Paşinyan Qarabağda ikinci dəfə təxribata əl atdı
Ermənistanın baş naziri Nikol Paşinyan bir ayda ikinci dəfə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib.
Paşinyan Dağlıq Qarabağın təmas xəttindəki mövqelərində mühəndis infrastrukturları və istehkamları, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub. Baş naziri Qarabağ separatçılarının "lideri” Bako Saakyan və Ermənistanın müdafiə naziri müşayiət edib. Ekspertlərə görə, son günlər təhrikedici açıqlamalar verən Paşinyanın Qarabağa ikinci dəfə yollanması Ermənistanın hazırki hakimiyyətinin sülh danışıqlarına maraq göstərmədiyi anlamına gəlir.
Prosesi şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır. Məhz bu məqsədlə baş nazir seçilməsindən iki ay keçməmiş ikinci dəfə Qarabağa gələrək təxribatçı açıqlamalar səsləndirib:
"Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu uçaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi "Cu-30 CM” qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkədəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib. Rusiyanın xəbər agentliyində yazısı yayımlanan erməni müəllif Azərbaycanı açıq-aşkar şantaj edib və deyib ki, "Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir”. Analitik bildirib ki, beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğunu qeyd edir. Ancaq bizim təyyarələrimiz
Qarabağın hava sahəsində ucmadığına görə, separatçılar zaman-zaman işğal altında olan Xocalıdakı hava limanını addım-addım hərəkətə gətirməyə çalışırlar:
"Xarici İşlər Nazirliyimiz rus saytında gedən məqalədə yer alan "Azərbaycanın neft və qaz infrastrukturunu bombalayarıq” sözlərinə dərhal reaksiya verməlidir. Neft və qaz infrastrukturlarımıza təhlükə təkcə bizə aid deyil, dünyanın nəhəng şirkətlərinin həmin layihələrdə böyük payları var. Onlar da erməni təxribatına qarşı öz sözlərini deməlidirlər. Bunu da bizim XİN təşkil etməlidir”.
İsmayıl