" 2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycanda cibgirliyin sayı 30 faiz azalıb"
“Vətəndaşların üstlərində, çantalarında az miqdarda pul gəzdirmələri təklifi ilə ikiəlli razıyam”
Bakı Şəhər Baş Polis İdarəsi ötən sayımızda dərc olunan "Cibgirlərin sayı çoxalıb” sərlövhəli yazıya reaksiya verib. İdarənin əməkdaşı Qalib Rəhimov "Şərq”ə açıqlamasında 2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycanda cibgirliyin sayının 30 faiz azaldığını, cibgirlik cinayətlərinin üstünün açılması hallarının isə 10 faiz artdığını qeyd edib:
"Ötən sayınızda "Cibgirlərin sayı çoxalıb” başlığı ilə razı deyiləm. Yazının içərisində səslənən fikirlər və təkliflər məqsədə uyğundur. Amma başlıq reallıqla səsləşmir. Çünki statistikada cibgirliyin sayının artdığına dair heç bir fakt öz əksini tapmayıb. Onu da deyim ki, vətəndaşların üstlərində, çantalarında az miqdarda pul gəzdirmələri təklifi ilə ikiəlli razıyam. Əhalinin daha çox plastik kartlardan istifadə etməsini tövsiyə edirəm. Bu həm təhlükəsizliyin təminatıdır, həm də modern yanaşmanın göstəricisidir. Bəzən nağd pul ilə hesabı ödəmək gözəl görüntü əmələ gətirmir. Amma bank kartı müasirdir, ələ yaraşır. Artıq aparıcı ölkələrdə insanlar nağd pulla alış-veriş etmirlər. Hərənin cibində bir plastik kart var. Çünki plastik kartın nağd ödəniş ilə müqayisədə üstünlüyü çoxdur. Plastik kartdan istifadənin ölkə iqtisadiyyatına da müsbət təsirləri var. İlk növbədə qeyd etmək olar ki, alış-veriş plastik kartı ilə həyata keçirildikdə qarşı tərəf məcbur olaraq qəbz verir. Bu səbəbdən iqtisadiyyat qeydə alınmış olur.
Ümid edirəm ki, tezliklə ölkəmizdə hər bir kəsin pul kisəsində nağd pulun yerini plastik kartlar tutacaq”.
Şəymən