"Beynəlxalq Bank Azərbaycanın xarici borclarını artırdı" - AÇIQLAMA

"Maliyyə naziri Samir Şərifovun xarici borcumuzu artıran amillərlə bağlı göstərdiyi səbəblərlə razıyam”
Bunu "Sherg.az”a iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, maliyyə nazirinin söylədiyi xarici borcları artran üç səbəb tamamilə doğrudur:
"2016-cı ildə manat tədavül vasitəsi olaraq ucuzlaşdı. Manatın məzənnəsində sabitlik yalnız 2017-ci ildən bərpa edildi. Manatın devalvasiyaya uğraması bizim xarici valyutada götürdüyümüz borcu Ümumi Daxili Məhsul (ÜDM) qarşısında arzuolunmaz vəziyyətə saldı. Yəni maliyyə nazirinin qeyd etdiyi kimi, ÜDM milli pul vahidimiz olan manatla ifadə olunur. 
Amma xarici borc xarici valyuta ilə ifadə olunduğu üçün manatın dəyərdən düşməsi ÜDM-nin dollar ifadəsində azalmasına, xarici borcun isə dollar ifadəsində yüksəlməsinə gətirib çıxardı. Yəni xarici dövlət borcumuzun artmasının birinci səbəbi maliyyə nazirinin dediyi amillərdir. 
Xarici borcu artıran ikinci səbəbi isə bank sektorundakı vəziyyətlə əlaqədar yaranan problemlərdir. Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı baş verən proseslərin hamısı yaxın keçmişdə baş verən hadisələrdir. ABB-nin arxasında dövlət durmasaydı həmin bank tamamilə müflis olacaqdı. Beynəlxalq bank Azərbaycanın bank sektorunun ən aparıcı bankı idi. 
Bütün ölkənin xarici, daxili əlaqələri bu bank vasitəsi ilə həyata keçirilirdi. Beynəlxalq bankın bu vəziyyətə düşməsi xarici maliyyə qurumları önündə Azərbaycanın bir dövlət kimi maliyyə, maddi imicinə böyük ziyan gətirə bilərdi. O cümlədən Azərbaycan bank sektorunun xarici maliyyə qurumları qarşısında qazandığı inamı zəiflədə və ya azalda bilərdi. 
Hökumət bütün bunları hesablayaraq ABB-nin arxasında durmağa məcbur oldu. Onun külli miqdarda borclarına sahib çıxdı. Bunan başqa alternativ yol yox idi. Bu isə Azərbaycanın xarici borclarının  məbləğini artırdı. Üçüncü səbəb isə "Cənub Qaz Dəhlizi” lahiyəsi ilə bağlıdır. Bu lahiyənin reallaşdırılması, layihə fikirinin ortaya atılması Azərbaycan dövlətinin təşəbbüsü idi. Azərbaycan bu layihəni maliyyələşdirən aparıcı ölkələrdən biridir. Lahiyənin maliyyələşməsi ABŞ dolları ilə həyata keçirildi. Bunun da çox hissəsi Azərbaycanın üzərinə düşdü. Bu da dövlətimizin xarici borcunu artıran səbəblərdən biridir”.
Qeyd edək ki, maliyyə naziri Samir Şərifov Azərbaycanın xarici borclarının artma səbəblərini 3 amillə izah edib:
"Bunlar devalvasiya ilə bağlı xarici borcun ÜDM-ə nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və "Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı verilən dövlət zəmanətidir”. 
Kənan Eynuroğlu