Yeni media sahəsindəki xaotik durumun tənzimlənməsi sürətləndirilməlidir
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, yalan məlumat yayan KİV və jurnalistlərə xəbərdarlıq edib. PA rəsmisi bildirib ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb:
"Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən "kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda "yoxlamalar”, evlərində "axtarışlar” aparılması, məmurların "həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə "əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır”.
Ə.Həsənov qeyd edib ki, jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyillərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər: "Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”.
PA rəsmisinin açıqlamasını müsbət dəyərləndirən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Şərq”ə bildirib ki, bunlar Azərbaycanın informasiya məkanında vətəndaşların hüquqlarının qorunmasına xidmət göstərən əsaslı fikirlərdir: "Hər bir cəmiyyətdə müxtəlif hadisələr baş verə bilir. Bu, kriminal və yaxud qeyri-kriminal ola bilər. Ancaq milli mətbuatın birinci vəzifəsi odur ki, informasiya yayarkən məsuliyyətlərini dərk etsinlər. Azərbaycanın hüquqi dövlət olduğunu xatırlasınlar. Söz və mətbuat azadlığı nə qədər vacibdirsə, vətəndaşların hüquq və azadlıqlarının qorunması da bir o qədər vacibdir. Mətbuat işçiləri öz azadlıqları ilə yanaşı, cəmiyyətin digər subyektlərinin də azadlıqlarını düşünməlidirlər. Nəzərə almalıdırlar ki, informasiyanı interpretasiya edib, ondan xaos və dezinformasiya yaratmaq olmaz. Bu doğru deyil. Çox təəssüf ki, hazırda Azərbaycan mətbuatında, məxsusi olaraq internet mediada bu hallara rast gəlirik. Bu da ölkəmizdə mənfi fəsadlar yarada bilər. Əli müəllim məhz bu səbəbdən xəbərdarlıq edib. Vətəndaş jurnalistikası dediyimiz internet resursları mütləq nəzərə almalıdırlar ki, huquqi dövlətdə yaşayan bütün vətəndaşların hüquqları qorunur”.
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bildirib ki, PA rəsmisinin fikirləri ictimaiyyətin narahatlığından doğub: "Biz bu narahatlığı bölüşürük. Son vaxtlar yeni media adlandırdığımız və mətbuat olduğuna iddia edən çoxlu saytlar yaranıb ki, yalnız yalan xəbərlərlə, şayiələrlə diqqət cəlb etmək istəyirlər. Bu kimi saytların yaydığı yalan informasiyalar isə cəmiyyətdə həyəcan, təlaş və narahatlıq yaradır. Biz xeyli vaxtdır ki, internet medianın özünü tənzimləməsinin necə qurulması barədə müzakirələr aparırıq. Güman edirəm ki, bu müzakirələr sürətləndirilməli və yeni media sahəsindəki xaotik durumun tənzimlənməsinin yolları tapılmalıdır”.
Ayyət Əhməd