- “Sakin öz hesabına su tapırsa, niyə əlavə pul ödəməlidir?”
- “Əsas olan suyun haradan gəlməsi yox, NƏ ÜÇÜN istifadə edilməsidir!”
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq. Bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minəcək.
Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır. Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Məsələn, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.
Sabahdan qüvvəyə minəcək yeni tariflər vətəndaşlarda çaşqınlıq yaradıb. Çoxları belə düşünür ki, ümumən su tarifləri dəyişib, su pulu qalxıb. Əsasən də kənd sakinləri narahatdır ki, çaylardan, göldən, qu quyusundan istifadəyə görə pul tutulacaq. Sosial şəbəkələrdə sual, sual ardınca gəlir: Həyətdəki yaşıllıqlar, az sayda meyvə ağacları, bitkilər, güllərin suvarılması üçün də su pulu tələb olunacaq? Kəndlilər bostandan xiyar,pomidor, kartof... və sair satır da, məsələn, yol kənarında vedrə ilə, çəki ilə. Ya da bir yerdən kimsə gəlib alır ondan məhsulu. Bu, hesab olunacaq sənaye məqsədli, yoxsa məişət məqsədli? Nə dərəcədə təsir edəcək bu kənd təsərrüfatı məhsullarının qiymətinə? Birisi də yazır ki, bir neçə qonşu pul qoyub, artezian qazdırıb, ondan istifadə edirlər, indi bu sudan istifadəyə görə əlavə pul ödəməlidirlər?
Məsələni iqtisadçı Rauf Qarayev Sherg.az-a izah etdi: 
- Məişət məqsədilə istifadə olunan suya görə tariflər, sənaye məqsədilə istifadə olunan suya görə tariflərdən fərqlidir. Məişət məqsədli istifadə yalnız fiziki şəxslərə - əhaliyə aiddir. Buraya çoxmərtəbəli yaşayış binalarının sakinləri, fərdi ev sahibləri, həmçinin bağ evi və ya bağ sahəsi sahibləri, əgər yetişdirilən məhsul satış üçün deyil, şəxsi istifadə üçün nəzərdə tutulubsa, daxildir. Əsas fərq ondadır ki, su kafe, avtoyuma məntəqəsi, ofis və ya zavodda istifadə edildikdə, bu, kommersiya və ya sənaye məqsədli istifadə kimi təsnif edilir. Adətən, məişət və kommersiya istifadəsi üçün fərqli tariflər və uçot qaydaları tətbiq olunur. Sənaye obyektlərində sudan konkret olaraq necə istifadə olunur, ya xammal komponenti kimi, ya da texnoloji mühit kimi. Bunlar fərqlidir. Məsələn, mənim xırda bostanım var, şəxsi istifadə üçün burada məişət məqsdəli sudan istifadə edirəmsə o tarifə uyğun pulumu ödəyirəm. Yox əgər geniş ərazim var və oranı əkib biçərirəm və gəlir götürürəmsə, bu artıq kənd təsərrüfatı məqsədilə sudan istifadədir və suyun tarifi də fərqlidir. Artezian qazılıb istifadə olunur, məsələn, Qarabağ zonasında, səbəb odur ki, orada su kəmərləri çəkmək böyük xərc tələb edir və ümumi çəkiliş üçün vaxt lazımdır. Bu səbəbdən də, arteziyan suyundan istifadəyə görə cərimə və ya hesabat soruşula bilməz. Bir də ki, baxır sudan istifadənin məqsədinə. Artezian quyusu məişət məqsədli istifadə edilirsə, ona uyğun ödəniş tələb edilə bilər. Amma ümumi götürsək bu düzgün deyil. Səbəb odur ki, elə yerlər var oraya suyun çəkilməsi mümkün deyil, çox xərc tələb edir, buna görə artezian quyuları qazılır. Hesab edirəm ki, bu məsələ təhlil olunmalı və həllini tapmalıdır. Harda ki dövlət sakinləri su ilə təmin edə bilmir, su kəməri çəkilmir, çətindir, xərci böyükdür, orada sakinlərin öz hesablarına əldə etdikləri sudan istifadəyə güzəşt tətbiq edilməlidir. Üstəlik, nəzərə alaq ki, artezian suyu o qədərdə keyfiyyətli olmur, onu filterdən keçirib istifadə edirlər.
R.Qarayev qeyd etdi ki, əgər su ev işləri üçün istifadə olunursa bu məişət suyudur, əgər digər işlər üçün istifadə olunursa o halda sənayə məqsədlə hesab olunur. Yəni, tariflər məqsədə uyğun müəyyən edilməlidir:
- İstifadənin məqsədi əsasdır. Əgər siz həyətinizdə bir kabinet açıb xidmət göstərirsinizsə, o halda bu sənayə məqsədilə su istifadəsidir, artıq onun tarifi başqadır. Yox əgər məişət məqsədilə istifadə edilirsə (evlərin təmizlənməsi, qabların və paltarların yuyulması, şəxsi gigiyena, qida hazırlanması, yeməklərin bişirilməsi, ərzaqların yuyulması, həyətin sulanması və sair məişət işləri) onun tarifi başqadır.