“Azərbaycan”ı əyləncə mərkəzinə çevirirlər

Qulu Məhərrəmli: “Vaxtilə kino mərkəzi olmuş bir yerin istirahət- əyləncə mərkəzinə çevrilməsi haqlı etiraz doğurur”Hər şeyə kommersiya nəzəri ilə yanaşmaq, mədəniyyətimizin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır
"Azərbaycan” kinoteatrı istirahət-əyləncə mərkəzinə çevrilir. Bu haqda Lent.az saytında xəbər yer alıb. Xəbərdə bildirilir ki, paytaxtın "Tarqovı” məhəllə kimi tanınan ərazisində, (əslində vaxtilə "Azərbaycan” kinoteatrının yerləşdiyi küçə Əziz Əliyevin adını daşıyır -red.) Natəvanın heykəlinin arxasında yerləşən və keçən ilin sonlarında sökülən "Azərbaycan” kinoteatrının yerində tikiləcək obyektin görüntüləri nümayiş etdirilib.
Həmin yerdə "Hard Rock” adlı istirahət-əyləncə mərkəzi inşa olunur. Yeni mərkəzin binasının dizaynı və xarici görünüşü "Azərbaycan” kinoteatrının köhnə binasından çox fərqlənməyəcək. Bildirilir ki, burada yeni kinoteatr da yerləşəcək.
Qeyd edək ki, "Azərbaycan” kinoteatrının köhnə binası sökülərkən onun yan divarlarına toxunulmamışdı. Yeni tikilinin bu ilin sonunadək təhvil veriləcəyi gözlənilir.
Xəbərdən də görünür ki, kinoteatrın binasının əsas təyinatı istirahət-əyləncə mərkəzi olacaq, sadəcə, hərdən-bir film də nümayiş etdiriləcək. Yaxud da, kinoteatrın daha çox gəlirli istirahət-əyləncə mərkəzinə çevrilməsində israrlı olanlar "burada yeni kinoteatr da yerləşəcək” deməklə, bir növ, iz azdırır, kinoteatrın birbaşa istirahət-əyləncə - alış-veriş mərkəzinə çevriləcəyini açıq söyləmək istəmirlər.
Məsələyə münasibətlərsə fərqlidir. Sosial şəbəkələrdə "kinoteatr nəyimizə lazımdı, ticarət mərkəzi yaxşıdır”, "getsin kino, gəlsin əyləncə!” kimi statuslar yazanlar da var.
Tanınmış telejurnalist Qulu Məhərrəmli isə "Şərq”ə açıqlamasında ziyalı mövqeyi ortaya qoydu:
- Burada pis olan budur ki, uzun illər mədəniyyət ocağı kimi tanınan bir bina əyləncə mərkəzinə çevrilir. Bakıda onsuz da istirahət-əyləncə mərkəzləri yetərincədir. Kinoteatr binasını əyləncə mərkəzinə çevirmək bu qədərmi vacibdir? "Azərbaycan” kinoteatrı şəhərin ən görkəmli hissəsində bir mədəniyyət abidəsi kimi ucalırdı. Orada vaxtaşırı yeni filmlər təqdim edilirdi, şəhər əhalisi kinoteatra axın edirdi. Kinoteatr insanların maariflənməsi, mədəni səviyyənin yüksəlməsi kimi faydalı bir missiya yerinə yetirirdi. Bir bina eyni vaxtda iki funksiyanı yerinə yetirirsə, deməli, hər iki fəaliyyət növü eyni dərəcədə aparılmalıdır. Amma düşünürəm ki, "Azərbaycan” kinoteatrı daha çox istirahət-əyləncə mərkəzi funksiyasını yerinə yetirəcək. Yəni, burada əsas niyyət kino deyilsə, kinoteatr kimi fəaliyyət göstərə bilməyəcək. Mən doğrusu, "Azərbaycan” kinoteatrının bu formanı almasından təəssüflənirəm. Vaxtilə kino mərkəzi olmuş bir yerin istirahət-əyləncə mərkəzinə çevrilməsi haqlı etiraz doğurur. Mən xarici ölkələrdə belə təcrübə görməmişəm. Kinoteatr binasının daxilində tamaşaçıların rahatlanması üçün nələrsə ola bilər. Əvvəllər də bunlar vardı. Məsələn, fasilələrdə tamaşaçılar vestibülə, bufetə enir, nələrsə alır, yüngülcə qidalanırdılar. Su içirdilər, şirniyyat yeyirdilər. Növbəti seans vaxtında təkrar zala qayıdırdılar. Kinoteatrın müxtəlif zalları vardı və hər zalda təyinata uyğun filmlər nümayiş etdirilirdi. Tutalım, müasir format yaratmaq istəyiriksə, ölkəmizin təbliğatına xidmət edəcək nələrsə etmək fikrimiz varsa, salonda foto-rəsm əsərlərinin sərgisini təşkil etmək, Azərbaycan haqqında məlumatlar yerləşdirmək asan bir işdir. Məncə, bu, həm paytaxt sakinləri, həm də xarici qonaqlar üçün daha faydalı olar. Mədəniyyət bazar münasibətlərindən nə qədər yüksəkdə durursa, mədəniyyətin səviyyəsi də o qədər yüksək olur. Hər şeyə kommersiya nəzəri ilə yanaşmaq, mədəniyyətimizin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır.
Məlahət Rzayeva