" "BakuBus" sürücülərinin də səbir kasası daşıb" - 12 saat işləmək olmaz

"Müşahidələr göstərir ki, kütləvi qayda pozuntusuna meyllilik olmasa da, "BakuBus"ların xidməti ilə bağlı qaydasında olmayan məqamlar var”.
Bunu "Sherg.az”a Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı söyləyib. 
O bildirib ki, yaranmış vəziyyətlə bağlı şirkət rəhbərliyi monitorinq aparmalıdır:
"Dayanacağa daxil olarkən və çıxarkən qayda pozan "BakuBus" sürücülərinə rast gəlirik. Bir neçə gün əvvəl sosial şəbəkələrdə, mətbuatda avtobuslardakı kondisionerlərin işə salınması müzakirə olundu. Ancaq bundan sonra addım atıldı. Bu şirkət rəhbərliyi necə işləyir ki, belə kiçik məsələ mətbuatda müzakirədən sonra həll edilir?
Amma tək "BakuBus"da qayda pozuntuları qeydə alınmır. Digər şirkətlərə məxsus avtobusları idarə edən sürücülər də ciddi təhlükələr yaradırlar. Sürücüləri çərçivədə saxlamaq olmur. Ya avtobus sürücülərinin hamısını işdən kənarlaşdırmaq, ya da onların üzərində ciddi nəzarət tətbiq etmək lazımdır. Görünür, sürücülər müəyyən müddət təmkin nümayiş etdirdilər. "BakuBus" sürücülərinin də səbir kasası daşıb. Onları ciddi yüklənməməli, 10-12 saat işləməməlidir. Sürücülər də insandır, istirahəti, iş rejimi qaydasında olmalıdır”.
"BakuBus" şirkətində nizam-intizam olduğunu söyləyən E.Muradlı əlavə edib ki, hadisə, qəza baş verdikdə sürücüdə günah olarsa, dərhal işdən azad olunur:
"Bu qanunvericiliyə uyğundur. Ona görə, nadir hallarda baş verən hadisələrə əsaslanıb, bütün "BakuBus" sürücülərini günahlandırmaq da olmaz. İstənilən halda problem varsa, şirkət rəhbərliyi ciddi yanaşmalı, bunu aradan qaldırmalıdır”.
Qeyd edək ki, mayın 23-də səhər saatlarında Bakının Nərimanov rayonunda, Təbriz küçəsində - Dillər Universitetinin korpusunun qarşısında "BakuBus" MMC-yə məxsus olan və 5 saylı marşrut xətti üzrə hərəkət edən "İveco” markalı sərnişin avtobusu yolu keçməyə çalışan 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu vurub. Ağır kəllə-beyin travması alan 33 yaşlı kişi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
Aysel Aslan