Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kamboca Krallığının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn ilə görüşüb.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətlərin inkişafını nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsinin, parlamentlərarası əlaqələrin gücləndirilməsinin və beynəlxalq platformalarda, xüsusilə Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və ASEAN çərçivəsində qarşılıqlı dəstəyin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Prak Sokhonn qarşıdakı CICA Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib və tədbirin təşkilində tam uğurlar arzulayıb.

Nazirlər mina təmizlənməsi sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Həmçinin regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılıb, davamlı koordinasiya və dialoqun vacibliyi vurğulanıb.