Bakı Dövlət Universitetinin adının dəyişdirilməsinə ehtiyac görmürlər

Fazil Mustafa fərqli düşünür, Nizami Cəfərov isə Abel Məhərrəmovun fikirlərini dəstəkləyir





Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan Bakı Dövlət Universitetinə böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi məsələsi yenidən gündəmə gəlib.

Universitetə Rəsulzadənin adının verilməsi ilə bağlı BDU rektoru Abel Məhərrəmovdan münasibət alınıb. A.Məhərrəmov isə belə deyib: "Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ərəfəsindəyik. Bakı Dövlət Universiteti AXC-nin oğul övladıdır, ancaq bu ali məktəbin yaranmasında xüsusi olaraq bir şəxsiyyəti fərqləndirmək, bütün uğurları bir nəfərin adı ilə bağlamaq düzgün olmazdı. Universitetə onların hamısının adını vermək olmaz, aralarından birini seçmək isə çətindir”. Rektor BDU-ya onun yaradıcısının - Məhəmməd Əmin Rəsilzadənin adının qaytarılmasının əleyhinə olmasını daha sonra belə əsaslandırmağa çalışıb: "İkinci məsələ isə odur ki, qabaqcıl dünya təcrübəsində universitetlərə ad verilməsi məsələsi yoxdur, bizdə də buna uyğun qərar qəbul edilib”.

Məsələyə münasibət bildirən deputat Fazil Mustafa isə hesab edir ki, Bakı Dövlət Universitetinə böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin adı verilməkdənsə, yeni və müasir universitet açılmalı, Rəsulzadənin adı həmin universitetə verilməlidir.

Millət vəkili, akademik Nizami Cəfərov da öz açıqlamasında deyib ki, Bakı Dövlət Universitetinin yaradılmasında Məhəmməd Əmin Rəsulzadə ilə yanaşı, digər maarifçi şəxslərin də danılmaz rolu olub: 

"O dövrün parlamentində Rəsulzadə ilə müxalifətdə olan Səmədağa Ağamalı oğlunun da böyük rolu olub. Sözsüz ki, Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri olduğu üçün parlamentin və hökumətin atdığı addımlar onun adı ilə bağlıdır. Universitetin adının dəyişdirilməsinin mən də tərəfdarı deyiləm ki, Bakı Dövlət Universiteti o adla yaradılıb. Bu Universitetin sonradan Azərbaycan Dövlət Universiteti adlandırılması da düzgün deyildi. Hesab edirəm ki, Bakı Dövlət Universitetinin adının saxlanılması elə Cümhuriyyət ənənələrinin qorunması deməkdir”.

N.Cəfərovun sözlərinə görə, hansısa universitetə konkret şəxs adının verilməsinə ehtiyac yoxdur. Amma gələcəkdə Rəsulzadənin adına xüsusi bir ixtisas profili olan universitet yaratmaq olar. 

Bu şərtlə ki, həmin Universitet digərlərindən fərqlənməli və Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti ilə birbaşa bağlı olmalıdır. Dünyada bu cür təcrübələr var. Yalnız Rəsulzadənin yox, Heydər Əliyevin, Şah İsmayıl Xətainin də adına xüsusi profilli universitet yaratmaq olar.

Şəymən