
“Balıq, çaxır və mehriban insanlar...”
Fəridə Abdıyeva: “Okeanın sahilində yerləşən bu gözəl məmləkət insanlara sevgi ilə qucaq açır”“Burda üzləşdiyim ən böyük problem səhiyyə ilə bağlıdır. Sağlamlıq məsələlərimizi Bakıya gələndə həll edirik”
"Şərq” qəzeti olaraq bu gündən "Qərib tanışlar” adlı rubrikamıza start veririk. Bu rubrikamızda ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimizlə yaşadıqları ölkə barəsində ətraflı müzakirələr və maraqlı məlumatlar öz əksini tapacaq. Rubrikamızın ilk qonağı jurnalist Fəridə Abdıyevadır. Fəridə hazırda həyat yoldaşı Kamran Mahmudovla birlikdə Portuqaliyada yaşayır. Orli adlı bir qızları var.
Fəridəyə ilk sualımız belə oldu:- Portuqaliya dedikdə bu ölkə sizin üçün ilk olaraq nə ilə assosiasiya olunur?

- Okean sahili, balıq, çaxır, mehriban insanlar və evim. Atlantik okeanı sahilində yerləşən bu gözəl məmləkət insanlara sevgi ilə qucaq açır. Burda yaşadığım 2 ildən çox zaman kəsiyində rasizmlə demək olar ki, qarşılaşmamışam. Digər Avropa ölkələri ilə müqayisədə insanları da istiqanlıdır. Probleminiz varsa, sizə kömək etməyə cəhd göstərirlər. Portuqaliya dedikdə ağla gələn başqa detallardan biri də, qeyd etdiyim kimi, dadlı balıq və çaxırdır. Səyahət edərkən tez-tez üzüm sahələrinə rast gələ bilərsiniz.
Evim dedikdə isə hələ də Bakıda atamgilin evini nəzərdə tuturam. Azərbaycana gedəndə öz evimizin olmasına baxmayaraq ata evimizə getmək, orda qalmaq istəyirəm. Amma mənim komfort duyduğum, özümü sahibi kimi hiss etdiyim mənzil burdakı evimizdir.
- Uyğunlaşmaq çətin deyil ki?
- İlk il bir xeyli çətin oldu. Mühit dəyişikliyi, qidalara alışa bilmirdim, problemlər və sair. İndi isə daha təmkinliyəm. Uyğunlaşmaq üçün əlimizdən gələni edirik. Çünki yaşadığın ölkənin insanlarına və qanunlarına hörmət etmək hər kəsin borcudur.
- Portuqaliyanın iqlimi necədir?
- Avropanın ən isti ölkələrindən olan Portuqaliyada yaz və yay günəşli, qış və payız isə yağış və küləklidir. Cənub hissəsinə nisbətdə şimalda hava daha soyuqdur. Amma kəskin havadan söz getmir. Bakıda yağan qarı, əsən sərt küləyi burda nadir hallarda müşahidə etmək olar. Son 3 günü götürək. Güclü külək, soyuq hava Bakıya hakimdir, lakin Lissabonda insanlar qolu qısa köynəkdə də gəzir.
- Əhali hansı dillərdə danışır?
- Portuqaliyada rəsmi dil portuqal dilidir. Portuqal dili dünyada kifayət qədər geniş arealda yayılmış dillərdəndir. Tələffüz fərqi ilə Braziliyada da portuqal dilində danışılır. Afrika qitəsində bir neçə ölkənin də rəsmi dili portuqal dilidir. İspanlarla da bir-birini anlayan portuqalların danışığı daha sakitdir. İspan dili ilə portuqal dilinin söz bazası təqribən 70 faiz eynidir. Amma etiraf etməliyəm ki, roman dil qrupuna adi bu dil bir xeyli çətindir.
- Ölkənin iqtisadi durumu hansı vəziyyətdədir?
- 1986-cı ildən Avropa Birliyinin üzvü olan Portuqaliya təəssüf ki, hələ də digər Avropa ölkələri ilə müqayisədə iqtisadi cəhətdən zəif ölkələr arasındadır. Buna baxmayaraq özünəxas istehsal sahələrini uzun illərdir qorumağa davam edir. Kağız, ayaqqabı sənayesi, fabrik və zavodları var. Porto və Madeira (Madeyra) çaxırları dünya bazarında seçilir və sevilir. Algarve və Madeira bölgələri turizm sahəsində ölkəyə hər il gəlir gətirir. İstənilən halda maaşların başqa Avropa ölkələrindən az olması səbəbilə hər il gənclərin çoxu digər ölkələrə çalışmağa gedir.
- Bəs siz niyə başqa Avropa ölkəsini seçmədiniz?
- Çünki Kamran (həyat yoldaşı-red.) qrantı ilk dəfə Armando Pombeironun qrupunda qazanıb. Və illərdir həmin şəxsin laboratoriyasında çalışır. Ona hazırkı iş mühiti rahatdır. Biz burada ipoteka krediti ilə ev almışıq.
Bir sözlə, hələ ki burda oturuşmuşuq. Buranın insanlarını və təbiətini sevirik, amma gələcək nələrlə gələcək deyə bilmərəm. Ola bilsin, 3-5 ilə başqa ölkəyə də gedək. Amma hələki məskunlaşdığımız yer buradır.
- Siyasi gərginliklər yaşanan, yoxsa sakit yaşam olan ölkədir?
- Siyasi gərginliklər çox müşahidə olunmasa da, yerli əhali durumundan elə də məmnun deyil. Buna səbəb yuxarıda qeyd etdiyim kimi, gəlirlərin az olmasıdır. Hazırda ölkənin Prezidenti Marcelo Rebelo de Sousadır. Demokratik qaydalarla idarə olunan bu ölkədə kiçik çaplı korrupsiya ilə üzləşməniz mümkün deyil. Lakin insanların dediklərinə inansaq, böyük miqyaslı korrupsiya Portuqaliyanın iqtisadi inkişafına əngəl törədən faktordur. Ümumən isə siyasi problemlərin az yaşandığı bu ölkədə insanlar qanunların icrasına diqqətlə yanaşır.
- Portuqaliyada olduğun müddətdə səni qane etməyən nə olub?
- Səhiyyə, səhiyyə və yenə də səhiyyə. Hələki burda üzləşdiyim ən böyük problemim tiblə bağlı olub. Bu səbəbdən sağlamlıq məsələlərimizi Bakıya gələndə həll edirik. İndi-indi səhiyyə ilə bağlı yeni imkanlar, vasitələr kəşf edirik. Ümid edirəm qarşıdakı bir ildə bu məsələni də yoluna qoya biləcəyik.
- Portuqalların mədəni həyatları necədir? Yerli əhali asudə vaxtını necə keçirir?
- Portuqallar səyahəti çox sevən millətdir. Tez-tez əlində çemodan o tərəf bu tərəfə gedən insanları görmək olar. Bundan başqa portuqallar təbiətin onlara verdiyi gözəllikləri yaşaya bilən insanlardır. Belə ki, okean sahili olan bu ölkədə mövsüm başlar-başlamaz çimərliklərdə insan axını olur. Sörf idman növünü sevən gənclər bunun dadını çıxardır.
Ailələrinə bağlı olan portuqallar birlikdə gəzməyi, dadlı təamlar dadmaq üçün restorana getməyi də sevirlər. Burda gözəl ənənələrdən biri də bayramlarda böyüklərin evinə qonaq gedərək bir-birinə hədiyyələr almaqdır.
- Portuqaliyada təxminən nə qədər azərbaycanlı var?
- Bu barədə təəssüf ki, statistik məlumatım yoxdur. Amma bu dəqiqdir ki, digər Avropa ölkələri olan Almaniya, Hollandiya və sairləri ilə müqayisədə nəzərə çarpacaq dərəcədə azdır. Həmyerlilərimiz buraya daha çox təhsil almaq məqsədilə gəlir. Əsasən Lissabon və Porto şəhərlərində yerləşən universitetlərdə oxuyurlar. Bir neçəsi ilə feysbuk sosial şəbəkəsi vasitəsilə tanışıq. Və demək olar hər biri burda olmaqlarından xoşbəxtdirlər.
- Portuqal bəylə ailə quran azərbaycanlı xanım tanıyırsınız?
- Hələki belə bir xəbər eşitməmişəm. Olsa, yaxud varsa, buna ancaq sevinə bilərik. Təki bütün xanımlarımız xoşbəxt, firəvan həyat sürsün. Eləcə də bəylərimiz. Əlavə məlumat üçün qeyd edim ki, burada xeyli sayda rus, belarus, moldavan, ukraynalı insanlar yaşayır. Və onların arasında portuqal bəylərlə evlənən elə də az deyil. Həyatlarından narazı da görsənmirlər.
- Ora gedən azərbaycanlılar ilk başda hansı problemlərlə üzləşir?
- Xarici ölkəyə getmək, orada həyatını qurmaq sözsüz ki, sizi çətin məqamlarla mübarizəyə atır. Belə olan halda təmkinli olmaq, etik davranmaq və məlumatlılıq köməyinizə çatır. Əsas məsələ birinci sənəd işlərini, rəsmi məsələləri qaydasında qoymaqdır. Və Portuqaliyada bu mövzuda ciddi narahatlıq yaşanmır. Digər məqam isə məişətlə bağlıdır. Bu bir az vaxt aparan məsələdir. Bəzən ən sadə detal biz bilmədən daxilən stereotipimizə çevrilir və bunu yalnız başqa ölkəyə gedərkən kəşf edə bilirik. Başqa bir məsələ qida ilə əlaqədardır. Ağız dadına uyğun yemək hazırlaya bilmək üçün doğru ərzaq məhsullarını tapmaq da vaxt aparır. Buraya gələn həmyerlilərimizə bu məsələdə də xeyli köməyim dəyib. Kənardan belə detallar xırda görsənir, amma ümumi həyata təsirini göstərən məsələlərdir.
- Bəs orada yaşayan azərbaycanlıların bir-biri ilə əlaqələri, gediş-gəlişləri varmı?
- Biz burda olan müddətdə sözün yaxşı mənasında özümüzü Azərbaycanın Portuqaliyada nümayəndəliyi kimi hiss edirik. Çünki yolu bura düşən həmyerlilərimiz hər necəsə bir vasitə ilə mənim, yaxud həyat yoldaşımın feysbuk səhifəsini taparaq suallarını ünvanlayırlar. Böyük məmnuniyyətlə onların suallarını cavablandırır, problemlərinin həllinə yardımçı oluruq. Məsələn, bu il psixologiya sahəsində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək bir tələbə xanımı böyük sevgi ilə evimizdə qonaq etdik. Belə məqamlarda insan özünü xoşbəxt hiss edir. Çünki qlobal yanaşmada ölkənə lokal düşüncədə isə bir tələbəyə yardım etmiş olursan. İş ilə bağlı gələn gənclərimiz də var ki, onlara da dəstək göstəririk. Bir neçəsini aeroportda qarşılayaraq qalacaqları otelə aparmışıq, nəqliyyatdan rahat istifadə edə bilmələri üçün yardım göstərmişik. Evimizə qonaq çağırmışıq. Bir sözlə, əlimizdən nə gəlirsə etmişik.
Bir də qeyd edim ki, bu ay Portuqaliyaya bir azərbaycanlı ailə köçüb. Təəssüf ki, hələ canlı görüşməmişik. Amma ən yaxın zamanda onları evimizə qonaq çağıracağıq. Bəyin NATO-da çalışması ilə əlaqədar onların buraya köçdüyünü bilirəm. Ailənin xanımı ilə sosial şəbəkə vasitəsilə son bir ayda mütəmadi əlaqəmiz var. Bütün suallarını məmnuniyyətlə cavablayıram. Ümid edirəm tezliklə yeni mühitə alışaraq, Portuqaliyada xoş zaman keçirdəcəklər. Sualınıza əlavəm də olacaq. Həyat yoldaşım, kimyaçı-alim Kamran Mahmudov da öz imkanları çərçivəsində savadlı insanlarımızın Portuqaliyada çalışmasına şərait yaradır. Hazırda Bakı Dövlət Universitetinin aparıcı elmi işçisinin onunla birlikdə Lissabon Universitetinin laboratoriyasında işləməsi imkanını yaradıb. Kamranın burda müvəqqəti olsa belə azərbaycanlı iş yoldaşının olması bizi sevindirir və tez-tez onu qonaq dəvət edirik.
- Azərbaycandan ora turist kimi gedən çoxdurmu?
- Hələki belə vətəndaşımızla rastlaşmamışam. Amma gəlsələr uduzmazlar. Xüsusən yaz və yay aylarında. Lakin vaxtilə Azərbaycana turist kimi getmiş bir neçə portuqalla tanış olmuşam.
- Azərbaycan haqqında nə qədər məlumatlıdırlar?
- Etiraf etməliyik ki, sadə əhalinin böyük qismi ölkəmiz barədə elə də məlumatlı deyil. Xəritədə yerini izah etməkdə çətinlik çəkirik. Amma savadlı insanlar vətənimiz barəsində məlumatlıdır və bu bizi sevindirir. Vətəndaş olaraq ölkəmizin müsbət yöndə təbliği üçün əlimizdən gələni edirik.
Biz burada qısa müddətliyinə dil kursuna getdik. Həmin kursda müxtəlif xalqların öz ölkələrini təmsil etmələri üçün gecə keçirilmişdi. Həmin gecədə Azərbaycanla bağlı slayd-şou hazırlayaraq ölkəmizlə bağlı bacardığımız qədər geniş informasiya vermişdik.
Daha sonra nümunəvi ailə kimi bizi festival iştirakçısı seçdilər. Portuqaliya hökumətinin dəstəyilə təşkil olunmuş "Todos Festival” çərçivəsində evimizdə film çəkildi. Səssiz filmdə bir azərbaycanlı ailəsinin günorta yeməyi üçün necə hazırlanması, mətbəxi ssenariyə çevrildi. Filmin nümayişi gecəsində Azərbaycan mətbəxinin dadlı təamlarından olan dolma, döşəmə plov, şirin çörək bişirərək ölkəmizi təmsil etdik. Tək olduğum üçün xeyli yoruldum, amma buna dəydi. Çünki portuqallar bizim mətbəximizi və mədəniyyətimizi çox sevdi. Hətta dolma almaq üçün telefon nömrəmizi götürmək istəyənlər də vardı. Bilirsiniz, insan məmləkəti üçün, insanlıq üçün azacıq olsa belə nəsə yaxşı iş görəndə yaşadığını hiss edir. Bu hissdən məhrum olmamaq, bəlkə də bir zərrəcik olan varlığımızı daha dəyərli hala gətirmək üçün yaxşılıq etməkdən heç zaman boyun qaçırmamalıyıq.
Onu da qeyd edim ki, bizimlə bağlı həm də Portuqaliyanın jurnallarında da məlumat çap olundu. Və həmin festival gecəsində biz insanlara yemək nümunələri ilə yanaşı, Azərbaycan haqqında özümüzün hazırladığımız informasiya mətnlərini də payladıq. Belə məqamlarda ölkəmizin Portuqaliyada səfirliyinin olmaması mənfi təsirini göstərir. Çünki əgər rəsmi bir qurum olsa idi, biz də daha keyfiyyətli məlumat bukletlərini insanlara təqdim edə bilərdik.
- Portuqaliyadakı səfirliyin və diasporanın fəaliyyəti necədir?
- Portuqaliyada Azərbaycanın səfirliyi yoxdur. Portuqaliyada yaşayan azərbaycanlılar problemlərinin həlli üçün Mərakeş səfirliyinə müraciət etməlidir. Zənnimcə, bu çox yanlış qərardır. Çünki Portuqaliya ilə quru sərhəddə yerləşən İspaniya səfirliyi ola-ola ayrı bir qitədə (Afrika qitəsində) yerləşən Mərakeş səfirliyi ilə problemlərinin həllinə çalışmaq absurddur. Bu, vətəndaşlarımız üçün həm vaxt, həm də əlavə maliyyə itkisi deməkdir. Keçən il işlə əlaqədar Portuqaliyaya səfər etmiş bir gəncimiz xarici pasportunu itirmişdi. Bu, xaricdə səfərdə olan biri üçün faciəvi hal kimi bir şeydir. Və həmin məqamda o insanın kifayət edəcək qədər pulu və zamanı yox idi ki, bunun üçün Mərakeşə gedə bilsin. Sadəcə onun bəxti gətirdi ki, sonradan pasportunu oteldə tapa bildi. Amma bu, olmaya da bilərdi və hər birimizin üzləşə biləcəyi hadisədir.
Bir sözlə, rəsmi məsələlərin həlli istiqamətində durum hazırda Portuqaliyda zəifdir. Ümid edirik ki, yaxın illərdə bu durum müsbət yöndə dəyişəcək. Burda yaşayan azərbaycanlıları bir yerə yığacaq, problemlərinin həllinə enerji sərf edəcək qurum fəaliyyətə başlayacaq.
- Portuqaliyada Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Xocalı soyqırımının tanıdılması yönündə tədbir və aksiyalar təşkil olunurmu?
- Fikrimcə, bir ölkə birinci özünü müsbət şəkildə tanıtmalı, sevdirməlidir ki, sonra da onun dərdinə şərik olan tapılsın. Yuxarıda qeyd etdiyim kimi, ölkəmiz barədə Portuqaliyda məlumatlı şəxslər elə də çox deyil. Deyək ki, sizin haqqınızda informasiyası olmayan birinə Xocalı hadisəsi, Qarabağ problemi ilə bağlı buklet paylasanız, nə dəyişəcək? Hesab edirəm, birinci ölkəmizi xaricdə təmsil edəcək söz sahibi olan hörmətli elm adamları, incəsənət nümayəndələri, siyasi xadimlər formalaşmalıdır. Onlar özlərini və ölkələrini sevdirdikdən sonra bu problemlərimizin həllinə effektiv şəkildə insanları və qurumları cəlb edə bilərlər. Onu da deyim ki, hazırda xaricdə yaşayan və təhsil alan xeyli sayda keyfiyyətli, savadlı insanlarımız var. Məncə, rəsmi qurumlar bu insanlara diqqət və qayğını artırsa, onların da bu məsələdə motivasiyaları yüksək olar və hökumətimizlə birgə vətənimiz üçün faydalı addım atarlar. Və bildirməliyəm ki, bu, bir növ individual məsələdir. Vətən, millət sevgisini qəlbində daşıyan insanlar illərlə başqa ölkədə yaşasa belə, o ölkənin xiffətini çəkir, dərdini qəlbində daşıyır. Eləcə də imkan düşdükcə bacardığı yardımları göstərir. Amma birlik duyğusu insanı daha əzmkar olmağa səslədiyi üçün rəsmi qurumlarımızın üzərinə böyük iş düşür.
Şəymən