"Belə isti hava şəraitində insanları tıxaca salmağa ehtiyac yox idi. Dövlət qurumlarının səhvi işlərini yarıtmaz şəkildə qurmaları oldu"
"Aidiyyəti qurumlar yolların bir neçə gün bağlanacağı ilə bağlı əvvəldən məlumat yayıb. Problem əhali həmin informasiyanı necə qavramasındadır”.
Bunu "Sherg.az”a aparılan təmir işləri ilə əlaqədar Bakı-Sumqayıt yolunda tıxacın yaranmasından danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı söyləyib.
O bildirib ki, şəhər sakinləri bu cür əhəmiyyətli məlumatlardan gec xəbər tuturlar:

"Çünki televiziyalarda daha çox şou-proqramları izləyirlər, xəbər saytlarında şou-xəbərləri oxuyurlar. Halbuki əvvəldən məlumat verilir, şəhərin filan istiqamətində hərəkət məhdudlaşdırılacaq – bunu açıb, oxumurlar. Bir neçə gün əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Dövlət Yol Polisi yolların bağlanacağı ilə bağlı məlumat yaymışdı.
Aidiyyəti qurumların etinasızlığı bu idi ki, insanların istifadə edəcəyi alternativ yollar qoyulmadı. Bu yolda hərəkət davam etməklə də asfalt çəkilməsi mümkün olardı. Belə isti hava şəraitində sakinləri əziyyətə salmağa ehtiyac yox idi. Dövlət qurumlarının burada səhvi, işini yarıtmaz şəkildə qurması oldu. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat almaq olardı ki, növbəti günlərdə hava şəraiti necə olacaq? İsti olacağı təqdirdə, əhalinin ikiqat zülmə salınması təbii ki, etirazlarla qarşılanacaqdı.
Yaxud Dövlət Yol polisi ilə məsləhətləşmək olardı. Bütün bunlara diqqət edilmədi. Kefləri istəyəndə, yolu qazıb, asfalt vururlar. Həmişə belə olub. Bakıda yol təmiri zamanı iki alternativ küçə varsa, birini "Azərsu” digərini isə AAYDA qazacaq. Çünki bu qurumlar bir-biri ilə məsləhətləşmir. Xüsusilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dəfələrlə məsuliyyətsiz addım atıb”.
Qeyd edək ki, dünən səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb. Səbəb isə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləridir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, aparılan işlər təxminən 1 aya qədər davam edəcək.
Aysel Aslan