Bel və boyun yırtığı elə-belə yaranmır

Saatlarla smartfon, kompüter və ya planşet qarşısında vaxt keçirmək böyük fəsadlara səbəb olur
"Başın irəli doğru əyilmiş vəziyyətdə uzun müddət saxlanması boyun fəqərələri üçün orta hesabla 20 kiloqram yük təsiri yaradır"


Müasir dövrümüzdə gənclər hər gün orta hesabla iki saatını smartfon və ya planşet qarşısında keçirir. Ortopedlər bu aludəçiliyin boyun, ənsə və ümumilikdə onurğa sütunu üçün ciddi və qalıcı təsirləri barədə xəbərdarlıq edirlər.
Ortopedlər arasında "rəqəmsal iflic” adını alan yeni tendensiya gün ərzində az hərəkət edən insanların bədənin müəyyən dəyişməz vəziyyətində uzun müddət vaxtını smartfon, kompüter və ya planşet qarşısında keçirməsinə deyilir.
Avstriya Ortopedlər Cəmiyyətinin prezidenti Ronald Dorotka bildirib ki, hərəkət azlığı və bədənin uzun müddət qeyri-düzgün vəziyyətdə saxlanması onurğa sütunu üçün həyəcan siqnalıdır. Onun sözlərinə görə, "smartfon ənsəsi” (qeyri-ixtiyari olaraq uzun müddət boynunu qarşıya əymək) boyun fəqərələrinin yırtığına səbəb ola bilər. Başın irəli doğru əyilmiş vəziyyətdə uzun müddət saxlanması boyun fəqərələri üçün orta hesabla 20 kiloqram yük təsiri yaradır ki, bu da əzələlərin gərilməsi, boyun və baş ağrıları, sonrakı mərhələlərdə isə fəqərə problemlərinə yol açır. Ortopedlər gənc nəslin düzgün bədən quruluşu ilə böyüməsi üçün valideynləri və tədris müəssisələrini diqqətli olmağa çağırıblar. Dərs saatlarını asudə vaxt və hərəkətin bol olduğu sərbəst saatlarla kombinasiya etmək, sağlam qidalanmaq və gün ərzində hərəkətliliyi təmin etmək, xüsusilə də gərəksiz yerə smartfon, planşet və oyun kompüterlərindən kənar olmaları gənclərin sağlamlığı üçün önəmli şərtlər hesab edilir.
Müasir dövrdə yuxarıda qeyd edilən qurğulardan vaxtaşırı istifadə "smartfon ənsəsi” ilə yanaşı, barmaqlarda kapilyarlar və vətərlər üçün problemlərə yol açan "SMS baş barmağı” fenomeninə də yol açır.

Beyin-sinir cərrahiyyəsi uzmanı Ruslan Yunusov bildirib ki, bel və boyun yırtığı ən çox rast gəlinən xəstəlikdir. Bu xəstəlik sırf həyat tərzindən yaranır: "Texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur. İnsanlar lazım oldu-olmadı mütəmadi kompüter və telefonlardan istifadə edirlər. Bu da onurğamızın fizioloji tamlığını pozaraq yırtıqların əmələ gəlməsinə şərait yaradır. Bundan başqa ağır fiziki işdə çalışmaq, düzgün və yetərincə istirahət etməmək də yırtıqların əmələ gəlməsini artırır. Əmələ gələn yırtıqlar isə onurğa kanalından çıxan sinirləri və onurğa beyninin özünü sıxaraq şiddətli ağrılara gətirir. Vaxtında müdaxilə edilməzsə, əməliyyata qədər gətirib çıxarda bilər”.
Uzman fizioterapevt Sənan Nəcəfovun "Şərq”ə açıqlamasına görə, insan sağlamlığı üçün vacib olan, onu ayaqda tutan əsas qüvvə sümük və əzələ sistemidir. Daimi hərəkətdə olan insan bədənini idarə edən mərkəzi və periferik sinir sistemidir: "Biz telefonla danışan zaman yayılan dalğalar insan beyninə təsir edir. Biz bunu hiss etməsək də, beynimiz mikrodalğa radiasiyasının yarısını qəbul edir. Əgər biz mobil telefonu qulaqda və ya qulağa yaxın bir məsafədə uzun müddət tutsaq, sağlam bir şəxsin beynində dəyişikliklərə yol açır, nəticədə mobil telefonla danışan zaman bu səbəbdən beyin hüceyrələrinin bir qismi ölməyə başlayır və mərkəzi sinir sistemi zədələnir. Bu zaman da periferik sinir sisteminin ötürücülüyü azalır və əzələlər lazımi qədər qidalana bilmir. Mobil telefon dalğaları birbaşa onurğa yırtığı ilə nəticələnməsə də, dolayı yolla səbəb ola bilər”.
Fizioterapevtin sözlərinə görə, kompüterdən, telefondan istifadə zamanı boynun əyri tutulması da insan sağlamlığına fəsadsız ötüşmür: "Son illər texnologiyanın inkişafı ilə əlaqədar insanların böyük bir qismi oturaq vəziyyətdə boynunu önə doğru əyir. Bu zaman da arxa əzələ qruplarına yük həddindən artıq çox düşür. Bu da son nəticədə onurğa yırtığı və digər xəstəliklərə gətirib çıxara bilər”.
Şəymən