"Belarus KTMT çərçivəsində Azərbaycanın maraqlarını müdafiə edir" - ŞƏRH






"Azərbaycan – Belarus münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu ölkə ilə bir çox sahələrdə sıx əməkdaşlıqlarımız mövcuddur”.

Bu barədə "Sherg.az”a politoloq Fikrət Sadıqov bildirib. 

Onun sözlərinə görə, hərbi-texniki istiqamətdə də Azərbaycan – Belarus münasibətləri yüksək səviyyədədir:

"Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bu təşkilat çərçivəsində də Azərbaycanın maraqlarını müdafiə edir.

"Şərq Tərəfdaşlığı" formatına daxil olan ölkələr arasındakı münasibətlər də müəyyən mənada inkişaf edir. Bu format Azərbaycanı Avropa İttifaqı ilə sazişin imzalanmasına bir az da yaxınlaşdırır. Aİ və Azərbaycan arasında sazişin imzalanması istiqamətində müvafiq addımlar atılır. Hesab edirəm ki, "Şərq Tərəfdaşlığı” çərçivəsində nəzərdə tutulan müqavilə yaxın zamanlarda imzalanacaqdır”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarusa səfər edib. Nazir 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Tədbir çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Aysel Aslan