"Azərbaycanda səhiyyənin inkişafına hər zaman böyük diqqət yetirilib” - Millət vəkili






"Azərbaycanda sosial sahənin əhəmiyyətli istiqaməti olan səhiyyənin inkişafına hər zaman böyük diqqət yetirilib”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, ölkəmizdə günü-gündən səhiyyənin inkişafına ayırmaların həcmi artır: 

"Azərbaycan bazar iqtisadiyyatına malik ölkə olduğu üçün səhiyyə sektorunun inkişafına böyük qayğı var. Vətəndaşlarımızın xarici ölkələrə müalicə üçün axını xeyli azalıb. Hətta müalicə almaq üçün Azərbaycana gələn xarici vətəndaşların sayı durmadan artır. Bunların içərisində dövlət xətti ilə yeni səhiyyə ocaqlarının inşası, köhnələrin təmiri böyük əhəmiyyər daşıyır. 2003-cü ildən bəri 600-dən çox səhiyyə ocağı təmir edilib və yeniləri tikilib. Regionlarda ən müasir tələblərə cavab verən diaqnostik mərkəzlər yaradılıb. 

Səhiyyəmizin inkişafında çox vacib bir istiqamət isə son illər tibbi sığortanın tətbiqi idi. Əvvəlcə Mingəçevir və Yevlaxda, ötən ildən isə Ağdaşda başlanılan bu proses müsbət nəticələrini verməkdədir. Həmin yerdə artıq tibbi sığorta təcrübədən keçirilir. 

Yaxın vaxtlarda tibbi sığorta bütün respublikanı əhatə edəcək. Ölkə başçısının sərəncamı ilə bütün əhalinin hər il dövlət hesabına ümumi tibbi yoxlamadan keçməsi ciddi fakt kimi ortadadır. Ötən il 5 milyon nəfər insan dövlət hesabına tibbi yoxlamadan keçib. Bu isə onu göstərir ki, ölkəmizdə səhiyyənin inkişafı Prezidentin diqqətindədir”.

Qeyd edək ki, bu gün ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında iştirak ediblər.

Yeganə Bayramova