Azərbaycanlı jurnalist “İŞİD”ə işıq saldı
Səbuhi Məmmədli: “İŞİD həqiqətlərini üzə çıxartmaq üçün bu layihənin önəmi böyükdür”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və "Lent.az İnformasiya Agentliyinin birgə layihəsi çərçivəsində İŞİD həqiqətləri: reallıq və miflər” kitabının, habelə "Qara bayraqlı qaranlıq” sənədli filminin təqdimatı keçiriləcək. Kitabın və filmin müəllifi Səbuhi Məmmədlidir. Xatırladaq ki, kitab və film "3 gün xilafətlə üz-üzə” silsilə yazıların əsasında hazırlanıb.
Həmin yazıların qəhrəmanları Suriyanın müxtəlif şəhərlərindən İŞİD zülmündən qaçaraq, Türkiyə sərhədinə yığışmış insanlar olublar. Onlar bəşəriyyətin qara yarasına çevrilmiş terror təşkilatının törətdiyi vəhşətlərdən danışıb, insanları onların cənnət vədinə inanmamağa çağırıblar. İŞİD haqqında kitabın və yeni filmin müəllifi, tanınmış jurnalist Səbuhi Məmmədli layihə barəsində "Şərq”ə müsahibə verib. Jurnalist layihənin hansı zərurətdən yarandığını açıqlayıb...
- Səbuhi bəy, İŞİD-lə bağlı kitab necə meydana gəldi, hansı səbəbdən belə bir layihəyə ehtiyac duydunuz?
- Mən son 2 il ərzində dünyanın bir çox qaynar bölgələrində, qeyri-stabil ölkələrində olmuşam. Getdiyim bütün yerlərdə terror probleminin nə qədər ciddi olduğunu görmüşəm. İraq, Suriya, Dağıstan və s. yerlərdə dəhşətli hadisələrə şahidlik etmişəm. Heç kimə sirr deyil ki, son vaxtlar bütün dünyanın ən ciddi məsələsi İŞİD adlı terror təşkilatıdır. İŞİD dünyanın informasiya məkanını zəbt edən təhlükəli bir məsələdir. Ona görə də bu mövzuya toxunmaq zərurətini hiss etdim. 2013-cü ilin avqustunda Suriyada olduğum zaman, sadəcə, "Azad Suriya Ordusu” və Bəşər Əsəd arasında münaqişə var idi. Yəni ölkədə vətəndaş müharibəsi gedirdi. Ancaq sonradan İŞİD meydana çıxdı və bununla da böyük bir ərazi işğal olundu. Terrorçular özlərinə "islam dövləti” yaradaraq, dünyaya meydan oxumağa başladılar. Çox təəssüflər olsun ki, Azərbaycan vətəndaşları da İŞİD-in yalançı ideologiyasına uyaraq, terrorçulara qoşulmağa başladılar. Ona görə də belə bir layihənin zəruri olduğunu düşündüm.
- Kitab və filmin hazırlanmasında konkret məqsəd nə idi?
- Məqsəd İŞİD zülmündən qaçaraq Suriya-Türkiyə sərhəddindəki qaçqın kamplarına sığınan insanların dilindən terrorçuların yaydığı dəhşəti ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə biz Suriya-Türkiyə sərhəddindəki Kilis şəhərində olduq, Karakamışa getdik, sərhəddə yerləşən bir neçə kəndlərə baş çəkdik. İŞİD-in əlindən qaçan insanlarla görüşdük, canlı ünsiyyət qurduq. Terrorçuların zülmünə uğramış insanlar İŞİD-in onların başına gətirdikləri dəhşəti bizə anlatdılar. Həmin səfərdən sonra "Lent.az” saytında 8 reportaj yazdım. Reportajlarda canlı şahidlərin dilindən İŞİD dəhşətləri, terrorçuların yanlış propoqandasını ifşa etdim. Daha sonra fikirləşdim ki, həmin yazılar fonunda terroru daha geniş araşdıraq və bununla bağlı kitab, eyni zamanda film ərsəyə gətirək.
- Bu işdə sizə kim dəstək oldu, layihəni kim maliyyələşdirdi?
- Bizə dəstək verən qurum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və "Lent.az” informasiya saytıdır. Mən Komitənin dəstəyi ilə bir layihə hazırladım və onu qurum sədri, hörmətli Mübariz müəllim (Dini Komitə sədri Mübariz Qurbanlı) ilə paylaşdım. Mübariz müəllim layihəni alqışladı və dedi ki, Azərbaycan gənclərini belə zərərli bir ideologiyadan daşındırmaq, İŞİD həqiqətlərini üzə çıxartmaq üçün bu layihənin önəmi böyükdür. Ona görə də birgə əməkdaşlığa razılıq verdi.
- Kitab çox oxunmadığı üçünmü onunla paralel film çəkilişinə ehtiyac duydunuz?
- Əlbəttə. Nəzərə almaq lazımdır ki, İŞİD barəsində kitab məhdud olacaq. Hardasa 400-500 tirajla çap olunacaq. Buna görə də onu çox adam oxuya bilməyəcək. Amma film daha geniş auditoriyaya hesablanıb. Həm də filmin təsir gücü kitabla müqayisədə çoxdur. Yutuba, internet saytlara qoyulan film ictimaiyyətdə geniş yayılacaq.
- İndiyə kimi belə bir təşəbbüs olub, yoxsa İŞİD-lə bağlı kitabı ilk siz yazmısız?
- Bildiyimə görə, olmayıb. Yəni demək olar ki, belə bir layihəni ilk mən hazırlamışam. Düzdür, terrorçularla bağlı məqalələr yazılıb, amma kitab şəklində çap edilməyib.
- İŞİD-lə mübarizəyə həsr olunmuş layihə istiqamətində növbəti kitab və ya film olacaqmı?
- Çox güman ki, olacaq. Çünki İŞİD, ümumiyyətlə, terror elə bir bəladır ki, onu sadəcə bir kitaba sığdırmaq mümkün deyil. Yəni bir kitabla bütün həqiqətləri mükəmməl şəkildə ortaya qoymaq olmaz. Bu baxımdan yeni layihələrin olacağı istisna deyil. Bu, kitab da ola bilər, film də.
- İŞİD-ə həsr olunmuş kitab və filmlə bağlı insanların reaksiyası necə oldu? Müsbət rəylər aldınızmı?
- Terror həqiqətləri ilə bağlı reportajlarıma çox maraqlı və müsbət reaksiyalar oldu. Ümid edirəm ki, kitab və filmə də ictimaiyyətin münasibəti müsbət olacaq.
İsmayıl