Bahalaşma siqaretdən kütləvi imtina yaradıb

Eyyub Hüseynov: “Şəxsən mən siqaretin qiymətinin bahalaşmasının tərəfdarıyam”



İki gündür mətbuatda siqaretin ucuzlaşması ilə bağlı xəbərlər dolaşır. Yayılan məlumatlara görə, paytaxt marketlərində siqaretin qiyməti 25-30 faiz ucuzlaşdırılıb.

Heç bir halda siqaretin qiymətinin ucuzlaşdırılmasının tərəfdarı olmadığını vurğulayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov siqaretlərin qiymət artımından sonra bəzi insanların bu zərərli vərdişdən imtina edəcəyini düşünür: "Ümumiyyətlə, bu gün siqaretlərin qiymətinin artmasına dünyada gedən siqaret əleyhinə kampaniyanın tərkib hissəsi kimi baxıram. Neçə gündür ki, bununla bağlı Azad İstehlakçılar Birliyinə telefon zəngləri daxil olur. Bahalaşma siqareti kütləvi tərgitməklə nəticələnib. Bu çox yaxşı bir cəhətdir. Ona görə də şəxsən mən siqaretin qiymətinin bahalaşmasının tərəfdarıyam”.

E.Hüseynov tütün məhsullarının qiymətlərinin artması ilə dövlət büdcəsinin doldurmaq üsulunun düzgün yanaşma olmadığını bildirib: "Siqaret məişət narkomaniyası sayılır. Əgər kimlərsə düşünürsə ki, bu yolla büdcəyə daxil olan gəlirləri artıracaq, bu, səhv yanaşmadır”.

AİB sədri deyib ki, istifadəçilərin siqaretdən birdən-birə imtina etməsi mümkünsüzdür və bu, tədricən baş verəcək.

Siqaretin qiymətinin artmasının mənfi fəsadlara yol açıb-açmayacağına gəldikdə isə AİB sədrinin sözlərinə görə, bu, özünü keyfiyyətsiz, radiasiyalı mal istehsalında göstərəcək: "İndiki durumda onsuz da devalvasiya nəticəsində daxili istehsal olan və olmayan gündəlik tələbat, qida məhsullarının qiymətləri qalxıb. Bu səbəbdən də yeməyini, ac qalmamağını siqaretdən üstün tutan, normal düşüncəli insanlar bu zərərli vərdişdən vaz keçəcəklər.

Əsas məsələ odur ki, qiymətlərin qalxması ilə onsuz da keyfiyyətsiz olan tütün məhsullarının ucuz olanlarına tələbat artacaq. Nəticədə isə nisbətən ucuz və zərərli tütün məhsulları istehlakçılara təklif olunacaq. Ölkədə onsuz da təhlükəli siqaretlər çoxdur. Qiymətlərin qalxması bu kimi təhlükəli malların satışını çoxaldacaq. 5 il əvvəl Azərbaycanda radiasiyalı siqaretlər müəyyən etmişdik. Belə siqaretlər insanda sağalmaz, çox qorxulu xəstəliklərə gətirib çıxarır”.

E.Hüseynovun sözlərinə görə, Azərbaycan dünyanın yeganə ölkəsidir ki, supermarketlərdə müştəriləri ilk olaraq, siqaret stendləri qarşılayır. Məndə olan məlumata görə, market rəhbərləri siqaret stendlərini kassada yerləşdirmək üçün aidiyyəti qurumlara külli miqdarda vəsait ödəyir.

Şəymən