“Yaxın günlərdə tərəflərin münasibəti savaş meydanında daha da kəskinləşəcək”
ABŞ Prezidenti Barak Obama Bəşər Əsədin hakimiyyətdən getməsi üçün müxalifəti dəstəklədiyini bildirib. Qətər əmiri Şeyx Tamimlə görüşündən sonra mətbuata açıqlama verən Obama Suriyada hökumətə qarşı vuruşan qüvvələrin yanında olacağını bildirib: "Bəşər Əsəd iqtidardan getməyincə, Suriyada sabitliyi qorumaq mümkün olmayacaq”. Bundan əlavə, "İŞİD-i məğlub etməkdə qərarlıyıq. Biz İraqda sünni, şiə, kürd olmağından asılı olmayaraq, bütün insanların birlikdə, sülh içində yaşamasını istəyirik” deyib. Xatırladaq ki, "Böyük İyirmilər”in Antalya görüşündən, xüsusən də Barak Obama və Rusiya Prezidenti Vladimir Putinin qısamüddətli söhbətindən sonra Suriya məsələsində razılaşma əldə olunacağına ümid yaranmışdı.
Amma həm Obamanın, həm də Putinin görüş sonrası verdiyi açıqlamalar göstərdi ki, liderlər əvvəlki mövqelərində qalırlar.
Məsələni "Şərq”ə şərh edən politoloq Sülhəddin Əkbər deyib ki, Əsəd məsələsi simvolik xarakter daşıyır. Əsas amil Suriyaya nəzarət etməkdir: "Bəşər Əsədin getməsi Rusiya və İranı narahat edir. Ona görə ki, Əsədin tərəfdarları, yəni nusayrilər Suriyada azlıq təşkil edirlər. Əgər ölkədə demokratik seçki keçirilərsə, nəinki təkcə Əsəd, ümumiyyətlə, şiə məzhəbli nusayrilər də hakimiyyəti itirəcək. Bu da Rusiyanın bölgədə təsir gücünün itirilməsi deməkdir. Məhz bu səbəbdən Rusiya və İran nusayrilərin qalmasında dirəniş göstərirlər. Təbii olaraq Əsəd rejimi də bunda maraqlıdır”. Politoloq bildirib ki, bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının təşəbbüsü ilə Suriyada qüvvələr arasında atəşkəsin imzalanması, eyni zamanda 6 ay ərzində müvəqqəti hakimiyyətin qurulması və 18 ay ərzində növbəti seçkinin keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Amma daha sonra məlum oldu ki, əsas problem olan Əsədlə bağlı tərəflər arasında heç bir anlaşma mümkün olmayıb: "Əsəd məsələsində razılıq olmayana qədər siyasi anlaşma əldə etmək çətindir. G-20 Sammitində də müzakirələr bu kontekstdə aparılıb və heç bir nəticə olmayıb. Çünki bir tərəf, yəni Qərb dövlətləri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr Əsədin getməsində israrlıdır. Digər tərəf Rusiya və İran isə Əsədin qalmasında dirəniş göstərirlər. Bu baxımdan hesab edirəm ki, yaxın günlərdə tərəflərin münasibəti savaş meydanında daha da kəskinləşəcək”.
İsmayıl