Bəyənildi: Daha heç kim plastik kartsız nə siqaret alacaq, nə də spirtli içki

Spirtli içkilərin və siqaretin nağd pulla satışı ilə bağlı qanunda dəyişiklik olunub. Dəyişikliyə görə, Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışı qadağan ediləcək. Bundan sonra mağazaya araq - pivə almağa gedənlər özləri ilə plastik kart aparmalı olacaqlar. Qanunda edilən dəyişikliklərə əməl etməyənlər cərimə ödəyib, hətta cinayət məsuliyyətinə cəlb olunacaqlar.
İçkilərin və siqaretlərin nağd pulla satışına edilən qadağaya münasibət bildirən Milli Məclisin deputatları və ekspertlər də dəyişikliklərin tərəfdarıdır.
Xanım millət vəkili Məlahət İbrahimqızının qənaətincə, bu, təmiz cəmiyyətin, xüsusilə də sağlam gəncliyin formalaşması üçün müsbət bir dəyişiklikdir: "Rusiyada və Türkiyədə qanunvericilikdə spirtli içkilərin satışı ilə bağlı çox ciddi və sərt dəyişikliklər əlavə olunub. Həqiqətən də bəzən 14-15 yaşlı uşaqlara pul verilir ki, gedib siqaret və ya spirtli içki alsınlar. Bu cür faktlar mövcuddur. Bu səbəbdən gəncliyimizi mənəvi cəhətdən və fiziki baxımdan sağlam böyütmək istəyiriksə, qanunvericilikdə boş qalan yerləri doldurmalıyıq. Qanunvericiliyimizi möhkəmləndirməliyik. Belə bir dəyişikliyin edilməsi pis bir şeyə gətirib çıxarmayacaq. Əksinə, bu çox gözəl dəyişiklikdir. Mən bunu dəstəkləyirəm. Hesab edirəm ki, bu yalnız müsbətə doğru proqressiv bir addımdır. Əgər məsələ ilə bağlı cərimələr tətbiq olunursa, onu verməmək mümkün deyil. Cərimə cəza üçün verilir. Cərimə də verilməyəndə həmin şəxs öz cəzasını bir az da ağırlaşdıracaq. O, başqa qanunlarla mühakimə olunacaq”.
Millət vəkili Fazil Mustafa da belə bir dəyişikliyin edilməsinin insanların sağlamlığının qorunmasına əsaslanan bir addım olduğunu deyib: "Bu, normal bir şeydir. Ümumiyyətlə, bütün spirtli içkilərin satışının məhdudlaşdırılması cəmiyyətdə müəyyən dərəcədə narkomaniyanın qarşısını alan əsas amillərdən biridir. Həmçinin bu dəyişiklik insan sağlamlığı üçün də atılan zəruri addımlardır. Hesab edirəm ki, cərimə olmayanda insanlar deyilənlərə əməl etmirlər. Müəyyən qadağalar və sanksiyalar olmasa, insanlar elə bilirlər ki, əslində hər şey pul qazanmaqla yekunlaşır. Amma hər şeydən öncə insanın sağlamlığıdır. Buna diqqət etmək lazımdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da prinsip etibarı ilə dəyişiklikləri müsbət qiymətləndirib: "Bu dəyişiklikləri alkoqollu içkilər və siqaretlərdən istifadənin məhdudlaşdırılmasına yönəlik bir addım kimi də qiymətləndirmək olar. Eyni zamanda, dövlətin strateji məqsədlərindən biri də alış-veriş zamanı əhalinin plastik kartlara keçməsi və nəğd ödənişlərdən imtinadır. Hər iki halda İnzibati Xətalar Məcəlləsinə edilən sözügedən dəyişiklikləri vacib hal kimi dəyərləndirirəm. Amma bu addımlar kafi deyil”.
E.Hüseynovun sözlərinə görə, spirtli içkilərin və siqaretin yalnız topdansatış yox, pərakəndə satışı zamanı da nəğdsiz ödəniş həyata keçirilməlidir: "Bu dəyişikliklərin müsbət tərəfləri çoxdur. Amma bəzi çatışmazlıqlar da aradan qaldırılarsa, daha effektiv olacağına inanıram. Çox təəssüflər olsun ki, Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun qəbul olunmasına, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının tütün əleyhinə təchizat koversiyasına qoşulmasına rəğmən dünyanın az sayda ölkələrindən biridir ki, siqaret dənə ilə satılır. Mağazalarda insanları ilk qarşılayan şey siqaret qutuları olur. Hazırda bizim təşkilat siqaretlərin üstünün örtülməsi istiqamətində iş aparır ki, Rusiya variantına keçirilsin. Onu da deyim ki, sözügedən dəyişikliklərin pərakəndə satışa aid edilməməsinin istehlakçıların spirtli içki və tütündən istifadəsinin məhdudlaşdırılmasına təsiri zəif olacaq. Belə olan halda dəyişikliklər vergi qanunvericiliyi və kontrabanda əməliyyatların qarşısının alınması üçün daha sərfəli olacaq. Amma mən istərdim ki, nəğdsiz ödəniş araq və siqaretin hər növ satışına aid edilsin”.
Şəymən