Eyyub Hüseynov: “Bir çox ölkələrdə olduğu kimi Dövlət Kommunal Agentliyi yaradılmalıdır”
Mətbuat orqanları Bakının qışa hazır olub-olmadığı ilə bağlı araşdırma yazanda digər dövlət qurumları ilə yanaşı, "Azəristiliktəchizat” ASC də vətəndaşların istilik sistemi ilə bağlı heç bir problem yaşamadığını bəyan etmişdi. Guya ki, noyabrın 15-dən etibarən payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaqdı.
Lakin qurum öz vədinə əməl etmədi. Söz verilən tarixdən 10 gün keçməsinə rəğmən hələ də bəzi binalara istilik verilməyib. Təchizatın olduğu binalarda isə istiliyin 2 gündən sonra kəsildiyi barədə mətbuata müraciətlər olur. Artıq bir neçə gündür Bakının yarısında və regionlarda əhali istiliyin olmamasından əziyyət çəkir. Daha dəqiq desək, "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz” İstehsalat Birliyinə olan 3 milyon manat borcunu ödəməməsi səbəbindən vətəndaşlar evlərdə, şagirdlər məktəbdə, azyaşlı uşaqlar bağçalarda üşüyürlər. Vəziyyət o yerə çatıb ki, paytaxt məktəblərində şagirdlər dərs zamanı palto, gödəkcə ilə oturmağa məcburdur. Bağçalarda körpələr donmasın deyə, valideynlər öz aralarında vəsait toplayaraq qızdırıcı almağa məcbur olub. Hələ müalicə üçün xəstəxanalara üz tutan və burada soyuq otaqlarda əlavə xəstəlik tapanları demirik... Necə deyərlər, iki dövlət qurumu biri-birilə didişməkdə, vətəndaş da donmaqda davam edir... "Azəristiliktəchizat”ın abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə öz açıqlamasında problemin qismən həll olunduğunu deyib. Onun sözlərinə görə, gün ərzində 50-60 qazanxanalara qaz verilməyə başlayır: "Azəriqaz” İstehsalat Birliyi danışıqlar əsasında qazanxanalara hissə-hissə qaz verməyə başlayıb. Danışıqlar davam etdirilir”. R.Əliyevin "Əgər razılığa gəlinibsə, hansı səbəbdən bütün qazanxanalara verilən qaz bərpa edilmir” sualına cavabı isə belə olub: "Bizim əlimizdə olsa idi, noyabrın 15-dən bütün evlər istiliklə təchiz edilərdi. "Azəriqaz”dan bildiriblər ki, qazanxanaların hamısına birdən deyil, qrafikə uyğun, mərhələli şəkildə qaz veriləcək. Bildiyiniz kimi, hökumətə də müraciət etmişik. Onlar da hər hansı şəkildə kömək edəcəklər. Bizim tərəfimizdən də "Azəriqaz”a ödənişlər edilir. "Azəriqaz” söz verib ki, dekabrın əvvəlinə qədər bütün qazanxanalar qazla təmin ediləcək”. R.Əliyev həmçinin qeyd edib ki, istilik verilməyən ayların ödənişi abonentdən alınmayacaq: "İstilik verilməyən günlər nəzərə alınacaq. Yəni onsuz da istilik verilməyən gün üçün haqq tələb edilə bilməz. Əhali buna görə narahat olmasın”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, bu kimi problemlərin qaynaqlanmasının əsas səbəbi hələ də Azərbaycanda vahid kommunal xidmətin yaradılmamasıdır. Onun sözlərinə görə, kommunal sektorda ciddi islahatlar getməyincə, qış aylarında istilik, qaz, işıqla bağlı ciddi problemlər hələ çox yaşanacaq: "İllərdir deyirəm ki, Azərbaycanda bütün kommunal xidmət sahələri bir agentlikdə birləşdirilməlidir. Bu qurumda xidməti düzgün tənzimləməli və əhaliyə tələb olunan normada istilik verilməlidir. Elektrikin verilişində problem yaranırsa, qazın təzyiqini artırmalıdır. Amma bizdə əksinə gedir. Xüsusən də rayon yerlərində qar yağan kimi işığı kəsirlər. İşıq kəsiləndə isə avtomatik qaz da azalır. Yaxud da əksinə olur. Belə olan halda istehlakçı nə etməlidir? Məcbur olub əlində balta meşələri qıracaq. Meşə olmayan yerdə isə insanlar gedib dəmiryolunda şpalları sökmək kimi radikal üsullara əl atırlar. Ya da ki, qaz kəsiləndə bütün güc elektrik enerjisinin üstünə düşür və bu dəfə də transformator yanır. Amma bütün kommunal xidmətlər vahid bir əldə birləşsə, belə anlaşılmazlıqlar yaranmaz. Qaz azalan yerin elektrik enerjisini gücləndirərlər ki, istehlakçılar üçün narahatlıq yaranmasın. Bu xidmətlər ayrı-ayrı qurumlara tabe olduğu üçün istehlakçılar əziyyət çəkir. Bir çox ölkələrdə olduğu kimi Dövlət Kommunal Agentliyi yaradılmalıdır və enerji daşıyıcılarının paylanmasında balanslaşmanı məhz bu agentlik həyata keçirməlidir. Belə olarsa, "Azəristilik”lə "Azəriqaz” kimi qurumlar borc davasına çıxmaz və əhaliyə verilən istilikdə də heç bir problem yaşanmaz”.
Şəymən