"Azərbaycanla Fransanı siyasi, mədəni, iqtisadi əlaqələr birləşdirir"





"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının Fransa ilə sıx əlaqələri olub”.

Bunu "Sherg.az”a Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsindən danışarkən millət vəkili Rasim Musabəyov deyib. 

O vurğulayıb ki, Azərbaycan-Fransa əlaqələri tək Cümhuriyyətin 100 illiyinin qeyd olunması ilə məhdudlaşmır:

"Bu Avropa ölkəsi ilə əlaqələrimiz bütün sahələrdə normaldır. AXC dövründə Versal sülh konfransı üçün cümhuriyyətçilər Fransa hökuməti, ziyalıları ilə əlaqələr qurublar. Cümhuriyyətçilərin o dövrdə yaratdığı münasibətlər, müasir dövrdə qarşılıqlı maraqlar əsasında davam etdirilir. 

Fransa ATƏT-in Minsk qrupunun həmsədridir, Azərbaycanın bir çox layihələrində investor rolunda çıxış edir. Hər iki dövləti siyasi, mədəni, iqtisadi əlaqələr birləşdirir. Bütün bunlar münasibətlərin gələcəkdə inkişafı üçün də yaxşı zəmindir”.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Fransa bir çox tədbirlərə ev sahibliyi etdi. Bundan əlavə, Fransa prezidenti Emmanuel Makronun yaxın zamanda ölkəmizə səfəri gözlənilir.

Aysel Aslan