Elman Məmmədov: “Uşak şəhərindəki Xocalı abidəsinin üstündəki soyqırım sözü indi deyil, çoxdan pozulub”
Aqil Ələsgər: “Bu qədər Azərbaycan türkünü orada təsir göstərəcək güc halına gətirə bilməyib, evcik-evcik oynamağa başımız qarışıbsa...”
Millət vəkili Elman Məmmədov "Şərq”ə Türkiyənin Uşak şəhərində Xocalı Soyqırımı abidəsinin üzərindəki "Soyqırım” sözünün "Qətliam” sözü ilə əvəzlənməsindən danışıb. O bildirib ki, yayılan məlumatlarda sözügedən abidənin 2015-ci ildə açıldığı deyilsə də, bu, yanlışdır: "Həmin abidə 2014-cü ilin dekabrında açıldı. Həmin dövrdə Azərbaycanın İstanbuldakı baş konsulu olan Həsən Zeynalovun təşkilatçılığı ilə bir neçə millət vəkili - mən, həmkarım Aqil Abbas və Xocalıdan olan müəyyən adamlar açılış mərasimində iştirak etmişik. Onda abidənin üzərində Xocalı soyqırımı yazılmışdı.
Abidənin yerləşdiyi ərazi çox geniş idi. Abidə açılmazdan bir gün öncə Türkiyə yüksək dairələrindən göstəriş verilmişdi ki, üzərinə qətliam yazılsın, ancaq Uşak şəhərinin odövrkü bələdiyyə sədrinin təşəbbüsü ilə qətliam sözü soyqırım sözü əvəzlənmişdi. Həmin vaxtlar şəhərin bələdiyyə sədri MHP təmsilçisi idi. Biz getdik və çox möhtəşəm bir mərasim təşkil olundu”.
Parlament üzvünün sözlərinə görə, soyqırım sözü indi deyil, çoxdan pozulub: "2015-ci ildə qardaş ölkədə növbəti bələdiyyə seçkisi baş tutdu və hakim AKP-nin nümayəndəsi başqan seçildi. Məhz o, kimlərinsə təhriki ilə soyqırım sözünü silib, qətliam yazdırdı. Əlbəttə, biz də həmin vaxtlar bunun əleyhinə çıxdıq. Bildirdik ki, Xocalıda baş verən qətliam deyil, soyqırımdır. Siz nə üçün çəkinirsiniz bu ifadəni işlətməkdən? Ermənilər özlərinin sizə qarşı törətdikləri soyqırımı çevirib, "erməni soyqırımı” edib, bütün dünyada sizin əleyhinizə kampaniya aparırlar. Bəs ermənilər də Xocalıda tarixi bir soyqırım törədiblər. Bu, tarixi bir həqiqətdir. Siz nədən çəkinirsiniz? Yəqin bu da Türkiyə dövlətinin daxili siyasətidir. Onlar düşünərək soyqırımı qətliamla əvəz ediblər. Amma bir daha deyirəm ki, bu, yaxşı və doğru hal deyil”.
Parlament üzvü onu da əlavə edib ki, türk rəsmiləri soyqırım sözündən çox az istifadə edirlər: "Buna qətliam deyirlər və təbii ki, biz də bunun əleyhinə çıxırıq. Amma hələ ki, bir dayanıqlı mövqeləri yoxdur”.
Jurnalist Aqil Ələsgərli də söyləyib ki, məlum abidə üzərindəki "Soyqırım” sözünün "Qətliam” sözü ilə əvəzlənməsi çox üzücü haldır: "Hətta bəziləri bunu "Türkiyə hökumətinin Azərbaycana xəyanəti” kimi qələmə veriblər. Türkiyə rəsmi dairələri isə bunu erməni vətəndaşlarının şikayəti üzrə etdiklərini bildiriblər. Şübhəsiz ki, qərar yanlışdır. Erməni yalanına qarşı gerçək soyqırım ilə gediş etmək varkən, bu qərardan dönüş bir kərə yanlışdır. Fəqət, ən böyük yanlışı edən bizik. Türkiyədə neçə min erməni yaşayır? Rəsmi olaraq, 76 min. Qeyri-rəsmi də 100 min hesab edək. Hətta bir az comərd davranaq və Həmşinliləri də əlavə edək və deyək ki, Türkiyədə 500 min erməni var. Bu qədər erməninin Türkiyədə mediası, diasporu, cəmiyyətləri, parlamentdə ən az 3 deputatları var. Türkiyədə nə qədər Azərbaycan türkü yaşayır? Heç olmasa, ən az 3-5 milyon arası Azərbaycan türkü yaşayır. Qafqazlardan gedənləri, Axıskalıları, Çərkəzləri filan belə saymıram. Ermənilərdən ən az on dəfə çox olan bizim Türkiyədə nəyimiz var? Bir telekanal aldıq, Şah İsmayılı söydürdük. Doğru-düzgün bir qəzetimizmi var? Bəlkə güclü, öz ayaqları üstündə dayanacaq gücü olan dərnəklərimiz var? Kars xaric, azərbaycanlıların üstünlük təşkil etdiyi hansı şəhərdə bələdiyyə bizdəndir? Nurəddin Arasla Atilla Kayadan başqa millət vəkilimizmi var? Yəni, inciməyin, bu gün Türkiyədə bizim xeyrimizə hansısa addım atılırsa, xalqın bizə sevgisindən qaynaqlanır, bizim hansısa fəaliyyətimizdən deyil. Bu qədər Azərbaycan türkünü orada təsir göstərəcək güc halına gətirə bilməyib, evcik-evcik oynamağa başımız qarışıbsa, dua edək ki, o heykəlin sadəcə adında dəyişiklik ediblər, söküb-dağıtmayıblar”.
Ayyət Əhməd