstərə bilər”.

Azərbaycanda yarımçıq iqtisadi islahatların həyata keçirilməsinin əleyhinə olduğunu vurğulayan ekspert deyib ki, bu addımlar böyük bir islahat paketinin tərkib hissəsi kimi atılmalıdır: "İndiki situasiyada hökumətin maliyyə amnistiyası verəcəyinə və veriləcəyi təqdirdə bu addımın hansısa effekt verəcəyinin inandırıcı olmadığını vurğulayan ekspert deyib ki, əlində külli miqdarda vəsaiti olan insanlarda bu addımın səmimiliyinə şübhə yarana bilər. İş adamlarına, oliqarxlara qazandıqları pula görə sorğu-sual olunmayacaqlarına dair güvən verilməlidir. Əks təqdirdə, heç kəs könüllü şəkildə öz vəsaitini bəyan etməyəcək”.

Şəymən