Bazarlarda anarxiya hökm sürür

Satıcılardan qeyri-qanuni yerpulu yığırlar



Dünən səhər saatlarında Bakının məşhur bazarlarından olan "8-ci km bazarı”nda insident yaşanıb. "8-ci km bazarı”nda işləyən satıcılarla müdiriyyət arasında problem yaranıb. Bazarın satıcıları onlara qoyulan yerpulunun qaldırılmasından narazılıqlarını bildiriblər.

Narazılıq nəticəsində bir qrup satıcı etirazlarını bildirmək üçün Nizami Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıb. Aksiya iştirakçıları problemlərilə əlaqədar icra hakimiyyətinin işçilərilə görüşüblər. İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Cavid Qafarovun verdiyi məlumata görə, icra nümayəndələri aksiya işçilərilə birgə məsələni araşdırır: "Hazırda bazarın böyük sahibkarları ilə kiçik sahibkarları arasında yaranan narazılığı aradan qaldırmağa çalışırıq”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, bazarlarda anarxiya rejimi hökm sürür: "Səhər-səhər bazarlara gedəndə görürük ki, şorabaların ağzı açılmayıb, amma satıcılardan pul alınıb, guya, ekspertiza aparıldığına dair kağız verilib. Bazarların real vəziyyəti bundan ibarətdir. Satıcıları bir tərəfdən həkimlər, bir tərəfdən baytarlar, o biri tərəfdən də yerpulu yığanlar "soyur”. Bütün bu soyğunçuluq isə son nəticədə bazarda satılan malların qiymətinin artmasına gətirib çıxarır. Halbuki cənab Prezident dəfələrlə bu cür qanunsuzluqların qarşısının alınması üçün xəbərdarlıq edib”.

E.Hüseynovun sözlərinə görə, yerpulu məsələsində bir qayda olaraq, kassa mədaxil orderi verilmədiyi üçün bu cür narazılıqlar yaşanır: "Satıcılara yalançı sənədlər verməklə onlardan istədikləri miqdarda yerpulu tələb edirlər. Ya da ki, kassa-mədaxil orderində kiçik miqdarda qiymət yazıb, daha çox pul alırlar. Bazarlarda yer pulunun bu qədər narazılıq yaratmasına bir səbəb də qiymətlərin dövlət tərəfindən tənzimlənməməsidir. Hesab edirəm ki, əhalinin bu narazılığı nəzərə alınmalı və bazar sahibi satıcıların lehinə qərar qəbul etməlidir. Yaxud da, bazar özünüidarəyə verilsin. Bu zaman artıq kollegial qərar qəbul ediləcək, qiymətlər, xərclər müəyyənləşdiriləcək”.

Şəymən