Son zamanlar məlumdur ki, intihar hadisələrinin artması ilə bağlı mətbuatda, sosial şəbəkələrdə davamlı xəbərlər yayılır, təhlillər, məlumatlar dərc olunur. Təəssüf ki, bu gün də intihar xəbərlərindən "korluq" çəkmədik. Günün birinci yarısı olmasına baxmayaraq, 4 intihar hadisəsi mətbuatda yer aldı. Bərdə rayonu Əliyanlı kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu özünü asaraq intihar edib. Ağdam rayonu Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu Quzanlı qəsəbəsində məskunlaşdığı evin həyətində özünü ağacdan asıb. Digər iki hadisə Bakıda baş verib. "Ulduz" metro stansiyasında 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına ataraq intihar edib.
Mətbuatda və sosial şəbəkələrdə daha çox müzakirə olunan isə Lerik rayonundan olan 21 yaşlı gənc şairin intiharı oldu. "Məlik Cahan” imzası ilə şeirləri dərc olunan Məlik Cahangirov "Facebook" profilində 52 saat 2 dəqiqə yazıb və elə həmin vaxtda da özünü dənizə ataraq intihar edib.
Gənc şair və yazarların intiharının səbəblərinə gəlincə, ədəbiyyat nümayəndələri bunu daha çox sosial problemlərlə əlaqələndirir. Hətta gənc şair Tural Turan sosial şəbəkə hesabında "Gənc şairlərə ev verin, qocalara yox, qocalar intihar etməyəcək” şəklində müraciət ünvanlayıb. Bu barədə "Sherg.az”a danışan T.Turan düşünür ki, yazarları intihara sürükləyən bir neçə səbəb var:"Çevrənin onlara qarşı diqqətsizliyi, sosial problemlər, cəmiyyətlə uyuşmazlıq bu intihara sürükləyən əsas problemlərdir. İntihar edən və ya buna cəhd göstərən insanlar, gənc yazarlar çox saf insanlardır. Eyni zamanda çevrəni dəyişməyə çalışdıqları halda, tək olduqları üçün öhdəsindən gələ bilmirlər. Bəzən həssas məqamlara toxunub fikir bildirəndə bir çoxları onlara etinasız yanaşır. Bəzi halda isə ələ salmaq kimi hallarla üzləşirlər. Bütün bunlar axırda psixoloji partlayışa gətirib çıxarır.
Gənc yazarlara diqqət məsələsinə gəlincə, birincisi, hökumət istedadlı gənclərə ev verməlidir. Özü də imkansızlara, iki-üç evi olanlara yox. Onlara prezident təqaüdü və digər təqaüdlər ayrılmalıdır. Təssüf ki, bəzi aidiyyatı qurumlar bu məsələdə ayrıseçkilik edirlər. İstedadlı qıraqda qalır, hökümətin gənc istedadlara, yazarlara verdiyi imtiyazlardan istedadsızlar yararlanır. Bəzən imkanlı yazarlar təqaüdə layiq görülür. Bütün bunlar – sosial haqsızlıqlar diqqətdən kənarda qalanları intihara sürükləyən amillərdir. Cəmiyyətdəki katastrof sosial durum da onların həyatına təsir göstərir. Maddi durum, imkansızlıq və s. Bu barədə bir neçə dəfə mediada çıxış etmişəm. Hətta bir dəfə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlərindən bəzilərinə niyə təqaüd verilməməsini qabartmışdım. Həmin gənc yazarların adlarını da çəkmişdim. Yazı yayımlanandan sonra adlarını çəkib, haqlarını tələb etdiyim adamlar məsələyə etinasız yanaşdılar. Məni "nəyinə lazımdır?” kimi bir dilemma ilə üz-üzə qoydular. Bundan çox sarsıldım.
Deyirlər ki, intihar çıxış yolu deyil. Razıyam. Bəs alternativ fikir nədir? Dözmək? İnsan da enerji tükətən varlıqdır axı. Stimul lazımdır. Dözmək də bir həddə qədərdir. Enerji də immun kimi bir şeydir. Tükənəndə ruhi, psixoloji halın müqavimət qabilliyyəti iflic olur. Məncə dövlət bu işin üzərinə ciddi düşməlidir”.
Şair Taleh Mənsur isə qələm dostu ilə bağlı təəssüfünü bu cür ifadə edib:"Belə getsə, bu məmləkətdə binaların girişinə vurulmuş barelyeflərə, "Filan şair, filan yazıçı filanıncı illərdə bu binada yaşamışdır" kimi sözlərinin əvəzinə, "Filan şair, filan yazıçı filanıncı ildə bu binadan özünü ataraq intihar etmişdir" sözləri yazılacaq. Belə getsə, bu məmləkətin çaylarında dənizlərində, dəryalarında şairlərin sevdalı xəyalları deyil, cansız cəsədləri üzəcək. Belə getsə... Yox, yox, belə getməsin!”.
İntiharların artmasına toxunan yazar Sevinc Elsevər isə çox insanın psixoloji yardıma ehtiyacı olduğunu vurğulayıb. O bildirib ki, psixoloqların belə intihar etdiyi cəmiyyətdə insanlar özündən muğayat olmalıdır:"Nənəmin dini inanclarına görə, bir gün mütləq qiyamət baş verəcəkdi. Həmin gün o qədər dəhşətli olacaqdı ki, ana balanın qeydinə qalmayacaqdı. Hərə öz başının hayında olacaqdı. Növbəti gənc şair intihar edib. Adamlar üzülürlər. Peşmançılıq keçirirlər ki, niyə daha bir adamı qoruya bilmədilər. Özlərini qınayırlar. Mən heç kimi qınaya bilmirəm. Çünki hamının əslində yorulduğunu görürəm. Bu ölkədə ayaq üstə gəzə bilən adamlar da içini qurd yemiş ağac kimidir. Bir küləyin, yağışın, bədxah bir əlin itələməsinə bənddir ki, aşsın. Yıxılanları tutub saxlaya bilmirik, çünki özümüz ayaq üstə güclə dayanırıq. Tutmağa bir divar yoxdur. Heç əlimizdə əsamız da yoxdur. Şəxsən mənim özümə tez-tez kömək lazım olur, psixoloji, mənəvi dəstəyə ehtiyacım olur. Özüm özümün qeydimə qalmağa çalışıram. Psixoloqların qəbulu da bahadır. Özü də bir ölkənin ki psixoloqları da intihar edə. O ölkədə hər kəs özündən muğayat olmalıdı”.
Gənc yazar Kəramət Böyükçöl isə Azərbaycanda kiminsə intihar səbəbini axtarmağın yersiz olduğunu düşünür. O da həmkarları kimi, səbəblərin çox olduğunu vurğulayıb:"Hər tərəf səbəblərlə doludur. Sosial problemlər, qayğılar, pulsuzluq və təbii, bunların yaratdığı ümidsizlik insanın həyatla əlaqələrini zəiflədir. Baş verən intihar hadisələri mənə elə gəlir, şairlik, yazıçılıq, həssaslıq ədəbiyyat adamı olub-olmamaq məsələsi deyil, ümumən cəmiyyəti bürümüş ümidsizlikdən yaranan bir şeydir”.
Cəmiyyətin intihara doğru sürüklənməsinin qarşısının alınması yollarına gəlincə isə, K. Böyükçöl bildirib ki, intihar qarşısıalınmaz, mümkünsüz bir prosesdir:
"Məsələn, mən özüm də intihardan sığortalanmamışam. Əsəblərim çox nazilib. Hər an özümə qəsd edə bilərəm. Belə bir düşüncədə olan adam başqalarına necə məsləhət verə bilər ki, intihara meyillənməsinlər? İntihar həm də şəxsi məsələdir, buna qarışmaq olmur”.
Qan Turalı imzası ilə tanınan yazıçı Tural Cəfərov Məlik Cahanı intiharından sonra tanıdığını vurğulayıb. Onun sözlərinə görə, şairlər intihar etmir, sadəcə insanlar intihar edir:"Şairlərin intiharı paranoyasının cəmiyyətə elə də təsir etməyəcəyini düşünürəm. Mətbuatın cəmiyyətdə intihar ovqatını yayması, filmlərdə kitablarda bunun təsviri intiharı insanlar üçün adiləşdirir. İntihar insanların qarşısında seçim imkanı kimi görünür.
Məsələn, Məlik Cahanın intihar xəbərini eşidən kimi onun haqqında məlumat axtardım. Sosial şəbəkədən, saytlarda əvvəl heç tanımadığım bu insan haqqında yazıları oxudum. Sosial şəbəkədə yazılanlar dəhşətə gətirir. Hamı yazır ki, "mənim dostluğumda olan adam intihar edib”, "mənim tanımadığım şəxs idi, yenə allah rəhmət eləsin” və s. "Mən, mən, mən”... Bu qədər "mən” görəndən sonra anladım ki, əslində insanların intiharının səbəbi məhz bu "mən”lərdədir. Çünki insanlar heç bir dövrdə olmadığı kimi indi "mən” sözündən istifadə etməyə çalışırlar. Əslində bütün dinlər "mən” sözünün əleyhinədir. Orta əsrlərdən bu yana insanların öz varlığını qabağa çəkməməli olduğu vurğulanır. Elə bir dövrdə yaşayırıq ki, eqolar həddindən artıq iridir. Bu rəqabət şəraitində insanlar daha tez, rahat həyatdan bezir, nəticədə qarşılarında intihar seçimi görürlər”.
Məlik Cahanın intiharından əvvəl yazdığı statusu xatırladan T.Cəfərov deyib ki, insanlar dostların intihar mesajı verən şəxslə maraqlanmamasını qınayır:
"Qanunvericilik baxımından intihar nə qədər absurd görünsə də, cinayət sayılır. Ona görə, dostların bu məsələdə həlledici mövqeyinin olmasını bir yerə qədər başa düşmək olar. İntihara meyllilik psixoloji baxımdan ağır sindromdur. Buna meylli olan şəxslər mütləq müalicəyə, psixoloji yardıma yönləndirilməlidir. Dostların edə biləcəkləri həqiqətən önəmlidir, amma belə məsələlərdə professional psixoloqla məsləhətləşmək daha doğru olar”.
Sosial şəbəkədə üzüntüsünü bölüşən yazar Cəlil Cavanşir Məlik Cahanın bir neçə şeirini oxuduğunu bildirib:"Cəmi bir dəfə görmüşdüm. Belə başa düşürəm dost çevrəsi böyük olub. Dostluğumda olmasa da, girib profilini incələdim. Çox aydın və açıq şəkildə intihar edəcəyi ilə bağlı mesaj verib və heç kəs bunu ciddiyə almayıb...
Cəmiyyət olaraq çox laqeyidik. Yanımızdan biri qaçaraq keçib, özünü qatarın altına atsa, "ay daaaa, özünü atdı!" deyib, keçib gedirik. Burnumuzun ucunda bezgin, yorğun adamları görüb, sadəcə susuruq. Heç kəs özünü yormaq, ətrafdakı insanları sevmək istəmir.
Sizi bilmirəm, mən özümü günahkar hiss edirəm...
Bağışla, şair...!”
Aysel Aslan