Bəxtiyar Sadıqov “Azərbaycanda”kı məqalə ilə bağlı Mehman Əliyevə cavab verdi
“Azərbaycana dil uzatmazdan əvvəl öz keçmişlərinə, tarixlərinə, bugünkü fəaliyyətlərinə nəzər salsınlar”
"Azərbaycan” qəzetində Almaniyaya həsr olunmuş məqalə dərc edilib. "Almaniya bu gün: hegemon, yoxsa vassal?” başlıqlı iki səhifə həcmində olan məqalədə Azərbaycan-Almaniya münasibətləri ilə yanaşı, tarixə də ekskursiya edilib, Almaniyanın Azərbaycana qarşı atdığı sərt addımların ardıcıllığı öz əksini tapıb.
Qeyd edək ki, rəsmi dövlət qəzetində zaman-zaman Almaniya, eləcə də bəzi Avropa ölkələri barədə tənqidi yazıların yazılması bəzi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Belə ki, "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev "Yeni Müsavat”a açıqlamasında bu yazıların Rusiyaya reverans olduğunu deyib. Onun sözlərinə görə, belə yazılar Avropa ilə Azərbaycan münasibətlərinin olduqca gərgin olduğuna dair Rusiyaya bir işarədir. M.Əliyev hesab edir ki, yazının hədəfi olan Almaniyanın siyasi dairələrində də situasiyanı anlayırlar.
"Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə o fikirdədir ki, "Azərbaycan” qəzeti heç zaman qərbi sifarişlə tənqid etmir. Məqsəd oxucu ictimaiyyətinə Azərbaycana qarşı olan qüvvələri tanıtmaq və dövlətçilik maraqlarına xidmət etməkdir: "Azərbaycanda söz-mətbuat azadlığı var. Hər bir mətbuat orqanı, nədən, necə yazacağını özü müəyyənləşdirir. Rəsmi dövlət qəzeti olan "Azərbaycan” üçün əsas prinsip Azərbaycan xalqının və dövlətinin maraqlarıdır. O yerdə ki, Azərbaycanın ictimai və dövlət maraqlarına qarşı qəsd edilir, Azərbaycan hökumətinin fəaliyyətinə qərəzli yanaşılır, şər atıb, qarayaxma kampaniyası ilə görülən işləri gözdən salmağa çalışır, o zaman "Azərbaycan” qəzeti öz reaksiyasını bildirir. Burada söhbət hansısa ölkəyə, yaxud da konkret şəxsə reveransdan getmir. Azərbaycan çox önəmli siyasət yeridir. Dünyaya inteqrasiya, idmanın inkişafı, ölkə iqtisadiyyatının yüksəlişi ilə bağlı əhəmiyyətli məsələlərə yer ayırır. Birinci Avropa Oyunları kimi məsuliyyətli bir beynəlxalq tədbiri öz üzərinə götürüb, dünya idmanına böyük töhfə verir. Bütün bunlar ancaq təqdir olunmalı addımlardır. İdman sülhə, dostluğa, əməkdaşlığa xidmət edən bir sahədir. Biz də bir jurnalist və vətəndaş olaraq, Azərbaycanın yeritdiyi bu siyasəti, bəşəriyyətə verdiyi töhfələri qısqanclıqla qəbul edib, Azərbaycanı təsir altında saxlamaq istəyən dövlətlərlə bağlı material verməyi özümüzə borc bilirik. Atalarımız yaxşı deyib: "Öz gözündə tiri görmür, özgə gözündə tük axtarır”. Bizim gördüyümüz işlər göz qabağındadır. Bəs siz nə iş görürsünüz? Azərbaycana dil uzatmazdan əvvəl öz keçmişlərinə, tarixlərinə, bugünkü fəaliyyətlərinə nəzər salsınlar. Hansı mənəvi haqla Azərbaycanın fəaliyyətinə qiymət verirlər? Azərbaycanın uğurlarını gözləri götürmür deyə, əsassız olaraq, meyar funksiyasını yerinə yetirirlər. "Azərbaycan” qəzeti isə heç kəsdən "komanda” gözləmədən öz mövqeyini ortaya qoyur. Və bunu digər həmkarlarımızdan da gözləyirik. Müxalifət olanda nə olar? Azərbaycan xalqının, dövlətinin milli maraqları müzakirə obyektinə çevrilən zaman iqtidar-müxalifət yanaşması qəbuledilməzdir. Ortada azərbaycanlı mövqeyi sərgilənməlidir. Yaxşı olar ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına qarşı "Azərbaycan” qəzeti ilə yanaşı, müxalifət, müstəqil qəzetlər də öz mövqelərini sərgiləsinlər. Bizim ölkəmizə qarşı olan qüvvələr haqqında verdiyimiz yazıların arxasında bir əmma axtarmağa ehtiyac yoxdur. Biz nəyi necə verdiyimizi özümüz hamıdan yaxşı bilirik”.
Şəymən