Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonu yaradan AMİL...




"Xarici ticarət dövriyyəsinin müsbət saldosunun iki dəfə armasında qeyri-neft sektorunun da rolu var”

Bu barədə "Sherg.az”a iqtisadçı-ekspert Fuad İbrahimov bildirib.

Onun sözlərinə görə, bu artım əsasən neftin qiymətinin son vaxtlarda dünya bazarlarında dinamik artımı ilə bağlıdır:

"Neftin qiymətinin artması ilə paralel olaraq qeyri-neft sektorunda da müəyyən bir artım müşahidə edilir. O da öz xüsusi çəkisi ilə həmin o göstərilən statistik rəqəmlərdə öz əksini tapır. Ümumiyyətlə, hər iki sahədə dinamik artım müşahidə olunur. 

Bir məqam var ki, qeyri-neft sektorunun potensialı dinamik şəkildə artarsa, qeyri-neft sektorunda da müsbət saldonunun yaranacağının şahidi olacağıq. Belə olan halda isə bu saldo daha da artacaq. Arzu edirik ki, qeyri-neft sektorunun xüsusi çəkisi və inkişafı yaxşılaşsın.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 11,226 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,5% çoxdur. 5 aylıq ticarət dövriyyəsinin 7,371 mlrd. dolları ixracın, 3,855 mlrd. dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 65,6%, idxal isə 36,85% artıb. Beləliklə, xarici ticarətdə 3,515 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,15 dəfə çoxdur.

Kənan Eynuroğlu