Baş bankir rəqəm söylədi
Gələn il dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürüləcək
Növbəti il Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 50 dollar həcmində götürüləcək. Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, son bir neçə ayda dünya bazarında neftin qiyməti 50-55 dollar arasında olduğundan növbəti ilin büdcəsində neftin qiymətinin azaldılması təklif ediləcək. Məlumat üçün bildirək ki, 2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 100 dollar götürülüb.
Baş bankirin açıqlamasına münasibət bildirən İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib ki, neftin qiymətinin dəyişməsi ilə bağlı illuziyalara qapılmaq lazım deyil. Bazar iqtisadiyyatıdır və müəyyən vaxt çərçivəsində neft, qızıl və digər indikator xarakteri daşıyan elementlərdə dəyişikliklərin olması labüddür: "Dünya iqtisadiyyatı dolların təsiri altındadır, avro belə dolların monopoliyasını aradan qaldıra bilmədi. Neftin qiymətinə gəldikdə isə, dolların məzənnəsi qalxdıqda, neftin qiyməti düşəcək, neft qiyməti qalxdıqda isə dolların məzənnəzi aşağı düşəcək. Amma dünyada iqtisadi proseslər elə qurulub ki, dolların dünya iqtisadiyyatına təsiri çox güclüdür. Ona görə də artıq daxili məhsulun ümumi həcminə görə ABŞ-dan yüksəyə qalxan Avropa Birliyinin avrosu belə dollar monopoliyasını aradan qaldıra bilmədi. Bu proses hələ xeyli müddət davam edəcək. Əgər bir həftəlik göstəricidən söhbət gedirsə, onda neftin qiymətinə subyektiv amillər də təsir göstərəcək. Həftənin iş günlərində neftin qiyməti bir balaca aşağı düşəcək, həftə sonlarında qalxacaq və bu cür ziqzaqlarla davam edəcək”. Ə.Məsimli vurğulayıb ki, Amerikanın neft ixrac etməyə başlaması fikri, Ukraynadakı hadisələr, Yəməndə baş verən qırğınlar neftin dünya bazarındakı qiymətinə təsir edən amillərdən biridir: "Bu il neftin dünya bazarında qiyməti orta hesabla 50
dolların ətrafında və ya bir az ondan aşağı, ən pis variantda orta göstərici 55 dolların ətrafında, maksimum isə 60-65 dolların ətrafında hərəkət edəcək. Bu gün hərəkət traektoriyasında müəyyən həftələrdə dolların məzənnəsində dəyişikliklərin olması təbiidir. Dollar enəndə avro qalxacaq, avro enəndə dollar qalxacaq. Avronun enməsi üçün Avropa Birliyi də maraqlıdır. Çünki bununla öz mallarını dünya bazarına, o cümlədən Amerika bazarına çıxarda bilir. Bu proses yalnız Avropa Birliyinin avronu ucuzlaşdırması prosesini sürətləndirməsi ilə hadisələrə təsir göstərə bilər. Siyasətdə isə Yəməndə baş verən hadisələr bilavasitə neftin qiymətinə və dolların məzənnəsinə təsir göstərəcək. Ukraynada sakitlik olmasa, bilavasitə həm neftin qiymətinə, həm də dolların məzənnəsinə təsirsiz ötüşməyəcək. İstənilən geosiyasi proseslər, yüksək səviyyəyə qalxmış münaqişələr neftin qiymətinə təsir edəcək. Bu da dolların qalxıb-enməsinə təsir edəcək”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, neftin ucuzlaşmasından Rusiyaya təqribən 200 milyard dollar ziyan dəyib. Ancaq Azərbaycanda müvafiq qurumlar bununla bağlı heç bir rəqəm göstərməyib: "Neftin qiyməti 2013-cü ildə 109 dollar olmuşdursa, 2014-cü ildə 100 dollara düşüb. Azərbaycan təqribən yanvarda orta hesabla sutkada 700 min barel neft ixrac edib. Buna gündəlik baxsaq, hər gün bir dollar itirdikdə 700 min dollar edir. Cari il üçün neftin büdcədə orta ixrac qiyməti 90 dollar hesablanıb. Hesab edirəm ki, 2015-ci ildə neftin ortaq qiyməti 60 dollardan çox olmayacaq. Çünki ilin birinci ayı 50 dollardan aşağı olub. Mən bir neçə rəqəm demək istəyirəm. Əgər qiymət 60 dollar olarsa, neft sektorundan büdcəyə daxil olmalar 600 milyon manatdan aşağı olacaq. Dövlət Neft Fondu isə 2014-cü illə müqayisədə təqribən 5,5 milyard dollar aşağı gəlir əldə edəcək”.
İqtisadçı-ekspert Rövşən Ağayev də düşünür ki, neftin qiymətinin aşağı düşməsi ölkənin tədiyyə balansına, xüsusilə xarici ticarət dövriyyəsinə mənfi təsir göstərə bilər. İqtisadçının sözlərinə görə, əgər ilin sonunadək neftin qiyməti 50 dollar ətrafında olarsa, Azərbaycanın tədiyyə balansının mənfi saldoya keçməsi təhlükəsi yaranar: "Tədiyyə balansının əsas strukturunu cari əməliyyatlar, kapital və maliyyə hesabları təşkil edir. Son illər tədiyyə balansındakı müsbət saldo cari əməliyyatlar hesabına yaranırdı. Maliyyə hesabında isə ölkədən çıxan vəsait ölkəyə daxil olan vəsaitdən çox olub. O ölkədə ki, mal, əmtəə xidmətləri, eyni zamanda maliyyə əməliyyatları üzrə daxil olan pul çıxan vəsaitdən çoxdur, o zaman tədiyyə balansında müsbət saldo olur”. R.Ağayev bildirib ki, investisiya və kredit axınlarının daxil olduğu maliyyə hesabında son 5-6 ildə ölkədən çıxan pul üstünlük təşkil edir: "Bunun səbəbi Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun ehtiyatlarının kənarda saxlanmasıdır. Çünki həmin vəsaitlər depozit şəklində ölkədən çıxır. Burada kənara çıxan pul investisiya şəklində gələn vəsaiti üstələdiyinə görə maliyyə hesabında mənfi saldo yaranır. Lakin bu, cari əməliyyatlar, xüsusi ticarət balansı hesabına müsbətə çevrilib. Bizdə ixrac idxalı kəskin üstələdiyinə görə, mənfiləri müsbətə çevirib. Əlbəttə, burada başlıca rolu neft amili oynayır. Misal üçün, 2013-cü il ticarət balansında ən böyük müsbət saldonun yarandığı illərdən biridir və həmin il xarici ticarət balansında 20,6 milyard dollarlıq müsbət saldo olub. Sonrakı ildə neftin qiymətinin ucuzlaşması bu əməliyyatlarda da özünü göstərməyə başlayıb”.
İqtisadçı deyib ki, neftin qiyməti dəyişməyəcəyi təqdirdə, müəyyən problemlər ortaya çıxa bilər: "Birincisi, əmtəə idxalının, ikinci isə xidmət idxalının artmasıdır. Üçüncü bir amil də var ki, bu da ölkədə kapital axınının yüksəlməsidir. Belə bir məlumat var ki, valyuta bazarında və bank sektorunda yaranmış vəziyyətə görə bir sıra iş adamları vəsaitlərini xaricə çıxarmağa başlayıblar. Rusiya Mərkəzi Bankı ölkələrindən kapital axını haqqında məlumat verir. Təəssüf ki, Azərbaycan Mərkəzi Bankı belə bir məlumatı açıqlamır”.
İsmayıl