Azərbaycanın “TANAP”ı

Türkiyə mediası bu nəhəng enerji dəhlizini sülh, inkişaf, təhlükəsizlik və sosial rifah layihəsi adlandırıb



Dünyanın aparıcı televiziya kanalları, qəzetləri, xəbər agentlikləri TANAP-ın açılış mərasimi ilə bağlı geniş reportajlar hazırlayıblar. KİV-lərdə çıxış edən nüfuzlu ekspertlər, köşə yazarları nəhəng enerji layihəsinin tarixi əhəmiyyətindən bəhs ediblər. Xüsusən, qardaş Türkiyə mətbuatında Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsinin açılış mərasiminə və önəminə böyük diqqət yetirilib.

Türkiyənin aparıcı mətbuat orqanı olan "Milliyyət” qəzetinin internet səhifəsində "Əsrin layihəsinin möhtəşəm finalı” adlı məqalə dərc olunib. Məqalədə yazılıb ki, Azərbaycan, Gürcüstan və Türkiyə bölgədəki işbirliyini daha da irəli aparmaq üçün lazım olan töhfələrini verdilər: "Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən sonra Cənub Qaz Dəhlizinin sütunu olan TANAP layihəsi buna bariz nümunədir”. Digər mötəbər mətbu orqan "Sabah” də qəzeti yazıb ki, TANAP layihəsi regional əməkdaşlığını yeni səviyyəyə qaldıracaq: "Cənub Qaz Dəhlizi istər Türkiyə, istərsə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmli layihədir”. "Vatan” qəzeti Energetika və Təbii Sərvətlər Nazirliyinin müşaviri Fatih Dönməzin layihə ilə bağlı söylədikləri fikirlərə yer ayırıb. 

Türkiyəli məmurun sözlərinə görə, bundan sonra Türkiyə sadəcə enerji daşıyıcıların idxalçısı kimi deyil, bölgə ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində də önəmli tərəfdaş olacaq. Türkiyədə ən çox oxunan digər qəzetlərdən biri "Star” qəzeti isə TANAP-ı "Enerji İpək Yolu” kimi xarakterizə edib. Məqalədə bildirilib ki, layihə Türkiyədə enerji qiymətlərinin aşağı salınmasına imkan yaradacaq: "Layihə Türkiyədə bugünə qədər həyata keçirilən ən irimiqyaslı boru kəməri layihəsi olacaq”. Nüfuzlu "Yeni Şafak” qəzetinin köşə yazarı Erdal Tanas Karagöl yazıb ki, TANAP-ın həyata keçirilməsi yeni böyük enerji layihələrinə təkan verəcək və sərmayədarların gözündə Azərbaycanın və Türkiyənin rolunu yeni səviyyəyə qaldıracaq: "Layihə Azərbaycandan Avropaya uzanan təbii qaz ixrac boru kəməri kimi görünsə də, əslində, Şərqlə Qərb arasında təbii qaz dəhlizinin əsas hissəsidir. Ekspert vurğulayıb ki, kəmər Türkmənistan, İraq, İran və Şərqi Aralıq dənizi regionu ölkələrindən olan qazı da Avropaya ixrac etməyə imkan yaradacaq. Həmçinin, "Hüriyyət”, "Yeni akit”, "Axşam”, "Türkiyə” və digər qəzetlərdə dərc olunan informasiya və məqalələrdə TANAP sülh, inkişaf, təhlükəsizlik, sosial rifah layihəsi kimi təqdim olunub. Əsaslandırılıb ki, bu ideyanın ortaya çıxması və gerçəkləşməsi Azərbaycanın və Türkiyənin tarixi qardaşlığının, qurub-yaratmaq istəyinin nəticəsidir. DHA, İHA və digər xəbər agentlikləri TANAP-ın gerçəkləşməsi istiqamətində qəbul edilən siyasi qərarların əhəmiyyətini, bu layihənin iqtisadi gücünü, onun enerji təhlükəsizliyindəki rolunu diqqətə çatdırıblar. 

TANAP-ın açılış mərasimindən canlı reportaj yayan Türkiyənin TRT Haber kanalı təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və onun acı nəticələri barədə tamaşaçılara geniş məlumat verib. Canlı yayımda layihənin reallaşmasında iki qardaş ölkənin liderlərinin birgə qərarlarının əhəmiyyətinə dair mühüm məqamlara toxunulub. Aparıcı Sevil Nuriyeva tamaşaçıların diqqətinə çatdırıb ki, Azərbaycan Respublikası Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq, beynəlxalq layihələri həyata keçirməyə və hərtərəfli inkişafa davam edir. İşğalçı Ermənistan isə zaman-zaman olduğu kimi, indi də Azərbaycanda və Türkiyədə maraqları olan böyük dövlətlərin buyurduğunu yerinə yetirir. Buna baxmayaraq, Azərbaycan öz inkişaf yolunda qətiyyətlidir. O cümlədən Türkiyə dövləti də terrorizmə qarşı mübarizəyə böyük enerji sərf etməsinə baxmayaraq öz iqtisadi inkişaf dinamikasını qorumaqdadır.

İsmayıl