Bakı qışa hazırdırmı?
“Azərişıq”, “Azərsu”, Azəriqaz” “hə” deyir, nəqliyyatda isə çatışmazlıqlar var
ABŞ Milli Okean və Atmosfer Agentliyinin məlumatına görə, dünya ölkələri son 10 ilin ən soyuq qışına hazırlaşır. Agentliyin apardığı müşahidələr nəticəsində bəlli olub ki, sonuncu dəfə 1997-98-ci ildə müşahidə olunan "Super El Nino” qasırğası bu qış da özünü göstərəcək. İntensiv qar, qasırğa, sel, torpaq sürüşməsi və quraqlığa səbəb olan "El Nino” bu qış dünyanın qütblərində pik həddə çatacaq. Xüsusilə də, yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir.
Azərbaycanlı ekoloqlar bu proqnozları inandırıcı hesab etməsə də, qışın ötən illərlə müqayisədə daha sərt keçəcəyini etiraf edirlər. Son günlər havaların kəskin soyuqlaşması, yağıntı miqdarının çox olması qışın da sərt keçəcəyindən xəbər verir. Bundan əlavə, Bakının küləkli şəhər olması soyuq qış şərtlərini bir qədər də çətinləşdirir. Bəs görəsən, aidiyyəti qurumlar son 10 ilin ən sərt qışının gəlişinə hazırdırmı?
"Azərsu” kanalizasiyaları təmizləyib
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Anar Cəbrayıllı qurumun qışa hazırlıq məqsədilə bir sıra tədbirlər həyata keçirdiyini deyib. A.Cəbrayıllının sözlərinə görə, bu məqsədlə paytaxtda 30,2 km kanalizasiya xətti təmizlənib: "12 km yağış su xəti təmizlənərək hazır vəziyyətə gətirilib. 8 min yağış barmaqcığı, 17 min kanalizasiya baxış quyusu təmizlənib”.
Onun sözlərinə görə, hava yağışlı olduqda "Bakı Sukanal” İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, qəza xidmətinin əməkdaşları daxil olan hər bir müraciətlə bağlı ərazilərdə kanalizasiya xətlərində yaranmış problemi qısa zaman kəsiyində aradan qaldırırlar. A.Cəbrayıllı deyib ki, qışa hazırlıq işləri Bakının Yasamal, Nəsimi, Nərimanov, Səbael, Binəqədi rayonlarında əsaslı aparılıb. Suraxanı, Nizami, Sabunçu rayonlarının isə bir hissəsində kanalizasiya, yağış barmaqcıqları, yağış su xətlərinin təmizlənməsi istiqamətində iş aparılıb.
"Qış nə qədər sərt keçirsə-keçsin, biz buna hazırıq”
"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də deyib ki, əhalinin 24 saat fasiləsiz elektrik enerjisi ilə təminatı üçün hər cür hazırlıq görülüb: "Biz fəaliyyətimizi fəsillərə uyğun olaraq qurmuruq. Bizim prinsipimiz odur ki, hava şəraitindən asılı olmayaraq abonentlərimiz 24 saat elektrik enerjisi ilə təmin olunsunlar. Bunun üçün də "Azərişıq” yarandığı gündən bu istiqamətdə işlər görülüb. İstismara yararsız olan xətlər dəyişdirilib, yeni transformator mərkəzləri quraşdırılıb. Son 9 ayda həddindən artıq böyük işlər görülüb və ölkənin bir çox bölgələrində enerji təchizatı sistemi yenilənib. Bu baxımdan qış nə qədər sərt keçirsə-keçsin, biz buna hazırıq və əhalini yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edə bilərik. Təkcə mərkəzdə deyil, ən ucqar dağ kəndlərində belə, hava şəraitinin pis keçməsi nəticəsində hər hansı qəza olarsa, onu aradan qaldırmağa hazırıq. Bunun üçün lazımi avadanlıqlar və kadrlar mövcuddur. "199” saylı qəza xidmətimiz var. Onun operativliyini təmin etmək üçün bizim işçi qrupumuz bölgələrdə və dağ kəndlərində hazır vəziyyətdə olacaq”. Elektrik xətlərində yüklənmələrin yaranmasına gəlincə, T.Musafayev qeyd edib ki, bunun üçün abonentlərin təhlükəsizlik qaydalarına əməl etməsi başlıca şərtdir: "Elektrik xətlərində qısa qapanma, yüklənmə halları əvvəlki illərdə daha çox olub. Son illərdə bizim apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri və yeni transformatorların quraşdırılmasından sonra bu problem aradan qalxıb. Bakı şəhəri üzrə demək olar ki, problem tam həllini tapıb, rayonlarda da bu halların qarşısı alınıb. Qış aylarında çox zaman abonentlərimiz mənzillərini qızdırmaq üçün elektrik qızdırıcılardan istifadə edirlər. Biz onu da nəzərə almışıq ki, naqillərdə problem yaranmasın. Sadəcə olaraq, mən abonentlərimizdən xahiş edərdim ki, təhlükəsizliyə riayət etsinlər. Mənzillərindəki elektrik naqillərində problem varsa, bizim əməkdaşları dəvət etsinlər və onlar mənzilə baxış keçirsinlər. Ancaq mənzillərə gələn xətlər yenilənib və allüminium kabellər yüksək izolyasiyalı xətlərlə əvəz olunub”.
Qış mövsümü ilə bağlı kifayət qədər işlər görülüb
"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevin sözlərinə görə, həyata keçirilən tədbirlər sayəsində qış aylarında əhali yüksək keyfiyyətli təbii qazla fasiləsiz təmin oluna biləcək: "Yeni qaz xətləri çəkilib, təmir olunmuş qaz xətləri dayaqların üzərinə qaldırılıb. Ümumilikdə, payız-qış mövsümü ilə bağlı kifayət qədər işlər görülüb. 2015-2016-cı illərin payız-qış mövsümündə istehlakçıların təbii qazdan istifadə qaydalarının təkmilləşdirilməsini və təhlükəsizliyini nəzərə alaraq, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq əmr imzalanıb ki, əmrə əsasən 1 noyabr-1 dekabr tarixlərində respublika ərazisində "təbii qazdan təhlükəsiz istifadə aylığı” elan olunub. Bu aylıq çərçivəsində Qaz Təsərrüfatının İstismarı Şöbəsi, regional qaz-istismar idarələri və yerli qaz-istismar sahələrinin rəhbərlərindən ibarət növbətçilik tətbiq olunur. Günün istənilən saatında, 24 saatlıq iş rejimində fəaliyyət göstərən "104” və "185” saylı çağrı mərkəzlərinin fəaliyyəti gücləndirilib. Birliyin işçi heyəti lazımi avadanlıq və texnika ilə təmin olunub”.
Hazırda qarlı havalar üçün duz-qum ehtiyatı toplanır
Qış aylarında yağış və qarın yağması nəticəsində yollarda yaranan problemlərin həllinə gəlincə, "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bunun üçün qurum qum, duz və yanacaq ehtiyatı toplayır: "Hazırda qarlı havalar üçün duz-qum ehtiyatı toplanır. Bu yaxınlarda 1500 ton duzun alınması ilə bağlı müqavilə imzalanıb, artıq həmin duzun toplanması həyata keçirilir. Bundan başqa, yolların təmizlənməsi üçün texnika, maşın mexanizmləri hazır vəziyyətə gətirilib. 382 ədəd texnika Bakıda yolların təmizlənməsinə cəlb olunacaq, 689 ədəd texnika isə respublika yollarında fəaliyyət göstərməsi üçün saz vəziyyətə gətirilib. Bundan başqa, həmin maşınların yanacaqla təmin edilməsi üçün hazırda yanacaq ehtiyatı toplanır”.
A.Nəcəfli yağıntılar zamanı yollardakı suyun axıdılması üçün də iş aparıldığını qeyd edib: "Yolların kənarları təmizlənir ki, yağış yağarkən onun axması təmin olunsun. Biz bir müddət öncə bu işə start vermişik. Yollardakı yağış barmaqlıqları təmizlənir ki, yağış yağan zaman hər hansı problem yaşanmasın. Paytaxt yollarında su axıdıcılarının girişi təmizlənir. Yağış barmaqlıqlarının olmadığı yollarda isə biz kanalizasiya quyularını işlək vəziyyətə gətirməyə çalışırıq ki, bu yolla su axıdılsın. Bilirsiniz ki, yollarda suyun yığılıb qalması bizim üçün də ziyanlıdır, yolun hərəkət hissəsinin sıradan çıxmasına səbəb olur. Bu, həm də sürücülər üçün ziyanlıdır ki, avtomobilin müəyyən hissələrinə mənfi təsir edir, yolda hərəkətə mane olur və sair... Bu baxımdan, payız-qış mövsümü ilə əlaqədar olaraq, bizdə 24 saatlıq növbətçilik sistemi qurulub, qərargah yaradılıb və "qaynar xətt” fəaliyyət göstərir. Yollarda hər hansı problem yaşanarsa, bizim əməkdaşlarımız tərəfindən həmin istiqamətdə işlər aparılır. Bu günə kimi yağışlar yağsa da, bizim balansımızda olan yol, küçə və prospektlərdə ciddi bir problem yaşanmayıb. Əgər haradasa su yığılıbsa, qısa müddət ərzində onun yoldan axıdılması istiqamətində işlər görülüb”.
Çatışmazlıqlar var
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı da bildirib ki, payız-qış mövsümündə avtobusların sərnişindaşımada fasiləsiz işini təmin etmək üçün artıq monitorinqlərə başlanılıb. Mindən çox avtobusda seçmə üsulla monitorinqlər keçirildiyini deyən Ş.Mehmanqızı qeyd edib ki, ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var: "Oktyabr ayında da belə monitorinq keçirilib. Həmin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində çatışmazlıqlar aşkar olunub. Amma bu çatışmazlıqların qısa zamanda aradan qaldırılması üçün xüsusi tapşırıqlar verilib. Hazırda bu istiqamətdə işlər aparılır”. Monitorinqlərə xüsusi komissiyalar tərəfindən nəzarət edildiyini vurğulayan qurum rəsmisi bildirib ki, soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılır: "Təlimatlarda məqsəd mürəkkəb sürücülərə çətin şəraitində və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır. Sürücülər avtobusların idarə edilməsi zamanı təhlükəsizlik qaydalarına çox diqqətlə riayət etməlidirlər”.
Şəymən