“Onları ya torla, ya qarmaqla tutmalıdırlar. Ya da iynə ilə yatırıb sahibsiz heyvanların saxlanıldığı xüsusi yerə aparmalıdırlar”
Bakıda sürü ilə gəzən itlər axtalanmalıdır
“Biz demirik ki, sahibsiz heyvanlara toxunmaq olmaz”
“Onları ya torla, ya qarmaqla tutmalıdırlar. Ya da iynə ilə yatırıb sahibsiz heyvanların saxlanıldığı xüsusi yerə aparmalıdırlar”
“Onları ya torla, ya qarmaqla tutmalıdırlar. Ya da iynə ilə yatırıb sahibsiz heyvanların saxlanıldığı xüsusi yerə aparmalıdırlar”
Bu gedişlə Bakı "itlər şəhəri” statusu qazanacaq. Bakı küçələrində sahibsiz itlər çoxalmaqdadı.
Son iki gün ərzində Bakıda 8 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb. Paytaxt sakinlərinin müraciətlərindən də məlum olur ki, sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib. "Şərq” qəzetinin əməkdaşları bir neçə dəfə şəxsən Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinə müraciət ediblər, lakin sahibsiz itlərin zərərsizləşdirilməsi ilə bağlı tədbir görülməyib. Müraciətlər Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində dolaşan sahibsiz itlərlə bağlı edilib.
Həmçinin paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsindəki sahibsiz itlərlə bağlı narahatlıq ifadə edilib, lakin yaşayış binasının komendantı SHQMİ-nə edilmiş müraciətlərə baxılmadığını deyib.
Bakı Şəhər İcra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin əməkdaşı Lent.az-a açıqlamasında bildirib ki, sahibsiz heyvanlara qarşı mübarizə humanist prinsiplərlə həyata keçirilir:
"İdarənin işçiləri səhər saat 7-dən axşama kimi ərazilərdə reydlər keçirirlər. 12 rayon ərazisinə nəzarət edirik. Sahibsiz itlərlə bağlı şikayətləri olan vətəndaşlar zəng vurub ünvanı söyləyirlər. Həmin gün şikayətə baxmaq mümkün olmayanda uzağı 2-3 gün ərzində şikayətin icrası təmin edilir”.
İdarə rəsmisi deyib ki, ümumiyyətlə, Bakı ərazisində sahibsiz itlərin sayı çoxdur: "Hansı ərazi üzrə sahibsiz itlərin çoxluq təşkil etdiyini demək olmur. Şikayətlərlə bağlı ərazilərə baxış olanda və ya reydlər zamanı bizim əməkdaşlar itləri götürürlər. Bu tutulan heyvanlar Balaxanıda saxlanılır. İdarənin əməkdaşları küçə reydləri zamanı yalnız xəstə heyvanları öldürürlər. İt sakini dişləyirsə, həmin it tutulur və quduz olub-olmadığının təsdiqlənməsi üçün baytar müayinəsinə aparılır”.
İdarənin əməkdaşı əlavə edib ki, sahibsiz itlərlə bağlı şikayətlər ötən illə müqayisədə bu il də eynidir və çoxalma müşahidə olunmayıb.
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova isə bildirir ki, havaların isinməsi ilə bağlı olaraq heyvan dişləmələrinin sayı da çoxalır. Hər il orta hesabla 17 minə yaxın heyvan dişləməsi baş verir ki, bunun da 92 faizini it dişləməsi təşkil edir. İt dişləmələri ilə bağlı müraciətlərin çoxalacağını qeyd edən R.İsmayılova deyib ki, insanların burda ən diqqət etməli olduğu şey dərhal vaksinasiya üçün müraciət etməkdir: "İnsanlar bilməlidir ki, heyvan dişləməsi zamanı həmin gün vaksinasiya etdirməlidir. Vaksinasiya olmasa, xəstələnmə halları da ola bilər”.
Şöbə müdirinin sözlərinə görə, ölkədə insanlar arasında quduzluq nadir hallarda olur: "Heyvan dişləməsi zamanı həkimə vaxtında müraciət edilməyəndə quduz ola bilərsiniz. Elə adamlar olur ki, onlar özləri vaksinasiyadan imtina edirlər. Ancaq quduzluq xəstəliyi müalicə olunmur və 100 faiz ölümlə nəticələnir. İnsanda xəstəliyin əlamətləri bu infeksiyaya yoluxduqdan 2 gündən 3 aya qədər, nadir hallarda isə bir ilə müşahidə edilə bilər. Quduzluq xəstəliyinin hidrofobiya və aerofobiya (sudan və havadan qorxma əlamətləri), psixo-nevrotik, udqunma aktının pozulması, hallüsinasiya, yüksək hərarət, dişlənmiş yerdə ağrının olması, hipersolevasiya kimi əlamətləri var. Buna görə də hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəkləmə və ya cırmaqlanma baş veribsə, dərhal həkimə müraciət etmək və antirabik vaksini vaxtında vurdurmaq lazımdır. Quduzluq xəstəliyindən yeganə qorunmaq yolu antirabik vaksinin və immunoqlobulinin vaxtında vurulmasıdır”.
R.İsmayılova qeyd edib ki, mərkəzi xəstəxanalar, eləcə də ərazi üzrə poliklinikalarda antirabik kabinetlər var və vaksinləri orda vurdurmaq olar: "Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko”da) bu cür kabinet var. Gecə növbəsində isə tibb müəssisələrinin cərrahiyyə şöbəsində vaksinlərin vurulması icra olunur”.
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə "Şərq”ə açıqlamasında SHQMİ ilə aralarında hər zaman anlaşılmazlıq yaşandığını dedi:
- Bu idarə heyvansevərləri bəhanə edib üzərinə düşən vəzifəni yerinə yetirmir. Biz demirik ki, sahibsiz itlərə toxunmaq olmaz. Biz deyirik ki, heyvanlar da canlıdır və onlarla maksimum humanist davranılmalıdır. Bu da ondan ibarətdir ki, sahibsiz itlər idarə əməkdaşları tərəfindən xüsusi vasitələrlə zərərsizləşdirilməlidir. Onları ya torla, ya qarmaqla tutmalıdırlar. Ya da iynə ilə yatırıb sahibsiz heyvanların saxlanıldığı xüsusi yerə aparmalıdırlar. İtlər axtalanmalıdır. Belə olduqda həm sahibsiz itlərin sayı getdikcə azalacaq. Həm də axtalanmış itlər aqressiv olmur artıq. İnsanlara hücum etmirlər. Mən özüm də itlərin sürü ilə gəzdiyinin şahidi olmuşam. Bayıl tərəfdə. Əlbəttə, bu təhlükəlidir. Heç kim iti insandan üstün tutmur. Təhlükə varsa, qarşısı alınmalıdır. Lakin humanistcəsinə. Amma bizdə nə edirlər? Tutduqları itləri aparırlar Balaxanıdakı itlər yuvasına. Orada itləri hətta yandırırlar da. Ac saxlayırlar, itlər ya acından ölür, ya da acından biri-birini parçalayıb yeyirlər. Belə münasibət əlbəttə, qəbulolunmazdır. SHQMİ-nə dövlət büdcəsindən vəsait ayrılır. Amma idarə heç bir iş görmür. Bəhanə gətirirlər ki, heyvansevərlər hay-küy qoparır. Fəaliyyətsizliklərini başqasının boynuna yıxırlar. İdarə əməkdaşları bəzən deyir ki, itləri tutmaq üçün heç bir vasitələri yoxdur. O zaman qoy tələb etsinlər, onlara bu vasitələr verilsin.
Məlahət Rzayeva