Bəlkə də yaxın zamanlarda İran Azərbaycana vizaları tamam ləğv etsin

“Çünki bu ölkələrin bir-birinə qarşı heç bir iddiası və düşmənçilik meylləri yoxdur”



İran 58 ölkənin vətəndaşları üçün viza müddətini 30 günədək uzadıb. Məlumata görə, bu ölkələr arasında Azərbaycan da yer alıb. Müvafiq qərar vizanı aeroportdan alan xarici turistlərə aiddir. Həmçinin qeyd olunur ki, xarici turistlər İrana il ərzində bir neçə dəfə səfər edə bilər. Dəyişiklik diplomatik pasportlara malik şəxslərə, biznesmenlərə və jurnalistlərə şamil olunmur.

Məlumat üçün bildirək ki, əvvəllər turistlər İrana 14 günlük viza ala bilirdilərsə, bundan sonra daha 15 gün artıra bilərlər. Həmçinin qeyd olunur ki, xarici turistlər İrana il ərzində bir neçə dəfə səfər edə bilər. Onu da bildirək ki, İrana səfər etmək istəyən ABŞ, Somali, Böyük Britaniya, Kanada, Banqladeş, İordaniya, İraq, Əfqanıstan və Pakistan vətəndaşları aeroportda viza əldə edə bilməzlər. Onlar bunun üçün ölkələrindəki İran konsulluqlarına müraciət etməlidirlər.

Məsələni şərh edən politoloq Tofiq Abbasov "Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycan-İran münasibətləri həmişə enişli-yoxuşlu yollar keçib. Ekspertin sözlərinə görə, hazırda ölkələr arasındakı münasibətlər stabildir: "Buna isə impuls verən beynəlxalq hadisələrdir. Ümumiyyətlə, bir müddət öncə görürdük ki, Tehranla Bakı arasındakı münasibətlərin gərginləşməsində maraqlı olan qüvvələr çox aktivlik nümayiş etdirirdilər. İstəkləri o idi ki, bu ölkələr arasındakı təmaslar zəifləsin. Xarici mətbuat da bu işdə çox böyük canfəşanlıq göstərirdi. Olmayan işləri həqiqət kimi qələmə verirdilər. Lakin hər iki ölkənin rəhbərliyi belə oyunlara getmədi. Qarşıdurma meyllərinə heç bir lüzum görmədilər və nəticədə bölgədə ümumi şəraiti sabitləşdirmək üçün Azərbaycanla İranın dialoqunda ümidverici məqamlar çoxluq təşkil etdi”.

Eskpertin qənaətincə, İranın nüvə proqramına dair problem həllini tapdıqdan sonra dünya bir növ iftira tendensiyasını azaltmağa başladı: "Birincisi, İranın get-gəl sayı artdı. Həsən Ruhaninin siyasi kursu konfranatasiya kursu deyil. O, münasibətlərin sağlam məcrada davam etməsinin tərəfdarıdır.Əsas məsələ ondan ibarətdir ki Azərbaycan xarici qüvvələrə imkan vermədi. Amerika və başqa Avropa ölkələri çox istəyirdilər ki, Azərbaycanla İran arasına nifaq toxumu səpsinlər. Cənubi Azərbaycan məsələsini qabardaraq ölkəmizi qarşıdurmalara təhrik edirdilər. Lakin Azərbaycanın siyasi rəhbərliyi bu işə rəvac vermədi. Əksinə, çox sağlam mövqe tutmaqla əlaqələrin inkişafına maraq göstərdi”.

Vizaların sadələşdirilməsinə gəlincə, müsahibimiz qeyd edib ki, regionda vəziyyətin gərgin olduğu bir vaxtda İranın bu cür addım atması Tehranla Bakı arasındakı qarşılıqlı ehtiramın göstəricisidir: "Bəlkə də yaxın zamanlar da cənub qonşumuz Azərbaycan vətəndaşları üçün vizaları ləğv etsin. Çünki bu ölkələrin bir-birinə qarşı heç bir iddiası və düşmənçilik meylləri yoxdur. Bu ondan xəbər verir ki, münasibətlərdə tam anlaşma baş verərsə, biz birgə çox problemlərin öhdəsindən gələ bilərik. Bir sözlə, vizaların vaxtının uzadılmasını çox müsbət göstərici sayıram . Bununla yanaşı hesab edirəm ki, həllini tapmalı olan bir çox məsələlər də mövcuddur. Yəqin ki, onlar da yaxın zamanda həll oluncaq”.

Ayyət Əhməd