Firudin Qurbansoy: “10-15 il əvvəl nəzarət olsaydı, bu təbliğat digər kanallara da ayaq açmazdı”
Son dövrlər Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanalların fəaliyyətinə, iş prinsipinə, verilişlərin formatına və ümumi televiziya məkanına nəzarəti gücləndirib. Bunun nəticəsi olaraq bir çox verilişlər bağlandı, ya da yayımına müəyyən məhdudiyyətlər qoyuldu.
Milli Televiziya və Radio Şurasının bu günlərdə maraqlı bir açıqlaması da diqqətlərdən qaçmadı. Belə ki, MTRŞ-nin şöbə müdiri Təfəkkül Dadaşovun son açıqlamalarının biri də müzakirələrə səbəb oldu. " Mövhumatın, xurafatın, ekstrasens və falçıların təbliğinə yol verən verilişlər Milli Televiziya və Radio Şurasının daim diqqətindədir”.
Onun sözlərinə görə, hazırda ümumrespublika yayımçısı olan telekanalların efirində bu cür verilişlər demək olar ki, yoxdur: "Amma Şuraya daxil olan məlumatlara görə, bəzi region kanallarında falçıları təbliğ edən verilişlər yayımlanır. Hazırda həmin verilişlər MTRŞ tərəfindən təhlil olunur”.
T.Dadaşov ANS televiziyasında yayımlanan "Məchulu tapın” verilişi ilə bağlı hazırkı vəziyyətə də toxunub. O bildirib ki, telekanal həmin verilişin vaxtını dəyişib. Veriliş gecə saatlarında yayımlanacaq: "ANS TV "Məchulu tapın” verilişinin vaxtını dəyişdirərək gecə saatlarında efirə verir.
Qanuna görə, uşaqların və yetkinlik yaşına çatmayanların əqli, mənəvi və fiziki inkişafına mane ola biləcək verilişlərin səhər saat 07:00-dən axşam 23:00-dək verilməsi qadağandır. Biz "Məchulu tapın” verilişində ekstrasens və falçılığın reklamından şübhələnmişdik.
Efirdə hipnoz səhnələri olan, mövhumatı, falçıları təbliğ edən verilişlərin axşam saat 23:00-dan sonra verilməsindən asılı olmayaraq, yenə də diqqətdə saxlanılacaq”.
Məsələyə münasibət öyrənmək üçün tanınmış ekstrasens Firudin Qurbansoyla əlaqə yaratdıq. Telekanallarda falçılığı, ekstrasensliyi təbliğ edən verilişlərə nəzarətin gücləndirilməsinə ehtiyac varmı? "Şərq”ə açıqlama verən Firudin Qurbansoy "Mənə elə gəlir ki, televiziyalarda mövhumatı, falçılığı təbliğ edən verilişlərə mütləq nəzarət olmalıdır. Hətta deyərdim ki, bu, gecikmiş bir qərardı. Onları nəzarətsiz qoyduqca, belə dırnaqarası falçıların təbliği genişlənir.
Əgər qərar verilib ki, onlara nəzarət olacaq, bunu alqışlamaq lazımdı. 10-15 il əvvəl bu nəzarət olsaydı, AzTV-dən başlayan bu təbliğat sonralar digər kanallara da ayaq açmazdı. Efirlərdə özlərini ekstrasens, nə bilim, daha kim olaraq təbliğ edən bir çoxlarının aqibəti də, əməlləri də göz qabağındadır. Ona görə də efirlərdə hər bir kanal rəhbəri bu məsələyə ciddi nəzarət etməlidir. İnsanlara psixoloji təsir etməyə çalışan insanlar müxtəlif üsullarla təbliğlərinə çalışırlar. Burada əsas məqsəd pul qazanmaqdı. Fırıldaqçılığın mədəni yolunu seçənlər var ki, efirlərdə insanları hipnoz etməklə özlərini falçı, uzaqgörən, ekstrasens adlandırırlar. Bu elm barədə bir az məlumatı olan insan da kimisə hipnoz edə bilər. Biri əlinə ilan götürüb falçılıqla məşğuldu, biri nə bilim, düyü ilə baxır. Bilirsiz, buna da çox zaman cahil insanlar inanır deyə, onların əlinə fürsət düşür ki, istifadə etsinlər. Efirlərdə də belələrini görəndə insanların onlara inamı yaranır. Yəni efir onların təbliğatını aparmış olur. Təbii ki, bu elm bütün dünyada var. Sadəcə, hər adam özünə ekstrasens deməklə ekstrasens olmur. Bunu da müəyyən etmək əslində jurnalist, peşəkar aparıcı üçün çətin olmamalıdır. Bir-iki sualdan sonra bəlli olur ki, qarşısında olan insan fırıldaqçıdı, ya yox. Bir sözlə, Milli Televiziya Şurası kanallara bu verilişlərlə bağlı nəzarəti gücləndiribsə, bu, təqdirəlayiqdir”.
Tahirə