Bakıdan sonra Naxçıvanda...

“Müəllimlərin maaşının artırılması müsbətdir”
Amma həftəlik dərs yükünün 18 saata çatdırılması uğurlu layihə olsa da, əməkhaqlarının artımı çox azdır


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Muxtar Respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması və vəzifə maaşları artırılıb.

Sərəncama əsasən, yeni dərs ilindən Naxçıvanda müəllimlərin həftəlik dərs yükü və vəzifə maaşları artırılacaq.

Yeni dərs ilindən Naxçıvanda müəllimlərin dərs yükü normasını artırmaqla maaşların qalxmasının kadr çatışmazlığı ilə bağlı olmadığını deyən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib ki, Bakı müəllimlərindən sonra əməkhaqlarının artırılmasının Naxçıvana da şamil edilməsi çox yaxşı haldır: "Həftəlik dərs yükünün artırılmasının müəllim qıtlığı ilə heç bir əlaqəsi yoxdur. Sərəncama uyğun olaraq, müəllimlərin həftəlik dərs yükü 18

saata çatdırılır. Bu da, düşünürəm ki, doğru addımdır. Hər bir müəllim özünün çalışması müqabilində dərs yükünə malik olmalı və eyni zamanda, əməkhaqqını da ona müvafiq almalıdır. Bu, müəllimlərimizin peşəkarlığının artırılmasına, elmi səviyyəsinin yüksəlməsinə, kollektivdə tədrisin kefiyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Ölkə başçısı tərəfindən atılan bu addım müəllimlər üçün bir motivasiya olacaq. Bu, eyni zamanda, vadar edəcək ki, məktəb müəllimlərimizin iş yerinə çevrilsin. Əvvəllər "stavka” 12 saat idi. Hesab edirəm ki, 18 saat həftəlik dərs yükü müəllimin məktəbdə pedaqoji fəaliyyətində, vaxt baxımından əlavə çalışmalar, hazırlıq aparmaq baxımından geniş şərait yaradır. Bakı və Naxçıvandan başlanan bu proses bölgələrdə də həyata keçiriləcək. Çünki ölkə başçısı İlham Əliyevin sərəncamı ümumrespublika müəllimlərinə aiddir”.

M.Mürşüdlünün sözlərinə görə, müəllimlərin həftəlik dərs yükünün 18 saata çatdırılması uğurlu layihə olsa da, əməkhaqlarının artımı çox azdır. Mövcud artım bugünkü bazar qiymətlərinə uyğun gəlmədiyi üçün müəllimlərin maaşı daha da qaldırılmalıdır.

Şəymən