İlqar Altay: "Burada rus millətçiliyi, şovinizmi və Azərbaycana qarşı siyasi soyuqluq münasibətini də nəzərdən qaçırmaq olmaz"
"Elə də bir idman titulu olmayan azərbaycanlı gənc Anar Allahverənovla rusiyalı çempionun qarşılıqlı davasında ikincinin cəsarət alıb ölməsi faktını şişirdib, sensasion hadisə kimi qələmə vermək qərəzli görünür”.
Bunu "Sherg.az”a Rusiyada azərbaycanlı gənc idmançının rusiyalı həmkarını döyüb qətlə yetirməsindən danışarkən kriminalist İlqar Altay deyib.
Onun sözlərinə görə, Rusiyadakı cəmiyyət elə bir psixoloji haldadır ki, istənilən mübahisə dərhal əlbəyaxa davaya keçir:
"Bir vaxtlar Moskva və digər Rusiya bölgələrində ekspert-kriminalist işləyib, çox belə hadisələrin bilavasitə içində olmuşam. Bu gün sovetlər kimi sərt olmayan sistemdə bu aqressiv ictimai buraxmalıq daha da artıb. Əksəriyyətinin içki düşkünü olduğu və içki içməyənin belə genetik alkoqol simptomu psixozu yaşadığı cəmiyyət üçün bu adidir. Hələ odlu və soyuq silah, müxtəlif dəmir və s. alətlərdən istifadə etmirlərsə, əliyalın dava o mühitdə heç bir şey sayılır. Adi yol hərəkəti narazılığında mübahisə zamanı maşını saxlayıb küçənin ortasında əlbəyaxa davaya keçirlər.

Belə mühitdə kafedə iki cavan adamın çıxıb bayırda təkbətək mübahisə həll etməsi Rusiyada hər gün bəlkə minlərlə dəfə baş verir. Həmin hadisələrin əksəriyyəti xəsarətsiz, ölümsüz ötüşmür. Evdə, qonşuda, yolda, kafedə, hər yerdə belə hallar olur. Kriminal hadisələri də bu gün daha da gücləndirən Rusiya hüquq-mühafizə sisteminin dərin korrupsiyaya bulaşmasıdır. Polis öz işini görmür və ya görə bilmir. Bu hadisə də onlardan birisi və növbətisidir. İlkin müşahidələr onu göstərir ki, kafeyə gələn və artıq içkili olan pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun həm irigövdəli idmançı olması, həm də içkinin təsiri ilə özünə arxayınlığından mübahisəyə, təxribata meylli olub. Əks halda bir neçə nəfər qafqazəsilli cavanın məclisinə qarşı belə cürətli ola bilməzdi. Və təbii ki, 32 yaşlı çempionun 7 yaş özündən cavan adama "çıxaq danışaq" tələbi etməsi də onun əvvəlcədən hansı əhval və durumda olduğunun göstəricisidir.
Videodan da görünür ki, onlar kafenin həyətində təkbətək və əliyalın dalaşırlar. Bu davada rus çempion azərbaycanlıdan daha iri cüssəli və əzələli görünür. Onun zərbəsindən əks variant, yəni Anarın xəsarət alması ya da ölümü baş verə bilərdi. Bu adi dava zamanı ehtiyatsızlıq əməlidir. Qaldı ki, Anarın rəqibinə onun yıxılıb uzanmış halında zərbə endirməsi, ölümə qəsd hay-küyü tərəfdarlarına müəyyən arqument verə bilsə də, əsassızdır. Birincisi, Anar güclü çempion rəqibinin qalxıb durması və davanı davam etmə cəhdini görüb bunu edib. İkincisi, normal vəziyyətdə bu boyda iri cüssəli idmançı çempion bir neçə yumruq zərbəsindən ölməməli idi və Anar da bu məntiqlə bunu edib. Üçüncü isə belə qarşılıqlı davada prosesin tərəflərə affektiv psixoloji durum yaratma təsiri də var. Belə qızışma ilə gedən hadisələrdə davaların böyük əksəriyyəti bir zərbə ilə bitmir. Çox güman ki, aqressiv rus çempion da Anarı vurub, yıxsa zərbələri davam etdirəcəkdi. Beləliklə, Anarın bu əməlinin tərkibi ehtiyatsızlıqdan adam öldürmədir”.
İndiki Rusiya cinayət qanununa istinad edən İ.Altay deyib ki, hakimlərin ən sərt yanaşması halında belə bir neçə il cəza ilə nəticələnə bilər:
"Rusiyada statistika üzrə gündə çoxlu belə hadisə baş verdiyi halda niyə belə ictimai rezonans baş verib, səs-küy yaranıb? Əvvəla, ölən tanınmış çempiondur və rusdur. İkincisi, ölümdə günahlandırılan, Rusiyada ən arzuolunmaz millətlərdən biri sayılan azərbaycanlıdır. Üçüncü, və ən əsası bu fakt hər yerdə, xüsusən Rusiyada Azərbaycanı "xoxan” kimi göstərməyə çalışan ermənilərin ələ düşmüş fürsətdən istifadə etməyə çalışmasıdır. Burada rus millətçiliyi, şovinizmi və Azərbaycana qarşı siyasi soyuqluq münasibətini də nəzərdən qaçırmaq olmaz. Bir müddət öncə Orxan Zeynalovun sıradan bir məişət mübahisəsi zəmnində törədilmiş ölümə görə, başına torba salınıb, vertolyotla Rusiya daxili işlər nazirinin kabinetinə - ayağına gətirilməsi tele-şousunu da yada salaq”.
Qeyd edək ki, Anar Allahverənovun axtarışı davam etdirilir. Artıq şəhərin bütün küçələrinə, dəmiryolu və avtovağzallara, təyyarə limanına Anarın şəkli olan vərəqələr yapışdırılıb.
Aysel Aslan