Vüqar Bayramov:"Banklarda sistem daimi aktiv hala gətirilməlidir ki, müraciətlərə vaxtında baxılsın, müvafiq prosedurlar həyata keçirilsin”
"Bankların elektron sistemi daim aktiv olmalıdır”.
Bunu "Sherg.az”a vətəndaşların banklarda sistemin işləməməsi isə bağlı şikayətlərinə münasibət bildirərkən iqtisadçı- ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, bankların "sistem işləmir” bəhanəsi ilə hər hansı əməliyyatı həyata keçirməməsi təəccüb doğurur:

"Sistemdə çatışmazlıq varsa, işləmirsə, bu, birbaşa bankın problemidir. Banklarda sistemin işləməməsi bütün ölkə ərazisində internet zəif olduğu təqdirdə obyektiv ola bilər. Bu isə nadir hallarda baş verir və bankdan asılı məsələ deyil.
Digər səbəblərdən sistem işləmirsə, bu, bankın idarəetməsində mövcud olan boşluqlarla bağlıdır. Banklarda sistem daimi aktiv hala gətirilməlidir ki, müraciətlərə vaxtında baxılsın, müvafiq prosedurlar həyata keçirilsin”.
V.Bayramov onu da vurğulayıb ki, aparıcı bankların əksəriyyətində texniki problemlər aradan qaldırılıb:
"Əvvəllər plastik kartların məlumatlarının bölüşdürülməsi, texniki imkanlar sayəsində üçüncü şəxsin məlumatları əldə etməsi kimi hallar baş verirdi. Son illər bu cür şikayətlərə demək olar rast gəlinmir. Buna baxmayaraq, bankların sistemləri daim yenilənməlidir ki, hakerlər məlumatları əldə edə bilməsinlər”.
Qeyd edək ki, "Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov özünün "Facebook" hesabında müştərisi olduğu bankda sistemin işləməməsi ilə bağlı narazılıq ifadə edib. O, həmin bankı "sistem işləmir” bəhanəsi ilə müştəriyə lazımi xidmət göstərməməkdə qınayıb:
"Gedirsən banka. Yol gəlmisən, yorulmusan, vaxtın azdır, işin vacibdir... Qayıdıb deyirlər ki: "...Sistem işləmir". Sisteminizi işlək saxlayın! Bu, sizin vəzifənizdir, buna görə pul qazanırsınız. Ya işinizi əməlli görün, ya da gedin, işi bilənlər gəlib otursunlar orada! Yoxsa ki, hər 5 dəfədən 3-də "sistem işləmir" cavabını eşitmək nədir?!”
P.S. Bu hal Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətində yaşandığı üçün mövzunu medianın gündəminə daşıdıq.
Aysel Aslan