Badamdarda sürüşmə: Ərazinin xəritəsi Nazirlər Kabinetinə təqdim edilib





Bakının Səbail rayonunda, Badamdar - 20-ci sahə yolunda baş vermiş sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Bunu Trend-ə özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralovun sözlərinə görə, sürüşmənin əhatə dairəsinə sürüşmə ərazisinin yuxarı qaşında (istinad divarının yuxarı hissəsində) yerləşən 11 fərdi yaşayış evi və 20-ci sahə-Badamdar yolunda yerləşən iki iaşə obyekti düşüb:
"Evlərə və obyektlərə ziyan dəyməsə də, onlar sürüşmənin əhatə dairəsinə düşüblər. Buna görə də həmin tikililər hər zaman sürüşmədən ziyan çəkə bilərlər".
ETSN rəsmisi əlavə edib ki, ekologiya və təbii sərvətlər nazirinin tapşırığına uyğun olaraq, sürüşmə ilə əlaqədar növbətçilik rejiminə keçilib. Ərazidə mütəmadi olaraq müşahidələr aparılır.