Azərbaycanın tanınmış simaları da qırmızı xalıdan keçdilər

“Şərq”in əməkdaşı da “Number one” mükafatına layiq görülüb




Dünyanın 15 ölkəsində rəsmi şəkildə keçirilən "Number one” mükafatı artıq 3 ildir Azərbaycanda da tanınmışlara təqdim olunur. Layihənin Azərbaycanda rəsmi təmsilçisi tanınmış teleaparıcı, Tural Ozandır. Ötən gün Azərbaycanın tanınmşları da "Number one” mükafatlarına layiq görüldülər. Dünya ulduzları kimi Azərbaycanın tanınmış sənətçiləri, öndə olan aparıcıları, jurnalistləri və təşkilatları qırmızı xalıdan keçərək mükafatlandırma məkanına qədəm qoydular.

Beynəlxalq layihənin əsas prinsipləri Azərbaycanda da öz əksini tapıb. Ölkənin tanınmış iş adamları, şirkətləri, məşhur sənət adamları, telekanal simaları, jurnalistlər ölkə ərazisində keçirilən sorğu əsasında adıçəkilən mükafata layiq görülür.

Ötən gün "Number one” mükafatına Azərbaycanın Xalq artistləri Faiq Ağayev, Amaliya Pənahova, Nazpəri Dostəliyeva və bir çox tanınmış müğənnilər, prodüserlər də layiq görüldülər. Azərbaycan mediasının da bir neçə jurnalisti "Number one” mükafatına layiq görüldülər. Media təmsilçiləri arasında Lent.az saytının əməkdaşı Yalçın Uğur və eyni zamanda "Şərq” qəzetinin əməkdaşı Tahirə Məmmədqızı ölkənin "Number one” jurnalistləri olaraq ödülə layiq görüldülər.

Təqdimat mərasimində Xalq artisti Faiq Ağayevin çıxışı xüsusilə alqışa səbəb oldu: "Biz xarici ölkələrin mükafatlandırma mərasimlərini izləyəndə sənət adamlarının, televiziya işçilərinin, jurnalistlərin mükafatlandırma mərasimlərini izlərkən onlara həsəd apara bilirik. Çünki əcnəbi ölkələrdə bu kimi beynəlxalq həcmli mükafatlandırma mərasimlərində ödül alan, mükafata layiq görülən sənətçilər biri-birinin uğurunu alqışlamağı bacarırlar. Onlar biri-birini dəstəkləyirlər. Biz isə özümüzü alqışlamağa xəsislik edirik. Gəlin həmkarlarımızın, dostlarımızın uğurlarımıza sevinməyi bacaraq. Qırmızı xalıdan keçərək belə möhtəşəm mərasimdə ödül sahibi olmaq həqiqətən insanı ruhlandırır. Mən bu il ölkənin "Number one” mükafatına layiq görülən bütün dostlarımızı təbrik edirəm”.

Təqdimat mərasimindən sonra tanınmışlarla fotosessiyalar baş tutdu, furşe keçirildi.