Azərbaycanın şou-biznes adamları daha çox “Kara sevda”nı izləyir

Türk seriallarına baxmayan sənətçilər də var



Sosial problemlərin çox olduğu, insanların gündəlik məişət sahəsində yaşadığı sıxıntıları nəzərə alsaq, bu dönəm çətinliklər daha çox diqqət çəkir. Lakin bunlara baxmayaraq evdar xanımlar, bir balaca asudə vaxt tapıb ekran qarşısında oturaraq türk seriallarını izləməyə maraq göstərirlər. Ev xanımları gün ərzində olan yorğunluqlarına baxmayaraq seçdikləri serialları izləməkdən zövq alırlar.

İşgüzar xanımlar, hətta bir çox kişilər də gün ərzində nə qədər gərgin işdə çalışsalar da, seçib izlədikləri serialları qaçırtmamağa çalışırlar. Bu gün hər bir Azərbaycan ailəsində türk seriallarını izləyən bir və ya bir neçə nəfər olur. Əvvəllər serialları daha çox evdar xanımlar izləyirdisə, bu gün işgüzar insanların da seçdiyi seriallar var ki, onlar böyük marağa səbəb olub. Bəs türk seriallarına bu qədər marağın səbəbi nədir? İnsanlar gündəlik sosial problemlərinə, məişət qayğılarının çox olmasına baxmayaraq niyə axşamlar serialları qaçırtmaq istəmirlər? Vaxtilə türk filmləri bəsit, sıradan sayılırdı. Bu gün isə türk serialları dünyanın bir çox ölkələrində tərcümə olunaraq izlənir. Dünya kino bazarında Braziliya serialları ön sıralarda dururdusa, bu gün türk serialları da bu qədər böyük maraqla izlənir.

Bəs Azərbaycanın tanınmış ulduzları Türkiyənin hansı seriallarına maraq göstərirlər?

Azərbaycanın Xalq artisti Faiq Ağayev türk seriallarına qətiyyən maraq göstərmədiyini vurğuladı: "Mən türk seriallarını qətiyyən izləmirəm. Türk kinematoqrafiyasına marağım yoxdu. Mənim maraq dairəmdə deyil. Sözün yaxşı mənasında Azərbaycan kinosunun, televiziyasının ənənəvi yüksək aktyorluq və rejissorluq səviyyəsi mənə imkan vermir ki, türk seriallarını izləyim. Dünya çapında, dünya kino bazarında olan filmləri izləyirəm. Amerika filmlərinin azarkeşiyəm. Avropa filmlərindən də fransız və italyan filmlərini izləyirəm. Dünya kino bazarının maraqlı ekran əsərləri var ki, bu filmləri maraqla izləməyə dəyər”.

Xalq artisti Məleykə Əsədova isə Faiq Ağayevdən fərqli olaraq türk seriallarına maraq göstərdiyini bildirdi. Aktrisa türk seriallarının peşəkar şəkildə çəkildiyindən ağızdolusu danışdı: "Əvvəllər "Möhtəşəm yüz il” serialını izləyirdim. İndi də "Kara sevda”, "Paramparça” seriallarını izləyirəm. Vaxtım çatanda "Kösem Sultan”ı da izləməyə çalışıram. Bir də tarixi serialları izləməyi sevirəm. "Eşkiya dünyaya hökmdar olmaz” serialını da vaxt tapanda qaçırmıram. Son vaxtlar türk seriallarında uzatmaqları xoş deyil. Serialı çürüdürlər. Professional nöqteyi-nəzərindən onları izləyirəm. Onların serialları güclü çəkilir. Mənə də Türkiyədən təklif gəldi. Sözün düzü, baş obraz olmadığı üçün razılıq vermədim. Əgər baş obraz təklifi gəlsə,

razılaşardım. Təbii ki, ssenarini oxuyub bəyənsəm. Türk seriallarında çəkilmək xatirinə təklifi qəbul edə bilmərəm. Bizim seriallardan fərqli olaraq türk serialları səmimi görünür. Aktyor ifalarında səmimilik hiss olunur. Bu gün türk serialları Braziliya serialları qədər məşhurdur. Rusiya kimi böyük dövlətlərdə də türk serialları tərcümə olunaraq təqdim olunur. Türk kinosu həqiqətən bu gün inkişaf mərhələsini yaşayır”.

Müğənni Manaf Ağayev isə "Kurtlar vadisi” serialını izlədiyini bildirdi: "Türk seriallarından daha çox "Kurtlar vadisi”ni izləyirəm. Çəkilişlər, toylar çox olur deyə bəzən qaçırtdığım bölümlər olur. Ancaq evdə ailəm bir neçə türk serialını izləyir. Qaldı niyə türk seriallarına maraq var, çünki çox səmimi oynayırlar, maraqlı ssenariləri olur”.

Əməkdar artist Nüşabə Ələsgərli vaxt azlığından ümumiyyətlə televiziyanı az-az hallarda izlədiyini dilə gətirdi: "Serial izləməyə vaxtım olmur. Bircə "Möhtəşəm Yüz il” serialını izləyirdim. Amma digər serialları izləmirəm”.

Müğənni Roza Zərgərli də daha çox dünya kinosunun incilərini izləməyi sevdiyini açıqladı: "Türk seriallarına o qədər maraq göstərmirəm. Düzünü desəm, buna vaxtım olmur. Ancaq bədii filmləri çox sevirəm. Əsasən də Amerika filmlərini izləyirəm. Özümün sevdiyim rejissorlar var ki, onların çəkdiyi ekran əsərləri marağıma səbəb olur. Türk seriallarından isə ara-sıra "Möhtəşəm yüz il” serialını izləmişəm. Yenə deyirəm, özüm də rejissorluq ixtisasını bitirdiyim üçün kinoya marağım böyükdü. Ancaq türk seriallarını izləmirəm”.

Əməkdar artist Elnarə Abdullayeva isə ümumiyyətlə seriallara, kinoya maraq göstərmədiyini qeyd etdi: "Mənim kinoya, seriala baxmağa vaxtım olmur. Düzünü desəm, marağım da yoxdu. Seriala baxmaqdansa, evimin işini-gücünü görərəm də. Nə tapırlar o mənasız fimlərdə, bilmirəm. Seriala baxmaq vaxt itkisidi”.

Əməkdar artist Almaz Ələsgərli də serial izləyən tanınmışlar sırasında oldu. Müğənni türk seriallarına vaxtaşırı baxdığını söylədi: "Kara sevda” serialını izləyirəm. Hərdən qaçırdığım bölüm olsa da, çalışıram özətini qaçırmayım. "Möhtəşəm yüz il” serialını da izləyirdim. Ümumiyyətlə, gəlin etiraf edək ki, maraqlı çəkirlər, səmimi çəkirlər. Türk serialları mənə gəncliyimi xatırladır. Adam o serialları izləyəndə sevgi istəyir. Maraq yarada bilirlər. Bizim aktyorlar inciməsin, süni oynayırlar. Amma türklərdə rejissor obraz üçün elə aktyorları seçir ki, elə bil canlı həyatda var bu insanlar. Bir sözlə, çox səmimi çəkilir türk serialları”.

Müğənni İzzət Bağırov da serial izləyən məşhurlardan oldu. Sənətçi "Kurtlar vadisi” serialını maraqla izlədiyini dilə gətirdi. Türk seriallarında maraqlı ekran əsərləri var. Sadəcə onlarda da son illər bir problem yaranıb. Serialda qeyri-real hadisələr əks olunur. "Kurtlar vadisi”ni 11 ildi izləyirəm. Demək olar, heç bir bölümünü qaçırmamışam. Amma son vaxtlar seriala maraq azalıb. Çünki reallıqdan uzaq olublar. 11 ildi serialda Polad Ələmdar Türkiyəni az qala idarə edir. İnsanı güllələyirlər, ertəsi gün durub işinin dalınca gedir, əməliyyat aparır. Nə bilim, istənilən dövlət qürumuna daxil olur, bu ölkənin hüquq-mühafizə orqanı, polisi yoxdu ki? Ötən bölümlərdən birində böyrək oğurluğu edirlər, insanın böyrəyini kəsib götürmək istəyirlər, Polad da özünü çatdırır, böyrəyi tikib yerinə qoyur. Bu artıq ifratdı. "Kurtlar vadisi” indi serialdan daha çox cizgi filmini xatırladır. Elə bil multiplikasiyaya baxırsan. Amma ümumilikdə onların seriallarının aktyor oyunu o qədər səmimidir ki, insan izlədikcə baxır. Bəlkə də onların səmimi oynamağı olmasa, bu qədər illər bir seriala baxmazdılar. Evdə də seriala baxırlar. "Kara sevda” serialı indi daha çox izlənir”.

Prodüser Təranə Səmədova da vaxt olanda "Möhtəşəm yüz il” serialının izləyicilərindən olduğunu bildirdi. "Vaxtım olanda indi "Kösəm Sultan”a da baxıram. Hərdən də "Kara sevda”nı izləyirəm. Maraqlı bölümləri olur. Türk seriallarında aktyor oyunları səmimi olur. Bəlkə ona görə Azərbaycan tamaşaçısı maraqla türk seriallarını izləyir”.

Tahirə