Bağçalar Təhsil Nazirliyinə qaytarılır

“Məktəbəqədər təhsilin icra hakimiyyətinə verilməsi səhv idi”



Azərbaycanda bağçaların yenidən Təhsil Nazirliyinə (TN) qaytarılması istiqamətində artıq işlərə başlanılıb. Bu barədə Modern.az saytı xəbər yayıb. Məlumata görə, məlum proses yaxın zamanda reallaşacaq. Qeyd edək ki, 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinin tabeliyinə verildi.

Təhsilin ilk pilləsinin yerli icra hakimiyyətlərinə verilməsi həmin qurumlarda idarəetmə baxımından müsbət dəyişikliklərə səbəb oldu. Amma uşaqların məktəbə hazırlığı, ilkin biliklərin öyrədilməsində problemlər qalmaqdadır. Bunu təhsil naziri Mikayıl Cabbarov da qeyd edib. O, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin qənaətbəxş olmadığını deyərək, məktəblərdə məktəbə hazırlıq kurslarının açıldığını vurğulayıb. Çünki bağçalarda tərbiyəçi müəllimlərin peşəkarlıq səviyyəsi tələblərə cavab vermir.

Təhsil eksperti Nabatəli Qulamoğlu da söyləyib ki, bağçalar pedaqoji sahədə təcrübəsi olan qurumların tabeliyinə verilməlidir. Ölkəmizdə də bu sahə ilə TN məşğul olur: "Hesab edirəm ki, bağçaların vaxtilə TN-dən alınıb, Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi çox yanlış qərar idi. Bu addım məktəbəqədər təhsilə ciddi zərbə vurdu. Həmin məsələ bilərəkdən həyata keçirilmişdi. Yeganə məqsəd də o idi ki, bağçaların xeyli hissəsini özəlləşdirib, öz aralarında ata malı kimi bölsünlər. İstəklərinə nail oldular. Araşdırma aparsanız dediklərimin şahidi olarsınız. Bağçaları xüsusi mülkiyyətlərinə çevirdilər. İndi də deyirlər ki, bizə lazım deyil. Bir daha bəyan edirəm ki, bağçaların zamanında TN-dən alınması xalqa qarşı yönəlmiş addım idi. İndi də nəticələr göz önündədir. Bu mənada düşünürəm ki, bağçaların yenidən TN-ə həvalə olunması müsbət nəticələr verəcək”.

Ayyət Əhməd