Başqa bir insana həyat bəxş etmək ən böyük savabdır

Hacı Şahin Həsənli: "Dinimiz orqan transplantasiyasına icazə verir. Orqanların bağışlanması insanın sağlığında da mümkündür"
"İnsanlara başa salmaq lazımdır ki, vəfat etmiş insanın hansısa orqanını ehtiyacı olan, həyatı, sağlamlığı buna bağlı başqa bir insana köçürməklə vəfat etmiş şəxs heç nə itirməyəcək, ruhu da narahat qalası deyil"


Orqan transplantasiyasının gerçəkləşməsi üçün bir sıra addımlar atılsa da, məsələ hüquqi həllini hələ də tapmayıb. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin iclasında danışılıb. Komitə sədri, akademik Əhliman Əmiraslanov məsələyə toxunaraq bildirib ki, orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər. Bununla bağlı mövcud qanunvericilik aktında ciddi dəyişikliklərə ehtiyac var: «Meyitdən orqan və toxumanın götürülməsi həmin qanun layihəsində öz əksini tapmayıb. Bu da transplantasiyanın əsasını təşkil edir. Hesab edirik ki, bununla bağlı yeni qanun olsa, daha yaxşı olar. Məsələ ilə əlaqədar İşçi Qrup yaradaq. Bu gün cəmiyyətin bu qanuna böyük ehtiyacı var. Qanun orqan transplantasiyasına ehtiyacı olan insanların işlərini də rahatlaşdırar. Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər”.

Komitə sədri deyib ki, qaraciyər transplantasiyası ilə bağlı mühüm işlər görülür:

 "Ürək transplantasiyası işinə hazırlaşırlar, amma nə qədər ki, meyitdən orqan götürülməsinin hüquqi əsasları həll olunmayacaq, bu məsələlər düyün nöqtəsindən tərpənməyəcək”.

Orqan transplantasiyasını hüquqi çərçivəyə salmaq Milli Məclisin öhdəsindədir. Bununla belə cəmiyyətin maarifləndirilməsi də böyük əhəmiyyət kəsb edir. Çünki bizlər qanunlarla yanaşı, adət-ənənələrə, dini ehkamlara da hədsiz bağlıyıq. Rəhmətə getmiş doğması, əzizinin hansısa orqanının çıxarılmasına insanlarımızın asanlıqla razılaşacağını düşünmək bir qədər sadəlövhlük olar. Azərbaycan insanı üçün vəfat etmiş şəxsin bədəninə hər hansı xətər toxunmamış torpağa tapşırılması böyük təskinlikdir.

Vəfat etmiş şəxsin yaxınlarına təskinlik verəndə çox zaman məhz bu ifadəni işlədirlər: «şükür elə ki, əli-ayağı üstündə «getdi».

Meyitdən hansısa orqanın götürülməsinə icazə verməyən ailə üzvləri, yaxın qohumlar dini ehkamlara söykəndiklərini, islam dininin guya orqan nəqlinə mənfi yanaşdığını irəli sürürlər.
Din xadimləri isə əksinə, insan həyatının xilasının böyük savab olduğunu bildirir.

Mövzu ilə bağlı «Şərq»ə danışan Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli qeyd etdi ki, əhalinin meyitdən orqan nəqli ilə bağlı islam dininə istinadlarının heç bir əsası yoxdur:

- Dinimiz orqan transplantasiyasına icazə verir. Orqanların bağışlanması insanın sağlığında da mümkündür. Amma bir şərtlə ki, bu, o insanın səhhətində problem yaratmasın, onun yaşayışını ağırlaşdırmasın, çətinləşdirməsin. Yəni bir insanın hansısa orqanını digər bir insana hədiyyə etməsi, ona əziyyət verəcəksə, həyatını çətinləşdirəcəksə, buna yol verilməməlidir. Amma insan özü vəsiyyət edirsə ki, öldükdən sonra orqanları bağışlansın, təbii ki, bu vəsiyyətə əməl edilməlidir, qohumlar da vəsiyyətdən kənara çıxmamalıdır. 

Kənara çıxarlarsa, bu artıq, günahdır və cavabını da Allah qarşısında verəcəklərini bilsinlər. Ümumiyyətlə, Rəbbimiz tərəfindən aləmlərə rəhmət, həm sonuncu səmavi din, həm də ən mükəmməl din olaraq göndərilən islamda, kiməsə həyat bəxş etmək insanların həyatını xilas etmək ən böyük xeyirxah əməl, savab iş sayılır. Necə ola bilər ki, mərhəmət və şəfqət dini olan islam insan həyatının xilasına yönəlmiş bir əməli qəbul etməsin?! 

Bilirsiz, bəzi vətəndaşlarımız islam dini haqqında məlumatsız olduqlarından düzgün qərar verməkdə də çətinlik çəkirlər. Bəzən insanlarımızın dinin adına bağladıqları məsələlərin dinlə heç bir əlaqəsi olmur. Yeri gəldi-gəlmədi, çalışırlar bəzi məsələləri dinlə əlaqələndirsinlər, şəriət qanunları ilə izah etsinlər. Bu da dini bilgisizlikdən irəli gəlir. Mən həmişə demişəm ki, dini düşüncələrdə islahatlara ehtiyac var. 

Doğrudur, insanların düşüncələrində, həyat tərzində yüz illərlə oturuşmuş adətləri qısa zamanda aradan qaldırmaq çətindir. Amma biz çalışmalıyıq ki, insanların dini bilgiləri artsın. Bunun üçün də maarifləndirmə işləri aparılmalıdır. İnsanlara başa salmaq lazımdır ki, vəfat etmiş insanın hansısa orqanını ehtiyacı olan, həyatı, sağlamlığı buna bağlı başqa bir insana köçürməklə vəfat etmiş şəxs heç nə itirməyəcək, ruhu da narahat qalası deyil. Əksinə, vəfat edərkən bir insana həyat bəxş etmək ən böyük savabdır. Və mükafatı da Rəbbin dərgahında qat-qat böyükdür.

Məlahət Rzayeva